Məhkəmə qərarları › İş №e-2(074)-628/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-628/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-628/2025 11.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, APPLE 20W USB-C ADAPTER, İMEİ KODU **********72191 İPHONE 15 markalı telefon üçün 2413.80 (iki mi dörd yüz on üç manat, 80 qəpik) manat ödənilməmiş hissə, 1206.90 (bir min iki yüz altı manat, 90 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********40217 OPPO A58 markalı telefon üçün, 401.20 (dörd yüz bir manat, 20 qəpik) manat ödənilməmiş hissə, 200.60 (iki yüz manat, 60 qəpik) manat cərimə olmaqla, cəmi 4222.50 manat borcun və ödənilmiş 62.23 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən APPLE 20W USB- C ADAPTER, İMEİ KODU **********72191 İPHONE15 markalı telefon, imei kodu **********40217 OPPO A58 markalı telefon almış və nəticədə 4222.50 (dörd min iki yüz iyirmi iki manat, 50 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2793.80 (iki min yeddi yüz doxsan üç manat, 80 qəpik) manat (18 ay x 134.10 manat + 380 manat ilkin ödəniş) olan APPLE 20W USB-C ADAPTER , İMEİ KODU **********72191 İPHONE 15 markalı telefon üçün ümumilikdə, 3620.70 (üç min altı yüz iyirmi manat, 70 qəpik) manat olmaqla ondan, 2413.80 (iki mi dörd yüz on üç manat, 80 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 1206.90 (min iki yüz altı manat, 90 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 516.24 (beş yüz on altı manat, 24 qəpik) manat (18 ay x 28.68 manat + 0 manat ilkin ödəniş) olan imei kodu **********40217 OPPO A58 markalı telefon üçün ümumilikdə, 601.80 (altı yüz bir manat, 80 qəpik) manat olmaqla ondan, 401.20 (dörd yüz bir manat, 20 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 200.60 (iki yüz manat, 60 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 495.04 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə hazırki mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 24 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etməmişdir. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə, iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, cavabdeh APPLE 20W USB-C ADAPTER, İMEİ KODU **********72191 İPHONE15 markalı telefon, imei kodu **********40217 OPPO A58 markalı telefon almışdır. İş materiaqllarından görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, APPLE 20W USB-C ADAPTER, İMEİ KODU **********72191 İPHONE15 markalı telefon üçün 2413.80 (iki mi dörd yüz on üç manat, 80 qəpik) manat ödənilməmiş hissə, 1206.90 (min iki yüz altı manat, 90 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, imei kodu **********40217 OPPO A58 markalı telefon üçün, 401.20 (dörd yüz bir manat, 20 qəpik) manat ödənilməmiş hissə, 200.60 (iki yüz manat, 60 qəpik) manat cərimə olmaqla, cəmi 4222.50 manat borcu yaranmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh müqavilə üzrə mövcud borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə, bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2-ci maddəsinə əsasən, mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iddianın xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ödənilməmiş hissəyə görə 1206,90 manat və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 200,60 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğlər öhdəliyə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən həmin müqavilələr üzrə müvafiq olaraq 150 manat və 25 manat cərimə borcu tutularaq, iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2413.80 (iki min dörd yüz on üç manat, 80 qəpik) manat əsas borc, 150 (bir yüz əlli) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 401.20 (dörd yüz bir manat, 20 qəpik) manat əsas borc və 25 manat cərimə olmaqla, cəmi 2990 manat borc və ödənilmiş 49,90 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2 və 284-6.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2413.80 (iki min dörd yüz on üç manat, 80 qəpik) manat əsas borc, 150 (bir yüz əlli) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 401.20 (dörd yüz bir manat, 20 qəpik) manat əsas borc və 25 manat cərimə olmaqla, cəmi 2990 manat borc və ödənilmiş 49,90 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar