Məhkəmə qərarları › İş №e-2(074)-1262/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1262/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1262/2025 08.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, imei kodu olan **********93777 Oppo Reno 12 F markalı telefon üçün 650,04 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 65 manat cərimə olmaqla, ümumilikdə 738,64 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, imei kodu **********93777 olan Oppo Reno 12 F markalı telefon almış və nəticədə alqı-satqı qiyməti 725,04 manat təşkil etmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə imei kodu olan **********93777 Oppo Reno 12 F markalı telefon üçün ümumilikdə, 738,64 manat olmaqla, ondan 650,04 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsum, müştəriyə güzəşt olunaraq 65 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 75 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilədən görünür ki, hazırki müqavilə qüvvədə olduğu müddət ərzində müştəri "xxxx" MMC-dən malları və xidmətləri sifariş verir, "xxxx" MMC həmin malları müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrlə müqavilədə göstərilən şərtlə müştəriyə təqdim edir, müştəri isə həmin malların dəyərini razılaşdırılmış qaydada "xxxx" MMC-yə ödəyir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 09536629 nömrəli faktura əsasən Cavabdeh "xxxx" MMC-dən ümumi dəyəri 659 (altı yüz əlli doqquz) manat 99 (doxsan doqquz) qəpik olan (imei kodu **********93777) Oppo Reno 12 F markalı telefonla bağlı sifarişi hissəvi ödənişlərlə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildiriş və təhvil-təslim aktına əsasən Cavabdeh imei kodu **********93777 olan Oppo Reno 12 F markalı telefonu təhvil almışdır. İş materiallarından əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixli faktura üzrə üzərinə düşən öhdəliyi qismən icra etmiş, ümumilikdə 75 (yetmiş beş) manat ödəniş etməklə 650 (altı yüz əlli) manat 04 (dörd) qəpik əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 (iyirmi üç) manat 60 (altmış) qəpik və 65 (altmış beş) manat cərimə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdalıq məktubundan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri lazımınca icra etməməsi səbəbə ilə alınmış malları saz və korlanmamış vəziyyətdə geri qaytarılması, bu mümkün olmadıqda malın dəyərinin tam şəkildə ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən iddiaçı "xxxx" MMC-nin cihazların İmei kodlarla əlaqədar sifariş olunmuş xidmətlər üzrə İnnovativ Layihələr Mərkəzinə 75492 (yetmiş beş min dörd yüz doxsan iki) manat 27 (iyirmi yeddi) qəpik borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 74730647 nömrəli qəbzlə müəyyən olunur ki, iddiaçı "xxxx" MMC tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Poçt xidməti vasitəsilə cavabdehin ünvanına göndərilmiş içərisində məhkəmə bildirişi olan zərf xx.xx.2025-ci il tarixdə Cavabdeh rəsmi qaydada çatdırılmışdır. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. Həmin Məcəllənini 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni zamanda, qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli Əlavənin 2-ci bəndində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % -dək həcmində mübahisəsiz olaraq penya ödəyir. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 3.5-ci bəndinin tələbinə əsasən alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 % -dək həcmində mübahisəsiz olaraq penya ödəyir. Həmin müqavilənin 4.1-ci bəndinin tələbinə əsasən müştəri müqavilənin şərtlərini pozduğu halda, malı ABC-nin tələbi ilə geri qaytarır. Həmin müqavilənin 4.5-ci bəndinin tələbinə əsasən müqavilənin 4.4 və 4.14-cü bəndlərinin icrası ilə əlaqədar ABC müştəridən əlavə ödənişlər tələb edə bilər. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Cavabdehin üzərinə düşən öhdəliyi lazımınca icra etməməsini və tərəflər arasında imzalanmış müqavilənin 3.5-ci bəndinin tələbinə əsasən malın geri qaytarılmasının təmin edilməməsini, müqavilənin 4.5-ci bəndinə əsasən 4.4 və 4.14-cü bəndlərin icrası ilə əlaqədar edilmiş əlavə ödənişləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun və əlavə ödənişlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və digər icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 65 (altmış beş) manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 33 (otuz üç) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqaviləyə və xx.xx.2024-cü il tarixli, 09536629 nömrəli fakturaya əsasən, 650 (altı yüz əlli) manat 04 (dörd) qəpik əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 (iyirmi üç) manat 60 (altmış) qəpik və 33 (otuz üç) manat cərimə borcu olmaq, ümumilikdə 706 (yeddi yüz altı) manat 60 (altmış) qəpik pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütanasib olaraq 28 (iyirmi səkkiz) manat 70 (yetmiş) qəpik hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqaviləyə və xx.xx.2024-cü il tarixli, 09536629 nömrəli fakturaya əsasən 650 (altı yüz əlli) manat 04 (dörd) qəpik əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 (iyirmi üç) manat 60 (altmış) qəpik və 33 (otuz üç) manat cərimə borcu olmaq, ümumilikdə 706 (yeddi yüz altı) manat 64 (altmış dörd) qəpik və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 28 (iyirmi səkkiz) manat 70 (yetmiş) qəpik pul tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar