Məhkəmə qərarları › İş №e-2(074)-29/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-29/2023

27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-29/2023 27.01.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbininə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli, 1182-L/13 nömrəli müqavilə üzrə 54655 manat gecikdirilmiş əsas borc və hesablanmış 95217,60 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat olmaqla, cəmi 150222,6 manat pul vəsaitinin cavabehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2013-cü il tarixli, 1182-L/13 nömrəli müqaviləyə əsasən, cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə xx.xx.2013-cü il tarixli, 1182-L/13 nömrəli müqavilə üzrə 54655 manat gecikdirilmiş əsas borc və hesablanmış 95217,60 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl prosedura riayət olunmuş və nəticədə mediasiya proseduru ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun xx.xx.2021-ci il tarixli, MŞİH-02789 saylı arayışı ilə rəsmiləşdirilmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə, Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə, kreditor qarşısında məsuliyyət daşıyır. Eyni zamanda, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən, hüquqi yardıma görə haqqın məbləği 350 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, o, məcbur olub ikinci dəfə iddiaçı tərəf ilə müqavilə bağlamış, həmçinin müqavilə üzrə ödəniş etmək istədikdə, idarə ləğv olunduğundan, bunu edə bilməmiş və nəticədə yüksək məbləğdə cərimə borcu yaranmışdır. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli, 1182-L/13 nömrəli "xxxx" ASCyə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə (güzəşt) müqavilədən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, lizinq verən "xxxx" ASC ümumi dəyəri 57655 manat olan 1 ədəd “MTZ-1221” markalı traktoru, 1 ədəd “KP-14-5” markalı kotanı, 1 ədəd “DOT-39” markalı Ot dırmığını, 1 ədəd “MTZ-1221” markalı traktoru, 1 ədəd “KP-14-5” markalı kotanı və 1 ədəd “AGSD-24” markalı taxıl səpəni dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra, lizinq alan Cavabdeh mülkiyyətinə verilməsi şərtilə lizinq verilmişdir. Həmin müqavilənin 5.1.5-ci bəndinə əsasən, lizinq alan texnikadan istifadə üçün bu müqaviləyə əlavə №1-də nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə, müqavilənin şərtlərinin pozuntusu hesab edilir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, lizinq alan tərəfindən bu müqavilənin 5.1.5-ci bəndində göstərilən hala yol verildikdə, lizinq verən bu müqavilənin 5.2-ci bəndində göstərilənləri həyata keçirmək, lizinq alanın borclu olduğu məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2013-cü il tarixli, 1182-L/13 nömrəli müqavilə üzrə Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 54655 manat gecikdirilmiş əsas borc və hesablanmış 95217,60 manat cərimə borcu vardır. İş materiallarında olan pretenziyanın surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2013-cü il tarixli, 1182-L/13 saylı müqavilə üzrə mövcud olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materillarında olan Hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, müraciət edən "xxxx" MMC bir tərəfdən, hüquqi yardım göstərilən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi digər tərəfdən aşağıdakı şərtlərlə müqavilə bağladılar: vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Vəkilə həvalə edilən tapşırığın mahiyyəti Cavabdeh qarşı pul tələbidir. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 350 manat müəyyən olunur və başqa razılaşma yoxdursa, bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qərardadından görünür ki, Cavabdeh iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə olan borcunun məbləğinin müəyyən edilməsi üçün, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan 22 noyabr 2022-ci il tarixli ekspert rəyində qeyd olunur ki, təqdim olunmuş maliyyə arayışı məlumatları, 26 sentyabr 2013-cü il tarixli, 1182-L/13 nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilənin qeyd olunan şərtləri nəzərə alıqmaqla, Cavabdeh 06 iyul 2021-ci il tarixə əsas borcu 54655 manat, cərimə borcu 95217,6 manat məbləğində müəyyən olunur. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12-ci maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-9-cu maddəsinə əsasən, əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh arasında lizinq müqavilələri bağlanmış, lizinq verən ümumi məbləği 57655 manat olan və Spesifikasiyada (əlavə №1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra, lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İddiaçı lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borcun Cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, müqavilə üzrə müəyyən edilmiş dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Buna görə 26 sentyabr 2013-cü il tarixli, 1182-L/13 nömrəli müqavilə üzrə 95217,60 manat məbləğində dəbbə pulu azaldılaraq, 1000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin, iddianın hüquqi yardımla bağlı ödənişin cavabdehdən tutulması hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan qanun normasını əsas tutaraq məhkəmə 50 manat məbləğində hüquqi yardımla bağlı ödənişin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağlabatan hesab edir. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə 26 sentyabr 2013-cü il tarixli, 1182-L/13 nömrəli müqavilə üzrə 54655 manat əsas borc, 1000 manat cərimə borcu və hüquqi yardımla bağlı 50 manat pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və ekspertiza xərci cavabdehə aid edilməli və buna görə də, cavabdehdən 272 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə, 150 manat isə Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 26 sentyabr 2013-cü il tarixli, 1182-L/13 nömrəli müqavilə üzrə 54655 manat əsas borc, 1000 manat cərimə borcu və hüquqi yardımla bağlı 50 manat olmaqla, cəmi 55705 (əlli beş min yeddi yüz beş) manat məbləğində pul tutularaq, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Cavabdeh 272 (iki yüz yetmiş iki) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə və 150 (bir yüz əlli) manat məbləğində ekspetiza xərci tutularaq, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar