Məhkəmə qərarları › İş №e-2(074)-202/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-202/2023

02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-202/2023 02.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, LG LED TV üçün 741,06 manat ödənilməmiş hissə, 74,94 manat cərimə olmaqla, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Hoffman LED TV üçün 446 manat ödənilməmiş hissə, 44 manat cərimə borcu olmaqla, ümumilikdə 1306 manat borcun, 33,06 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq, iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, LG LED TV, Hoffman LED TV almış, nəticədə 1306 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 741,06 manat (18 ay x 41,17 manat + 0 manat ilkin ödəniş) olan, LG LED TV üçün ümumilikdə 816 manat olmaqla, ondan 741,06 manat ödənilməmiş hissə, güzəşt olunaraq 74,94 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 585,04 manat (18 ay x 24.78 manat + 139 manat ilkin ödəniş) Hoffman LED TV üçün ümumilikdə 490 manat olmaqla, ondan 446 manat ödənilməmiş hissə, güzəşt olunaraq 44 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 139,04 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, LG LED TV üçün 741,06 manat ödənilməmiş hissə, 74,94 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Hoffman LED TV üçün 446 manat ödənilməmiş hissə, 44 manat cərimə borcu yaranmışdır. Ümumilikdə 1306 manat borcun, 33,06 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq, iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə hazırkı mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2022-ci il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan poçt göndərişinin izlənməsi barədə arayışdan görünür ki, Cavabdeh ünvanına göndərilmiş məhkəmə bildirişi xx.xx.2023-cü il tarixdə onun tərəfindən alınmışdır. Həmin gündən 10 (on) iş günü müddətində cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazla məhkəməyə müraciət etməmişdir. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, cavabdehin iddia qarşı etirazının olmamasını, iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. MPM-in 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı müqaviləyə əsasən, LG LED TV satın alınmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 02681556 saylı müqaviləyə əsasən, Hoffman LED TV satın alınmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1187,06 manat ödənilməmiş hissə, 118,94 manat cərimə olmaqla, ümumilikdə 1306 manat borcu vardır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1187,06 manat ödənilməmiş hissə, 118,94 manat cərimə olmaqla, ümumilikdə 1306 manat borcu vardır. Məhkəmə iddianın xx.xx.2022-ci il tarixli müqavilə üzrə LG LED TV üçün hesalanmış 74,94 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliyinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən 74,94 manat cərimə borcu yox, 35 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Hoffman LED TV üçün hesalanmış 44 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliyinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən 44 manat cərimə borcu yox, 20 manat cərimə borcu tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, 1187,06 manat ödənilməmiş hissə, 55 manat cərimə olmaqla, ümumilikdə 1242,06 manat borc və 33,06 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, LG LED TV üçün 741,06 manat ödənilməmiş hissə, 35 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Hoffman LED TV üçün 446 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla, ümumilikdə 1242,06 (bir min iki yüz qırx iki manat altı qəpik) manat pul və 33,06 (otuz üç manat altı qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar