Məhkəmə qərarları › İş №e-2(074)-557/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-557/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-557/2025 12.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 6500 (altı min beş yüz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 85 (səksən beş) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il, saat 19:50-də Bakı-Şamaxı yolunda Şirkətləri tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “BMW 318 minik” markalı, “**-SP-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və “Honda CRV minik” markalı, “**-KJ-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymiş, həmçinin hadisə nəticəsində X1 uzun müddətdə pozulmasına səbəb olan “Ağır” dərəcəli bədən xəsarətləri almışdır. Abşeron Rayon Məhkəməsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli hökmə əsasən, Cavabdeh1 Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) təqsirli olması öz əksini tapmışdır. Zərər aktına əsasən “Honda CRV minik” markalı, “**-KJ-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5280 (beş min iki yüz səksən) manat maddi ziyan dəydiyi müəyyənləşdirilmişdir. Sığortalı “BMW 318 minik” markalı, “**-SP-***” dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X5 aldığı ağır xəsarətlə bağlı "xxxx" ASC tərəfindən iş üzrə PXA154149 saylı sığorta aktkı tərtib edilməklə 1500 (bir min beş yüz) manat həmçinin “Honda CRV minik” markalı, “**-KJ-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə isə PXA154148 saylı sığorta aktı tərtib edilməklə 5000 (beş min) manat sığorta ödənişi zərərçəkənlərin təqdim etdiyi bank hesablarına ödənilmişdir. "xxxx" ASC tərəfindən zərərçəkənlərə ödənilmiş ümumilikdə 6500 (altı min beş yüz) manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsi barədə cavabdehlərə bildiriş göndərilmiş, lakin cavabdehlər tələb olunan məbləği ödəməkdən yayınmışdır. İddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, cavabdehlər bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş, iddiaçı ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 1(012)-281/2024 saylı hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 02 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hökm edilmişdir. İş materiallarında olan PXA ********** nömrəli sığorta şəhadətnaməsinin surətindən görünür ki, X2 mülkiyyətində olan “BMW 318 minik” markalı, “**-SP-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmışdır. İş materiallarında olan qiymətləndirmə aktından görünür ki, hadisə nəticəsində “Honda CRV minik” markalı, “**-KJ-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5280 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan PXA154149 saylı sığorta aktından görünür ki, X5 almış olduğu xəsarətlərlə bağlı X8 750 manat, X6 750 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, 5000 manat məbləğində sığorta ödənişi zərərçəkənlərin bank hesabına köçürülmüşdür. İş materiallarında olan nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, mülkiyyətçi Cavabdeh2 tərəfindən “BMW 318 minik” markalı, “**-SP-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixinədək bir il müddətinə idarə etmək üçün Cavabdeh1 istifadəsinə verilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Honda CRV minik” markalı, “**-KJ-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3r. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığota şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalanın və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Penumunun qərarında qeyd edilir ki, qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X4 məxsus nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçı "xxxx" ASC tərəfindən avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan “BMW 318 minik” markalı, “**- SP-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmiş və “Honda CRV minik” markalı, “**-KJ-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir, həmçinin hadisə nəticəsində X1 uzun müddətdə pozulmasına səbəb olan “Ağır” dərəcəli bədən xəsarətləri almışdır. Abşeron Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 1(012)- 281/2024 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Sığorta ödənişi olaraq 6500 manat məbləğində vəsait iddiaçı tərəfindən zərərçəkmiş şəxslərin hesabına ödənilmişdir. Hazırda isə iddiaçı "xxxx" ASC subroqasiya hüququndan istifadə edərək, cavabdehlərdən ödənilmiş sığorta ödənişinin əvəzinin tutulmasını tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş sığorta ödənişinin əvəzinin tutulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 85 manat dövlət rüsumu da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 6500 (altı min beş yüz) manat məbləğində pul və dövlət rüsumunun əvəzi kimi 85 (səksən beş) manat pul müştərək qaydada alınaraq iddiaçı "xxxx" ASCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar