Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(074)-15/2023 17.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair barədə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Şamaxı rayonu, Həmyəli kəndində, İddiaçı balansında və istismarında olan PE-110 mm-lik qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin (daş hasarın) cavabdehin öz vəsaiti hesabına boşaldılaraq sökülməsi, xəttin mühafizə zonasının bərpa edilməsi, ödənilmiş 10 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının cavabdehdən alınıb, iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X1 məhkəməyə ünvanladığı müraciətində istehsalat zərurəti ilə əlaqədar, xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 bildirdi ki, o, cavabdehin oğludur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün, mübahisə predmeti olan sahəni xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Əlhəsən Muradov adlı şəxsdən almışlar və hazırda da həmin qeyri-yaşayış sahəsi anası Cavabdeh mülkiyyətindədir. İlk əvvəl həmin sahədə beton istehsalı ilə məşğul olmaq niyyətində olmuşlar. Lakin, işləri alınmadığından, heyvandarlıqla məşğul olub, gəlir əldə etmək istəmişlər. Ancaq bu işləri də alınmadığından, fəaliyyəti dayandırmışlar və hazırda tikili istifadəsiz qalmışdır. Daha öncədən alqı-satqı etdikləri zaman, həmin sahədə hər hansı qaz xətti, İddiaçı balansında və istismarında qaz kəmərinin mühafizə zonasının olması barədə onlara heç bir məlumat və ya xəbərdarlıq edilməmişdir. Odur ki, iddia tələbini əsassız hesab edərək, iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Həmyəli kəndi ərazisindən 0,80 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarından görünür ki, hazırda fəaliyyətini müvəqqəti dayandırmış Cavabdeh fərdi sahibkar kimi xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmışdır. İş materiallarından və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan göründüyü kimi, həm mübahisənin predmetinə, həm hüquq münasibətlərinin xarakterinə və həm də subyekt tərkibinə görə hazırki iş üzrə mübahisə kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-nin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-nin 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarında qeyd olunur ki, “məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Ümumi məhkəmələr və inzibatiiqtisadi məhkəmələr arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır”. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-nin 32.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. MPM-nin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. MPM-nin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. MPM-nin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-15/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(074)-15/2023
17.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver