Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-956/2025 18.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 342 (üç yüz qırx iki) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 372 (üç yüz yetmiş iki) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nə ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC-dən xx.xx.2019-cu il tarixli, CLK5696982 saylı borc müqaviləsinə əsasən 10 ay müddətinə ümumi dəyəri 386 (üç yüz səksən altı) manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 342 (üç yüz qırx iki) manat əsas borcu qalıb. Bundan sonra cavabdeh ödənişləri etməmiş, buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilmədiklərini, iddianı müdafiə etdiklərini, iş üzrə hər hansı əlavə sübut və vəsatətlərinin olmadığını bildirərək, iddia ərizəsinə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək göstərmişdir ki, İddiaçı MMC-dən xx.xx.2019-cu il tarixli, CLK5696982 saylı borc müqaviləsinə əsasən 10 ay müddətinə ümumi dəyəri 386 (üç yüz səksən altı) manat olan məişət avadanlığı əldə etmişdir. İddiaçı iddia ərizəsini iddia müddətini ötürməklə verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia müddətini ötürməklə ona (cavabdehə) qarşı əsassız iddia qaldırmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia, iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli, CLK5696982 saylı borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 10 ay müddətinə ödənilmək şərtilə ümumi dəyəri 386 (üç yüz səksən altı) manat olan məişət avadanlığı əldə etmişdir. Məhkəmə mübahisəyə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldırmaqla əlaqədar subyektiv hüquqa malik olmuşdur. Lakin iddiaçı qanunvericiliklə bu növ tələblər üçün nəzərdə tutulmuş 3 (üç) illik iddia müddətini ötürmüşdür. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli, CLK5696982 saylı borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 10 ay müddətinə, yəni 20 avqust 2020-ci il tarixədək ümumi dəyəri 386 (üç yüz səksən altı) manat olan məişət avadanlığı əldə etmişdir. Yəni, cavabdehin öhdəliyinin icra müddəti xx.xx.2020-ci il müəyyən edilmişdir. Hal-hazırda həmin tarixdən dörd ildən artıq müddət keçmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir, lakin iddiaçı məhəməyə ərizə göndərərək hər hansı əlavə sübut və ya vəsatətlərinin olmadığını bildirmidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında iddia müddətinin mahiyyəti və əhəmiyyətinə münasibətdə bildirmişdir ki, iddia müddətinin əhəmiyyəti yüksək və vacib olmaqla hüquq münasibətlərinin iştirakçılarını intizamlandırmaqdan, onları öz hüquqlarını müdafiə etməyə məcbur etməkdən, müqavilə və maliyyə intizamının nizamlanmasna kömək etməkdən, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərməkdən, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaqdan ibarətdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-956/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-956/2025
18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver