Məhkəmə qərarları › İş №e-2(074)-285/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-285/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-285/2023 09.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Şamaxı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 410,9 manat əsas, 61,6 manat cərimə olmaqla, cəmi 472,5 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı "Realme" markalı mobil telefona görə, 12 ay ödəniş cədvəli üzrə hər ay 69 manat olmaqla, cəmi 824,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2022-ci il tarixdə 2,4 manat ödəniş etmiş və qalıq qalmış 410,9 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 616 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 616 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq, həmin cərimə məbləğinin 90 faizi güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10 faizi, yəni 61,6 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklədə, cavabdehin xx.xx.2022-ci il tarixədək İddiaçı MMC-yə olan borcu 410,9 manat əsas, 61,6 manat cərimə olmaqla, cəmi 472,5 manat təşkil edir. Məhkəmə hazırki mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2023-cü il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan poçt zərfindən görünür ki, Cavabdeh ünvanına göndərilmiş məhkəmə bildirişi xx.xx.2023-cü il tarixdə “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə, iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. MPM-in 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh “Realme” markalı mobil telefona görə, 12 ay ödəniş cədvəli üzrə hər ay 69 manat olmaqla, cəmi 824,9 manat vəsaiti İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı MMC-yə olan borcu 410,9 manat əsas, 616 manat cərimə olmaqla, cəmi 1026,90 manat təşkil edir. İş materiallarından görünür ki, cavabdehin müqavilə üzrə hesablanmış 616 manat cərimə borcunun məbləğinin 90 faizi iddiaçı tərəfindən güzəşt edilmiş və hazırda cavabdehdən həmin məbləğin 10 faizi, yəni 61,6 manatının ödənilməsi tələb olunur. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, “Realme" markalı mobil telefona görə, 12 ay ödəniş cədvəli üzrə hər ay 69 manat olmaqla, cəmi 824,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2022-ci il tarixdə 2,4 manat ödəniş etmiş və qalıq qalmış 410,9 manat borcu qaytarmamışdır. Maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı MMC-nə olan borcu 410,9 manat əsas, 616 manat cərimə olmaqla, cəmi 1026,90 manat təşkil edir. Lakin, humanizm prinsipinə əsaslanaraq, həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 61,6 manat təşkil edir. Məhkəmə iddianın 61,6 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ öhdəliyə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən 61,6 manat yox, 20 manat cərimə borcu tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsinə əsasən, Cavabdeh 410,9 manat əsas, 20 manat cərimə olmaqla, cəmi 430,9 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən, 410,9 manat əsas, 20 manat cərimə olmaqla, cəmi 430,9 (dörd yüz otuz manat doxsan qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar