Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-493/2024 15.03.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh xx.xx.2018-ci il tarixli, SXK4704540 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, 792 (yeddi yüz doxsan iki) manat əsas, müqavilə üzrə hesablanmış 300 (üç yüz) manat cərimə olmaqla, cəmi 1092 (bir min doxsan iki) manat borcun və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 12 ay olmaqla, 25 aprel 2018-ci il tarixli nisyə alqı-atqı müqaviləsi bağlanılıbdır. Həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıdan dəyəri 1298 manat olan məişət avadanlığı əldə edibdir. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra, iddiaçıya 792 manat borcu qalıbdır. Qeyd edilən nisyə alqı-atqı müqaviləsinə əsasən borclu (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% məbləğində faiz borcu ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 13780 (on üç min yddi yüz səksən) manat faiz borcu yaranmışdır (792 manat x 1740 gün x 1%=13780 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 300 (üç yüz) manat məbləğində tələb edir, Cavabdeh 25 aprel 2018ci il tarixli, SXK4704540 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, 792 (yeddi yüz doxsan iki) manat əsas borc, müqavilə üzrə hesablanmış 300 (üç yüz) manat faiz borcu və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1123 (bir min yüz iyirmi üç) manat pul vəsaitinin alınaraq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 12 ay olmaqla, 25 aprel 2018-ci il tarixli nisyə alqı-atqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıdan dəyəri 1298 manat olan məişət avadanlığı əldə edibdir. İş materiallarından görünür ki, Cavabdeh 25 aprel 2018-ci il tarixli, SXK4704540 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, 792 (yeddi yüz doxsan iki) manat əsas borc, müqavilə üzrə hesablanmış 300 (üç yüz) manat cərimə borcu yaranmışdır. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İşin araşdırılmış hallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 12 ay olmaqla, 25 aprel 2018-ci il tarixli nisyə alqı-atqı müqaviləsi bağlanılıb, həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıdan dəyəri 1298 manat olan məişət avadanlığı əldə edib, lakin öhdəliyə əməl olunmadığından, Cavabdeh 25 aprel 2018-ci il tarixli, SXK4704540 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, 792 (yeddi yüz doxsan iki) manat əsas və müqavilə üzrə hesablanmış 300 (üç yüz) manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə, iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə, bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2-ci maddəsinə əsasən, mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iddianın 25 aprel 2018-ci il tarixli müqaviləsinə əsasən, ödənilməmiş borca görə 300 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ öhdəliyə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən müqavilə üzrə müvafiq olaraq 30 manat cərimə borcu tutularaq, iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 25 aprel 2018-ci il tarixli, SXK4704540 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, 792 (yeddi yüz doxsan iki) manat əsas, müqavilə üzrə hesablanmış 30 (otuz) manat cərimə olmaqla, cəmi 822 (səkkiz yüz iyirmi iki) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2 və 284-6.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 25 aprel 2018-ci il tarixli, SXK4704540 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, 792 (yeddi yüz doxsan iki) manat əsas, müqavilə üzrə hesablanmış 30 (otuz) manat cərimə olmaqla, cəmi 822 (səkkiz yüz iyirmi iki) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-493/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-493/2024
15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver