Məhkəmə qərarları › İş №e-2(074)-1349/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1349/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1349/2025 25.09.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim Abasov Qürur Bəybala oğlunun sədrliyi, Gözəlova Gülcənnət İlkin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə” dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 4870 manat məbləğində pul vəsaitinin və ödənilmiş 69 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 16:30 radələrində Bakı şəhəri, Bakı-Mərdəkan şossesi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi və "xxxx" ASC tərəfindən sığortalanmış “Mersedes-Benz E260” markalı, “**- MX-***” dövlət qeydiyyat nişanlı avtomobil, “Toyota Prius” markalı, “**-FA-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya 3370 manat maddi ziyan dəymişdir. X3 və X1 hər birinə 750 manat ziyan dəymişdir. DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş İXP4636021 nömrəli İnzibati xəta haqqında protokola əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələrində (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA109468/22 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 4870 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Daha sonra, iddiaçı "xxxx" ASC tərəfindən ərizə ilə məhkəmə müraciət olunmuş və həmin ərizədə qeyd edilmişdir ki, Cavabdeh tərəfindən 1320 manat ödəniş edildiyindən hazırki iş üzrə 3550 manat məbləğində pul vəsaitinin və ödənilmiş 69 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf edərək, tərəfindən ödənilmiş ödənişlərin nəzərə alınması və yerdə qalan 3485 manat pulun ondan tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehın izahatını və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan PXA********** nömrəli sığorta müqaviləsinin surətindən görünür ki, “Mersedes-Benz E260” markalı, “**-MX-***” dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. İş materiallarında olan qiymətləndirmə aktının surətindən görünür ki, hadisə nəticəsində “Toyota Prius” markalı, “**-FA-***” dövlət qeydiyyat nişanlı avtomobilə 3370 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan sığorta aktlarının surətindən görünür ki, hadisə nəticəsində X3 və X1 hər birinə 750 manat ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İXP4636021 nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərarın surətindən görünür ki, cinayət işinin başlanılmasının rədd edilməsi, Cavabdeh əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələrinin tərkibi yarandığından həmin maddələr ilə inzibati təsir tədbirlərinin görülməsi məqsədi ilə toplanmış materialın Xəzər RPİ-nin X6 Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Mədaxil qəbzlərindən görünür ki, Cavabdeh müxtəlif vaxtlarda ümumilikdə 1385 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 16:30 radələrində Bakı şəhəri, Bakı-Mərdəkan şossesi ərazisində idarə etdiyi “Mersedes-Benz E260” markalı, “**-MX-***” dövlət qeydiyyat nişanlı avtomobil, “Toyota Prius” markalı, “**-FA-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya 3370 manat maddi ziyan dəymişdir. X3 və X1 hər birinə 750 manat ziyan dəymişdir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA109468/22 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 4870 manat ödənilmişdir. Bununla da, iddiaçının sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan cavabdehə qarşı ödəmiş olduğu sığorta məbləği həddində subroqasiya hüququ yaranmışdır. Cavabdehin 1385 manat məbləğində ödənişləri nəzərə alındıqda yerdə qalan 3485 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 69 manat dövlət rüsumu da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 3485 manat məbləğində pul və ödənilmiş 69 manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar