Məhkəmə qərarları › İş №e-2(074)-1285/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1285/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1285/2023 19.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6.859,50 manat əsas, əsas məbləğə hesablanmış 857.43 manat faiz (illik 5% olmaqla, iki il dörd ay üzrə) və ödənilmiş 100 manat dövlət rüsumu olmaqla, cəmi 7816.93 manat məbləğində borcun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filtirlər, şüşə təmizləyici mayelər, təkərlər, akkumlyatorlar və digər malların (bundan sonra mal və ya mallar) alqı-satqısına dair müqavilə bağlanmışdır. Belə ki, cavabdeh bu müqavilə əsasında davamlı olaraq ayrı-ayrı vaxtlarda iddiaçıdan xeyli miqdarda mal satın almışdır. Tərəflər arasında bağlanmış müqavilə üzrə aparılan mal dövriyyəsi üzrə qarşılıqlı üzləşdirmələr aparılmış və yekun olaraq “Öhdəliklərin qarşılıqlı üzləşdirilməsi”nə dair xx.xx.2021-ci il tarixli akt tərtib edilmiş və akta əsasən, satın alınan mallara görə cavabdehin iddiaçı qarşısında ümumilikdə 8.356 manat borcu yaranmışdır. Cavabdeh yaranmış borcdan müəyyən ödəniş etmiş və hazırda cavabdehin iddiaçıya 6.859,50 manat borcu qalmaqda davam edir. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə istər şifahi, istərsə də yazılı müraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə olmamışdır. Göstərilənlərlə bağlı ilkin olaraq iddiaçı pul tələbi ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş, lakin sözügedən məhkəmə cavabdehin VÖEN-i olmadığından işin ümumi məhkəməyə aid olması səbəbi ilə iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı müraciətində, işə onların iştirakı olmadan baxılaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filtirlər, şüşə təmizləyici mayelər, təkərlər, akkumlyatorlar və digər malların alqı-satqısına dair müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilə üzrə aparılan mal dövriyyəsi üzrə qarşılıqlı üzləşdirmələr aparılmış və yekun olaraq “Öhdəliklərin qarşılıqlı üzləşdirilməsi”nə dair xx.xx.2021-ci il tarixli akt tərtib edilmiş və akta əsasən, satın alınan mallara görə cavabdehin iddiaçı qarşısında ümumilikdə 8.356 manat borcu yaranmışdır. İş materiallarından görünür ki, Cavabdeh 8.356 manat borcundan müəyyən məbləğdə ödəniş etmiş və hazırda onun İddiaçı MMC-yə 6.859,50 manat əsas və 857.43 (illik 5% olmaqla, iki il dörd ay üzrə) manat faiz borcu yaranmışdır. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh yaranmış borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında müəyyən malların alqı-satqısına dair müqavilə bağlanmışdır. Cavabdeh bu müqavilə əsasında, davamlı olaraq, ayrı-ayrı vaxtlarda iddiaçıdan xeyli miqdarda mal satın almışdır. Tərəflər arasında bağlanmış müqavilə üzrə aparılan mal dövriyyəsi üzrə qarşılıqlı üzləşdirmələr aparılmış və yekun olaraq “Öhdəliklərin qarşılıqlı üzləşdirilməsi”nə dair xx.xx.2021-ci il tarixli akt tərtib edilmiş və akta əsasən, satın alınan mallara görə cavabdehin iddiaçı qarşısında ümumilikdə 8.356 manat borcu yaranmışdır. Cavabdeh yaranmış borcdan müəyyən ödəniş etmiş və hazırda cavabdehin iddiaçıya 6.859,50 manat borcu qalmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 6.859,50 manat əsas, əsas məbləğə hesablanmış 857.43 manat faiz (illik 5% olmaqla iki il dörd ay üzrə) və ödənilmiş 100 manat dövlət rüsumu olmaqla, cəmi 7816.93 manat borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 6.859,50 manat əsas, əsas məbləğə hesablanmış 857.43 manat faiz (illik 5% olmaqla, iki il dörd ay üzrə) və ödənilmiş 100 manat dövlət rüsumu olmaqla, cəmi 7816.93 (yeddi min səkkiz yüz on altı manat doxsan üç qəpik) manat borc tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar