Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-230/2024 16.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərər üçün 2207 manat, gecikdirilmiş vaxt üçün 1562 manat, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 58 manat məbləğində pulun tutulmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırki mülki iddia tələbi üzrə İddiaçı MMC, “Howo” və “Shacman” markalı yük maşınlarının ehtiyat hissələrinin satışını həyata keçirir. İddiaçı MMC əvvəllər “Universal Motors” adı ilə fəaliyyət göstərmişdir. İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Xocəsən şossesində yerləşən mağazası fəaliyyət göstərir. Həmin mağazada yük maşınlarının ehtiyat hissələrinin satışı aparılır. 26 noyabr 2022-ci il tarixdə Cavabdeh Bakı şəhəri Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Xocəsən şossesində yerləşən həmin mağazaya gələrək “Howo” markalı yük maşının mühərriki üçün nəzərdə tutulmuş 2207 manat dəyərində ehtiyat hissələrini nisyə almaq istədiyini bildirmiş, həmin vaxtı İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında xx.xx.2022-ci il tarixli, 25 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh nisyə aldığı ehtiyat hissələrinin dəyərini, yəni 2207 manat pulu xx.xx.2023-cü il tarixə kimi ödəməyi öhdəsinə götürmüş və həmin 2207 manat dəyərində ehtiyat hissələri xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə cavabdehə təhvil verilmiş, lakin bu günə kimi cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, öhdəlik icra edilməmişdir. xx.xx.2022-ci il tarixli, 25 nömrəli nisyə alqı-satqı müqaviləsində, ödəniş razılaşdırılmış müddət ərzində ödənilmədikdə alıcı, yəni cavabdeh tərəfindən iddiaçıya hər gecikdirilmiş gün üçün malın ümumi dəyərinin 0,5 faizi həcmində cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Qarşılıqlı razılaşma əsasında cavabdehlə bağlanmış yazılı müqavilə əsasında qanunun normalarına müvafiq üzərinə götürdüyü öhdəlik onun tərəfindən icra edilməlidir. Cavabdehin öz imzası ilə yazılı şəkildə bağladığı müqavilə bir daha onu təsdiq edir ki, hüquqi şəxslə cavabdeh arasında qarşılıqlı razılıq əsasında rəsmiləşdirilmiş müqavilə onun tərəfindən öhdəlik olaraq qəbul edilmişdir. Belə olan halda, qarşılıqlı razılaşma əsasında cavabdehlə bağlanmış yazılı sövdələşmənin – razılaşmanın tələblərinə onun əməl etməməsi və öhdəliyin icra edilməsindən yayınması qanun pozuntusu və ya mülki hüquq pozuntusudur. Odur ki, cavabdeh tərəf borclu olduğu pulu geri qaytarmağa borcludur. Bu borclu kimi onun vəzifəsidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində Cavabdeh ilə aralarında xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlandığını, müqavilə üzrə cavabdehin borcunun yarandığını bildirərək, həmin borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb etsə də, iddia ərizəsinə əlavə edilmiş həmin müqavilə Cavabdeh tərəfindən imzalanmamışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin müqavilənin qüvvəsi bəndindən görünür ki, bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsindən sonra öz qüvvəsini itirir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk olaraq cavabdehin iddiaçı qarşısında öhdəliklərinin yaranıb-yaranmaması məsələsi araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 406.3-cü maddəsinə görə yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsi ilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 407.2-ci maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, yuxarıda istinad edilən maddi hüquq normalarının tələbləri baxımından nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehin öhdəliyinin yaranması üçün ilk olaraq iddiaçı tərəfindən həmin müqavilənin cavabdehlə bağlanılması sübut edilməlidir. Hazırki işin halları ilə isə həmin hal öz təsdiqini tapmır. Buna görə də həmin müqavilə üzrə pulun qaytarılması tələbi də əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə təmin edilmədiyindən, məhkəmə xərci olan 58 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. qətetdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 58 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-230/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-230/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver