Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1258/2025 08.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X2 3 qol saatı, X3 5 Pro qulaqlıq üçün, 223,38 manat ödənilməmiş hissə, 22,34 manat cərimə, ümumilikdə 245,72 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04077851 saylı müqaviləyə əsasən, Cavabdeh X2 3 markalı qol saatı, X3 5 Pro markalı qulaqlıq almış və nəticədə alqı-satqı qiyməti 349,01 manat təşkil etmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə X2 3 markalı qol saatı, X3 5 Pro markalı qulaqlıq üçün ümumilikdə, 245,72 manat olmaqla, ondan 223,38 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22,34 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 125,64 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04077851 nömrəli müqaviləyə əsasən cavabdeh X2 3 markalı qol saatı, X3 5 Pro markalı qulaqlıq almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh X2 3 markalı qol saatı, X3 5 markalı Pro qulaqlığı təhvil almışdır. İş materiallarından əlavə edilmiş xx.xx.2024-cü il tarixli Əlavəyə əsasən Cavabdeh ümumi dəyəri 349 (üç yüz qırx doqquz) manat 01 (bir) qəpik, (X2 3 markalı qol saatı – 149,94 manat; X3 5 Pro markalı qulaqlıq – 190,08; smart saatın quraşdırılması – 8,99 manat) olan müqavilə üzrə 18 ay müddətinə ayda 19 (on doqquz) manat 39 (otuz doqquz) qəpik ödəniş etmək öhdəliyi götürmüşdür. İş materiallarından əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 04077851 nömrəli müqavilə üzrə üzərinə düşən öhdəliyi qismən icra etmiş, ümumilikdə 125 (bir yüz iyirmi beş) manat 64 (altmış dörd) qəpik ödəniş etməklə 223 (iki yüz iyirmi üç) manat 38 (otuz səkkiz) qəpik əsas, 22 (iyirmi iki) manat 34 (otuz dörd) qəpik cərimə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli, 04077851 nömrəli müqavilənin 3.11-ci bəndinə əsasən üzərinə düşən öhdəlikləri lazımınca icra etməməsi səbəbə ilə alınmış malları saz və korlanmamış vəziyyətdə geri qaytarılması, bu mümkün olmadıqda malın dəyərinin tam şəkildə ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 74711941 nömrəli qəbzlə müəyyən olunur ki, iddiaçı "xxxx" MMC tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, poçt xidməti vasitəsilə cavabdehin ünvanına göndərilmiş içərisində məhkəmə bildirişi olan zərf şəxsin həmin ünvanda yaşamaması əsası ilə cavabdehə çatdırılması mümkün olmadığından geri qaytarılmışdır. Məhkəmə, iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. Həmin Məcəllənini 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni zamanda, qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli Əlavənin 2-ci bəndində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % -dək həcmində mübahisəsiz olaraq penya ödəyir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Cavabdehin üzərinə düşən öhdəliyi lazımınca icra etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, 04077851 nömrəli müqaviləyə əsasən, 223 (iki yüz iyirmi üç) manat 38 (otuz səkkiz) qəpik əsas, 22 (iyirmi iki) manat 34 (otuz dörd) qəpik cərimə borcu olmaqla, ümumilikdə 245 (iki yüz qırx beş) manat 72 (yetmiş iki) qəpik pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 04077851 nömrəli müqaviləyə əsasən 223 (iki yüz iyirmi üç) manat 38 (otuz səkkiz) qəpik əsas, 22 (iyirmi iki) manat 34 (otuz dörd) qəpik cərimə borcu olmaqla, ümumilikdə 245 (iki yüz qırx beş) manat 72 (yetmiş iki) qəpik pul və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 30 (otuz) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №e-2(074)-1258/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1258/2025
08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver