Məhkəmə qərarları › İş №e-2(074)-365/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-365/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-365/2025 07.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14 fevral 2024-cü il tarixli MAS-6190 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 11 dekabr 2024-cü il tarixə 3050,30 manat gecikdirilmiş əsas, 560,40 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 4315,30 manat dəbbə pulu, ümumilikdə 7926 manat borc və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14 fevral 2024-cü il tarixli MAS-6190 saylı Daxılı lizinq müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, "Khazar SD” minik markalı, “**-PJ-***” dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "Daxılı lizinq müqaviləsi"nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 19% hesablanmaqla 15 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 402,48 manat, ümumilikdə isə 6038 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 6038 manatın 5337 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq muqaviləsı üzrə öhdəliklər vaxtında və lazımı qaydada icra olunmadığı üçun Cavabdeh MAS-6190 saylı Daxılı Lızınq" müqaviləsinə əsasən 11 dekabr 2024-cü il tarixə ümumilikdə 7926 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsı və "Ödəniş cədvəlinın şərtlərinə cavabdeh tərəfindən əməl edilməmış, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, cavabdeh bu barədə məhkəməyə məlumat verməsə də, iddiaçı ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsi və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14 fevral 2024-cü il tarixli, “MAS-6190” saylı “Daxili lizinq” müqaviləsinə əsasən, 2020-ci il buraxılışlı, "Khazar SD” minik markalı, “**-PJ-***” dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil Cavabdeh müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. İş materiallarında olan “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən, lizinq alan illik 19 % hesablanmaqla, 15 aylıq müddətə, hər ay 402,52 manat olmaqla, ümumilikdə isə 6038 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 6038 manatın 5337 manatı əsas məbləğ təşkil edir. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh 11 dekabr 2024-cü il tarixə 3050,30 manat gecikdirilmiş əsas, 560,40 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 4315,30 manat dəbbə pulu olmaqla, cəmi 7926 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 3050,30 manat gecikdirilmiş əsas, 560,40 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 4315,30 manat dəbbə pulu, ümumilikdə 7926 manat borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 14 fevral 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar” SD markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. Cavabdeh avtomobilin yararsız vəziyyətdə olmasından xəbərdardır. Cavabdeh ilə İddiaçı arasında başlanmış 14 fevral 2024-cü il tarixli müqavilənin şərtlərində göstərilir ki, lizinq Alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə, lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə, müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşin araşdırılan hallarından müəyyən olundu ki, Cavabdeh lizinq müqaviləsi əsasında İddiaçı MMC-dən avtomobil əldə etmiş, lakin müqavilə üzrə öhdəliklərini tam və vaxtında icra etməyərək, lizinq müqaviləsi üzrə öhdəliklərinin icrasından yayınmışdır. Bu səbəbdən də, cavabdehin 11 dekabr 2024-cü il tarixə 3050,30 manat gecikdirilmiş əsas, 560,40 manat gecikdirilmiş mükafat pulu və həmin günə hesablanmış 4315,30 manat dəbbə pulu, ümumilikdə 7926 manat olmaqla borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 447.1-ci maddəsinə görə, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-9-cu maddəsinə əsasən əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın 4315,30 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ lizinq öhdəliklərinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən 4315,30 manat cərimə borcu əvəzinə, 400 manat məbləğində cərimə borcu tutularaq, iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan qanunvericilik normalarını əsas tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 14 fevral 2024-cü il tarixli, “MAS-6190” saylı Daxili lizinq müqaviləsinə əsasən, 3050,30 manat gecikdirilmiş əsas, 560,40 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 400 manat dəbbə pulu, ümumilikdə 4010,70 manat və ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 14 fevral 2024-cü il tarixli, “MAS-6190” saylı Daxili lizinq müqaviləsinə əsasən, 3050,30 manat gecikdirilmiş əsas, 560,40 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 400 manat dəbbə pulu olmaqla, ümumilikdə 4010,70 manat pul və dövlət rüsumu kimi ödənilmiş 100 manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar