Məhkəmə qərarları › İş №e-2(074)-971/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-971/2022

17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-971/2022 17.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19 yanvar 2018-ci il tarixli N-2917 saylı alqı-satqı müqaviləsi üzrə borcuna görə 889 manat, faiz borcuna görə 0 manat, cəmi 889 manat pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fiziki şəxs X1 ilə (VÖEN **********) “SİNTRA” markalı su filterlərinin satışı ilə əlaqədar olaraq cavabdeh - Cavabdeh arasında 19 yanvar 2018-ci il tarixli N-2917 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq “Sintra” firmasının istehsalı olan 1499 manat məbləğində olan “PREMİUM” su təmizləmə sistemi quraşdırılaraq ona təhvil verilmiş və bu barədə müvafiq təhvil-təslim aktı tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. 19 yanvar 2018-ci il tarixli N-2917 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh tərəf Cavabdeh “SİNTRA” markalı su filterini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbardar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış saylı alqı-satqı müqaviləsinə görə, cavabdeh 19 yanvar 2018-ci il tarixli N-2917 saylı alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən göstərilən qaydada 24 ay müddətinə olmaqla hər ayın 25-dən gec olmayaraq, hər ay 63 (altmış üç) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 19 yanvar 2018-ci il tarixli N-2917 saylı saylı alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 889 (səkkiz yüz səksən doqquz ) manat, cərimə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 889 (səkkiz yüz səksən doqquz) manat təşkil edir. Fiziki şəxs (VÖEN**********) əsasında fəaliyyət göstərən X1 ilə İddiaçı MMC arasında 30 iyul 2019-cu il tarixli N-004 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə bağlanmışdır. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, cavabdeh bu barədə məhkəməyə məlumat verməsə də, iddiaçı ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsi və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbi tam əsassızdır. Sözügedən kredit müqaviləsindən 4 il 8 aydan çox vaxt keçmişdir. İddiaçı iddia müddətini ötürmüşdür. Digər tərəfdən o, həmin borcu 2019-cu ildə tam ödəyib qurtarmışdır. Onun ödədiyi aylıq məbləğlər 50, 60 və 100 manat olmuşdur. Həmin ödəniş qəbzlərinin bəziləri onda var. Əlində olan ödəniş qəbzlərindən görünür ki, 2018-2019-cu illərdə 460 manat pul ödəmişdir. Qalan qəbzləri itirmişdir. O, ödəniş qəbzlərini illərlə özündə saxlamaq öhdəliyi daşımır. Belə çıxır ki, iddiaçı ona əlavə faiz hesablayıb onu tələb edir. Halbuki, həmin ödəniş üzrə faiz borcu olmamış və iddia ərizəsində də faiz borcunun olmaması yazılmışdır. İddiaçı heç vaxt ona borc ödənişi üzrə xəbərdarlıq məktubu göndərməmişdir, ona görə ki, onlara borcu qalmamışdır. Məhkəmə müki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli N-2917 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, fiziki şəxs X1 ilə (VÖEN **********) “SİNTRA” markalı su filterlərinin satışı ilə əlaqədar olaraq Cavabdeh arasında müqavilə bağlanmış, müqavilənin predmeti təhvil-təslim aktında təsbit olunmuşdur. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən alıcı müqavilə bağlanarkən ödəniş etməmiş, 1499 manatı hər ay 63 manat olmaqla 24 ay müddətinə olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İddiaçı MMC -dən dəyəri 1499 manat olan “PREMİUM” su təmizləmə sistemini təslim almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2018-ci il tarixli N-2917 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixə 889 manat əsas, 0 manat faiz, cəmi 889 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC- tərəfindən Cavabdeh xx.xx.2018-ci il tarixli N-2917 saylı müqavilə üzrə mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Cavabdeh etirazında borcunu tam ödəməsini bildirsə də, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa o, kredit müqaviləsindən 4 il 8 aydan çox vaxt keçdiyini və iddiaçının iddia müddətini ötürdüyü üçün iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli N-2917 saylı müqavilənin surətindən görünür ki, müqavilə 24 ay müddətinə bağlanmışdır. Müqavilənin icra müddəti xx.xx.2020-ci il tarixdə başa çatmış, iddiaçı isə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, müqavilə predmeti olan əşyanı cavabdehə vermiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Onun iddiaçı qarşısında iddia tələbində göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2018-ci il tarixli N-2917 saylı alqı-satqı müqaviləsinə əsasən 889 manat əsas, 0 manat faiz, cəmi 889 manat pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan və iddia tələbi təmin edildiyindən, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli N-2917 nömrəli alqı-satqı müqaviləsinə əsasən 889 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar