Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-76/2025 23.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, “X2 kompleksi” məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı 11 mart 2021-ci il tarixli, 284 saylı «2021-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair” müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 28713,09 manat, cərimə qismində 5742,61 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 193,37 manat, cəmi 34649,07 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: “X2 kompleksi” məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 mart 2021-ci il tarixli, 284 saylı «2021-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair” müqavilə üzrə ödənilməmiş əsas borc qismində 28713,09 manat, cərimə qismində 5742,61 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 193,37 manat, cəmi 34649,07 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X2 Kompleksi” MMC iddia tələbini əsaslandıraraq ərizəsində göstərmişdir ki, tədarükçü qismində “X2 Kompleksi” MMC-nin "X1 və Emalı Zavodu” filialı və fermer (cavabdeh) Cavabdeh arasında bağlanmış 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 284 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 39575,06 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Beləliklə, cavabdeh tərəfindən 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 284 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam şəkildə ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 28713,09 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 5742,61 manat təşkil edir. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyinin yerinə yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən məsələnin məhkəmədən kənar həllinə hec bir təşəbbüs göstərilməmişdir. Beləliklə cavabdeh, müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır. Sonda, iddiaçı 11 mart 2021-ci il tarixli, 284 saylı müqavilə üzrə ödənilməmiş əsas borc qismində 28713,09 manat, cərimə qismində 5742,61 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 193,37 manat, cəmi 34649,07 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiçının nümayəndəsi «Elektron Məhkəmə» informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəbin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «2021-ci il mövsümü üzrə xam pambığın alqısatqısına dair” 11 mart 2021-ci il tarixli, 284 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh 40 hektar torpaq sahəsində pambıq əkməyi, həmin torpaq sahəsində hər hektardan 30 sentnerdən az olmamaqla istehsal etməyi, istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və 23 avqust 2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş «Xam pambığın yığılması və tədarükü üzrə təlimat»ın tələblərinə əsasən Azərbaycan Bitki Mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitunun tərəfindən hazırlanmış və “X2 kompleksi” məhdud məsuliyyətli cəmiyyətinin Biləsuvar filialında saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə, müqavilədə qeyd olunmuş - İ növ pambığn 1 tonu 650 manat, İİ növ pambığın 1 tonu 630 manat, İİİ növ pambığın 1 tonu 590 manat və İV növ pambığın 1 tonu 550 manat - qiymətlərlə “X2 kompleksi” məhdud məsuliyyətli cəmiyyətinin mülkiyyətinə təhvil verməyi öhdəsinə götürmüşdür. İşdə olan 11 mart 2021-ci il tarixli, 284 saylı müqavilə üzrə 01 sentyabr 2022-ci il tarixli üzləşmə aktının və ona əlavə edilmiş maliyyə arayışının surətindən görünür ki, “X2 kompleksi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh ümumlikdə 28713,09 manat məbləğində avans verilmiş, cavabdeh tərəfindən “X2 kompleksi” məhdud məsuliyyətli cəmiyyətinə pambıq təhvil verilmişdir. Cavabdeh “X2 kompleksi” məhdud məsuliyyətli cəmiyyətinə cəmi 28713,09 manat məbləğində borcu qalmışdır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh “X2 kompleksi” məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı 11 mart 2021-ci il tarixli, 284 saylı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə həmin müqavilənin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 28713,09 manat məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə müqavilə üzrə aparılmış ödənişlərin məbləğini nəzərə alaraq, 5742,61 manat təşkil edən cərimə məbləğinin 500 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 11 mart 2021-ci il tarixli, 284 saylı müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə əsas borc qismində 28713,09 manat, cərimə qismində 500 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun xərclənmiş pul vəsaitinin 20 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 173,37 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “X2 kompleksi” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 11 mart 2021-ci il tarixli, 284 saylı «2021-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair” müqavilə üzrə ödənilməmiş əsas borc qismində 28713,09 (iyirmi səkkiz min yeddi yüz on üç manat doqquz qəpik) manat, cərimə qismində 500 (beş yüz) manat, habelə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 173,37 (bir yüz yetmiş üç manat otuz yeddi qəpik) manat olmaqla, cəmi 29386,46 (iyirmi doqquz min üç yüz səksən altı manat qırx altı) manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-76/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-76/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver