Məhkəmə qərarları › İş №e-2(074)-422/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-422/2022

15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-422/2022 15.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BL097905 saylı 13-12-2017-ci il tarixli nisyə satış müqaviləsi üzrə yaranmış 329,74 əsas borc, 33 hesablanmış cərimə, ümumilkdə 362,74 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında BL097905 saylı 13-12-2017-ci il tarixdə nisyə satış müqaviləsi bağlanmışdır. Cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən əşyaya görə 6 ay müddətinə hər ayın 13dən gec olmamaqla 167 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə dələlərlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 13.12.2017-ci il tarixli BL097905 nisyə satış müqaviləsinin surətindən görünür ki, satıcı 1058 manat dəyərindəki avadanlığı alıcıya verməyi, alıcı isə həmin avadanlığın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən alıcı ödənişini gecikdirdiyi halda hər gün üçün gecikdirilən məbləğin 0.2 %-i həcmində cərimə ödəyir. İş materiallarında olan 13.12.2017-ci il tarixli BL097905 il il tarixli nisyə satış müqaviləsinə 1 saylı əlavənin surətindən görünür ki, Cavabdeh 1058 manat məbləğindəki avadanlığın qiymətindən 60 manat ödəniş etmiş, qalan 998 manat məbləği isə 6 ay müddətinə hər ay 167 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan arayışdan görünür ki 13.12.2017-ci il tarixli nisyə satış müqaviləsi üzrə Cavabdeh 362,74 manat (329,74 manat əsas borc, 33 manat cərimə borcu) məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan 12.12.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 13.12.2017-ci il tarixli müqavilə üzrə mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, məhkəmə bildirişini almış Cavabdeh iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Cavabdeh isə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 13.12.2017-ci il tarixli BL097905 saylı nisyə satış müqaviləsi üzrə 329,74 əsas, 33,00 hesablanmış cərimə, ümumilkdə 362,74 borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin olunsun. Cavabdeh 13.12.2017-ci il tarixli BL097905 saylı nisyə satış müqaviləsi üzrə 329,74 əsas, 33,00 hesablanmış cərimə, ümumilkdə 362,74 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar