Məhkəmə qərarları › İş №e-2(074)-1136/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1136/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1136/2023 31.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə ərizəsinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG LED TV üçün 812,69 manat ödənilməmiş hissə, güzəşt olunaraq 81,31 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, LG A24CMH.NGGFB markalı kondisioner üçün 220 manat ödənilməmiş hissə, güzəşt olunaraq 22 manat cərimə olmaqla, ümumilikdə 1136 manat borcun və 31,36 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən, SAMSUNG LED TV, LG A24CMH.NGGFB markalı kondisioner almış və nəticədə 1136 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2569,2 (iki min beş yüz altmış doqquz manat, iyirm i qəpik) manat (18 ay x 119,4 manat + 420 manat ilkin ödəniş) SAMSUNG LED TV üçün ümumilikdə 894 (səkkiz yüz doxsan dörd) manat olmaqla ondan, 812,69 (səkkiz yüz on iki manat, altmış doqquz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 81,31 (səksən bir manat, otuz bir qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3108 (üç min yüz səkkiz manat) manat (12 ay x 250 manat + 108 manat ilkin ödəniş) LG A24CMH.NGGFB markalı kondisionerü çün ümumilikdə, 242 ( iki yüz qırx iki) manat olmaqla ondan, 220 (iki yüz iyirmi) manat ödənilməmiş hissə, güzəşt olunaraq 22 (iyirmi iki) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4644,51 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021ci il tarixli müqavilələrinə əsasən, SAMSUNG LED TV və LG A24CMH.NGGFB markalı kondisioner almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG LED TV üçün 812,69 manat ödənilməmiş hissə, güzəşt olunaraq 81,31 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, LG A24CMH.NGGFB markalı kondisioner üçün 220 manat ödənilməmiş hissə, güzəşt olunaraq 22 manat cərimə olmaqla, ümumilikdə 1136 manat borcu yaranmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən, SAMSUNG LED TV və LG A24CMH.NGGFB markalı kondisioner almışdır. Kredit öhdəliklərinə əməl olunmadığından, cavadbehin xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG LED TV üçün 812,69 manat ödənilməmiş hissə, güzəşt olunaraq 81,31 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, LG A24CMH.NGGFB markalı kondisioner üçün 220 manat ödənilməmiş hissə, güzəşt olunaraq 22 manat cərimə olmaqla, ümumilikdə 1136 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG LED TV üçün 812,69 manat ödənilməmiş hissə, 81,31 manat cərimə və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, LG A24CMH.NGGFB markalı kondisioner üçün 220 manat ödənilməmiş hissə, 22 manat cərimə olmaqla, ümumilikdə 1136 manat borc və 31,36 manat ödənilmiş dövlət rüsumu alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG LED TV üçün 812,69 manat ödənilməmiş hissə, 81,31 manat cərimə və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, LG A24CMH.NGGFB markalı kondisioner üçün 220 manat ödənilməmiş hissə, 22 manat cərimə olmaqla, ümumilikdə 1136 (bir min bir yüz otuz altı) manat borc və 31,36 (otuz bir manat otuz altı qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar