Məhkəmə qərarları › İş №e-2(074)-635/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-635/2023

07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-635/2023 07.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2402.69 manat məbləğdə sığorta ödənişinin, 44.03 manat məbləğdə dövlət rüsumu və 0.4 manat məbləğdə xidmət haqqının, cəmi 2447,12 manat məbləğdə pulun tutulub iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan “Kamaz 65115” markalı, ** HL *** qeydiyyat nişanlı avtomobili Cavabdeh2 idarə edərkən yol-nəqliyyta hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də avtokasko risklərində sığortalanmış "xxxx" markalı, 77 AF 94 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Yol-nəqliyyat hadisəsinin törədilməsinə Cavabdeh2 təqsirli bilinmiş və Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP5589028 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində "xxxx" markalı ** AF *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləğində tərəflərindən 750 manat azadolma məbləği çıxmaqla 2750 manat məbləğində sığorta ödənişi olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, "xxxx" markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən əmlak sığortası qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın başlaması faktını təsdiqləyən arayışdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verən vaxt “Kamaz 65115” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olmuşdur. Zərərin hesablanması aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı ** AF *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 3500 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli sığorta aktında və mütənasiblik əmsalının hesablanması cədvəlindən müəyyən olunur ki, 750 manat şərtsiz azadolma məbləği çıxdıqdan sonra ödənilməli sığorta ödənişinin məbləği 2750 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Toyota Prius markalı, ** AF *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləğinin aradan qaldırılması üçün ASC tərəfindən 2750 manat məbləğdə sığorta ödənişi edilmişdir. Yol-nəliyyat hadisəsi baş verən zaman “Kamaz 65115” markalı, ** HL *** qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən sığortalanmışdır. "xxxx" markalı, ** AF *** markalı dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ASC tərəfindən ödənilmiş 2750 manat məbləğində sığorta ödənişinin 347,31 manat məbləğində olan hissəsi mütənasiblik qaydasında "xxxx" ASC tərəfindən ASC-yə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verib bildirdi ki, hadisə baş verən vaxt kamazı o, idarə etmiş, Sadiq Hüseynov isə onun yanında olmuşdur. Özünü sürücülük hüququ var. İddiaçının tələb etdiyi pulu birdəfəyə verməyə maddi imkan çatmır. Buna görə də iddanın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmiş, cavabdeh bunun səbəbləri barədə məhkəməyə məlumat verməsə də, iddiaçının nümayəndəsi ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-də əmlak sığortası qaydasında sığortalanmışdır. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın başlaması faktını təsdiqləyən arayışdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verən vaxt “Kamaz 65115” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olmuş, Cavabdeh2 tərəfindən idarə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan zərərin hesablanması aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı ** AF *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 3500 manat müəyyən edilmişdir. İş materiallarında olan ƏN-Vİİİ 707750 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 “Kamaz 65115” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixədək X1 etibarnamə vermişdir.. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən AKTCM12623 saylı sığorta aktı əsasında "xxxx" CO MMC-yə 2750 manat məbləğində ödəniş olunmuşdur. İşin araşdırılmış hallarından müəyyən olunur ki, “Kamaz 65115” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 etibarnamə ilə xx.xx.2024-cü il tarixədək X2 nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə vermişdir. xx.xx.2023-cü il tarixdə saat 01:10 radələrində Cavabdeh2 “Kamaz 65115” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək yol nəqliyyat hadisəsi törədib, "xxxx" markalı ** AF *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə nəticəsində "xxxx" markalı ** AF *** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. 2750 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən ödənilmişdir. Həmin 2750 manat məbləğində sığorta ödənişinin 347,31 manat məbləğində olan hissəsi mütənasiblik qaydasında "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı 2402,69 manat məbləğində pulu Cavabdeh2 tələb etməkdə haqlıdır. Məhkəmə digər Cavabdeh1 münasibətdə iddia tələbini Mülki Məcəllənin 1108-ci maddəsinin tələbləri baxımından əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Belə ki, iş materialları ilə sübuta yetir ki, Cavabdeh1 tərəfindən X1 xx.xx.2024-cü il tarixədək “Kamaz 65115” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilə sərəncam verilməsi haqqında etibarnamə vermiş, həmin etibarnamə qeyd olunan hadisə baş verən vaxt qüvvədə olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1 -ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yuxarıda sadalananlardan göründüyü kimi, Cavabdeh1 “Kamaz 65115” markalı, ** HL *** dövlət nömrə nişanlı avtomobili qanuni əsaslarla X1 vermiş, beləliklə də yüksək təhlükə mənbəyi onun sahibliyindən hüquqa zidd götürülməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh2 2402,69 manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilməli iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 44.03 manat məbləğdə dövlət rüsumu və 0.4 manat məbləğdə xidmət haqqının Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 2402,69 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 44,03 manat və xidmət haqqı 0,4 manat pul tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar