Məhkəmə qərarları › İş №e-2(075)-1029/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1029/2022

14.11.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1029/2022 14.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Şəki şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X1 iştirakı ilə Ərizəçi maraqlı şəxs Şəki şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsinə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Şəki şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanına qarşı məhkəməyə ərizə ilə müraciət edərək 22 fevral 1989-cu il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan oğlu X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, oğlu X9 22 fevral 1989-cu il tarixdə anadan olmuşdur. Anadan yoluxmuş infeksiya səbəbli ağır debillik səviyyəsi, asmatik komponentli xr/bronxit xəstəliyinə düçar olmuşdur. Həyat yoldaşı rəhmətə gedənə kimi oğlunu respublika daxilində və xaricdə müalicə etdirmək istəsə də müalicəsi mümkün olmamışdır. Oğlu hal-hazırda onun himayəsindədir. Oğluna birinci qrup əlillik dərəcəsi verilmişdir. Oğlunun daima kənar şəxsin qulluğuna ehtiyacı var. Yataqdan sərbəst qalxa bilməyən oğlunun vəziyyəti olduqca ağır olduğu üçün hərəkətlərinin nəticəsinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Kənar şəxsin qulluğuna və yardımına daima ehtiyacı var. Xəstəliyi səbəbli isti ilə soyuğu hiss elmir. Öz fikrini və iradəsini başqasına çatdırmaq, ən xırda məişət işlərini həyata keçirmək iqtidarında deyildir. Oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Bununla əlaqədar Şəki Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəki şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X2 ərizəyə etirazının olmadığını bildirərək, ərizənin həllini məkəmənin mülahizəsinə buraxdı. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 02 mart 1989-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 22 fevral 1989-cu il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş əlillik haqqında 240910 nömrəli vəsiqənin surətindən görünür ki, X9 uşaqlıqdan ömürlük İ qrup əlildir. İş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(075)-1029/2022 saylı qərardad ilə ambulator məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 hüquqi şəxsinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 hüquqi şəxsin 07 sentyabr 2022-ci il tarixli, 2395 nömrəli ekspert rəyindən görünür ki, X6 orta dərəcəli kəmağıllıq (imbesillik), davranış pozuntuları ilə müəyyən edilir. X9 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X9 onda müəyyən edilən Orta dərəcəli kəmağıllıq (imbesillik), davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 22 fevral 1989-cu il tarixdə anadan olmuşdur. Anadan yoluxmuş infeksiya səbəbli ağır debillik səviyyəsi, asmatik komponentli xr/bronxit xəstəliyinə düçar olmuşdur. Ona birinci qrup əlillik dərəcəsi verilmişdir. Daima kənar şəxsin qulluğuna ehtiyacı var. Vəziyyəti olduqca ağır olduğu üçün hərəkətlərini başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Kənar şəxsin qulluğuna və yardımına daima ehtiyacı var. Ərizəçi oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün Şəki Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. İş üzrə ərizəçi, X5 doğma anası olduğundan hazırkı ərizəni qaldırmağa subyektiv hüququ olmuşdur. Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göründüyü kimi, şəxsin psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə tərəfindən iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. İş üzrə verilmiş ekspert rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün məhkəmə həmin rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X4rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Beləliklə, məhkəmə hesаb edir ki, iş üzrə məhkəmə-psixiаtriyа ekspertizаsının rəyinə əsаsən аşkаr edilmiş xəstəlik X5 fəаliyyət qаbiliyyəti olmаyаn hesаb edilməsi üçün əsаsdır. Onun qeyd olunan xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk edə və onları idarə edə bilməməsi öz təsdiqini tаpmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: 22 fevral 1989-cu il tarixdə anadan olmuş, ünvan 2 ünvanda yaşayan X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar