Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1035/2025 29.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borcun hesabdan silinməsi tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən barəsində əsassız tərtib edilmiş 30 dekabr 2022-ci il tarixli ******* nömrəli aktın ləğv olunması və həmin akt əsasında hesablanmış 1036,80 manat məbləğində cərimənin hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 “iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək Cavabdeh tərəfindən İddiaçı barəsində tərtib edilmiş 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1059,48 manat məbləğində cərimənin İddiaçı hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 “iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə” ərizəsi Azərbaycan respublikası MPM–nin 53-cü maddəsinə əsasən məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış və abonent kodu **********00000 olan qaz sayğacı ona məxsus olmuşdur. Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə ona məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və ******* nömrəli akt tərtib olunmuşdur. Həmin aktda, guya G-4 markalı ******* №-li sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu qeyd edilmişdir. Eyni zamanda itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün xx.xx.2022-ci il tarixli tələbnamə də tərtib olunmuşdur. Sayğaca baxış keçirilərkən və akt tərtib olunarkən ona və ailə üzvlərinə heç bir xəbərdarlıq edilməmiş, nə rəsmi, nə də şifahi olaraq heç bir məlumat verilməmiş və xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin aktda göstərilən nöqsanlar tamamilə əsassızdır, heç bir həqiqəti əks etdirmir. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yeddi ildir ki, daimi yaşayış olmamış, sadəcə yay aylarında bir-iki günlük həmin evə baş çəkib qayıtmışlar. Sayğaca o, yaxud ailə üzvləri heç vaxt müdaxilə etməmiş, ümumiyyətlə toxunmamışdır. Sayğac fərdi yaşayış evinin çöl hissəsində quraşdırılmış, hər gün ətrafından onlarla insan keçmişdir. Bu səbəbdən də çöldə quraşdırılmış sayğacın təhlükəsizliyinə görə o, hər hansı bir məsuliyyət daşımamışdır. Barəsində əsassız olaraq tərtib edilmiş akta əsasən itirilmiş 8.640 m3 qaza görə, ümumilikdə 1036,80 manat məbləğində cərimənin ödənilməsi öhdəsinə qoyulmuşdur. Cavabdeh tərəfindən tərtib edilmiş akt və yazılmış cərimə tamamilə əsassızdır. Bu səbəbdən də, barəsində əsassız tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı aktın ləğv olunması və 1036,80 manat məbləğində cərimənin silinməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərə bildirmişdir ki, həqiqətən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yeddi ildir ki, daimi yaşayış olmamış, sadəcə yay aylarında bir-iki günlük həmin evə baş çəkib qayıtmışlar. Sayğaca İddiaçı, yaxud ailə üzvləri heç vaxt müdaxilə etməmiş, ümumiyyətlə toxunmamışdır. Sayğac fərdi yaşayış evinin çöl hissəsində quraşdırıldığından İddiaçı sayğacın təhlükəsizliyinə görə hər hansı bir məsuliyyət daşımamalıdır. Çünki hər gün sayğacın ətrafından onlarla insan keçmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq Cavabdeh tərəfindən iddiaçının barəsində tərtib edilmiş 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1059,48 manat məbləğində cərimənin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin Cavabdeh Zaqatala X6 İdarəsinin nümayəndəsi Nümayəndə 17 aprel 2025-ci ildə məhkəməyə elektron qaydada etiraz ərizəsi göndərərək göstərmişdir ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı adına rəsmiləşdirilmiş **********00000 saylı qaz hesabında 1059.48 manat borc olmuş, həmin borcun 1036.80 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləği olmuşdur. Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacı istismar müddəti bitdiyindən qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********9 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən Azərbaycan Metrologiya İnstitutunun aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik cızıq izləri var (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının nümayəndəsinin iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib etmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmaqla onun miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 8640 m3 (və ya 1036.80 manat) həcmində müəyyən edilmişdir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. Nəzərinizə çatdırıram ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri olmamış və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlmişdir. Sayğacın işlək vəziyyətdə saxlanılmasına dair cavabdehlik məsələsi ilə əlaqədar analoji olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-1758/2018 saylı qərarında göstərilmişdir ki, iddiaçının etibarlılığını mübahsiələndirdiyi xx.xx.2015-ci il tarixli aktdan görünür ki, iddiaçının yaşadığı evdə quraşdırılmış sayğacın çıxışındakı plastmas borudakı deşik alətlə deşilmişdir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqısatıqısı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qərarın 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Deməli iddiaçı qanunvericiliyin tələblərinə görə yaşadığı ünvan üzrə quraşdırılmış qaz sayğacının toxunulmazlığına cavabdeh olan şəxs hesab olunmaqla həmin sayğaca müdaxilə nəticəsində sayğacın sıradan çıxması nəticəsində paylayıcı Cavabdehnə dəymiş ziyana görə məsuliyyət daşımışdır. Müdaxilə faktı aşkar edilmiş sayğacın çıxarılma aktını və ondan olan qeydlərin mübahisələndirməməsi belə qənaətə gəlməyə əsas verir ki, o, sayğaca müdaxilə edilməsi ilə razılaşmışdır. Digər tərəfdən, qaz sayğacı küçədə olduğuna görə onun qorunmasının mümkün olmaması barədə izahatlar istehlakçını məsuliyyətdən azad edilməsinə əsas ola bilməz. Belə ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsirinin olmaması nəzərə alındıqda, bu dəlilin ağlabatan olmadığını bildirən Kollegiya belə qənaətə gəlir ki, mübahisəli qaz sayğacına müdaxilə edilməsi qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir ki, bu “gəlirin” istehlakçıdan başqa hər hansı bir kənar şəxsə müsbət təsiri ola bilməz. Göstərilənlərə əsasən, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ-yə qarşı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ünvan 2 ünvanında yaşayır ev üzrə Cavabdeh Zaqatala X7 İdarəsinin abonenti olmuşdur. Onun yaşadığı ünvanda G-4 markalı ******* nömrəli məişət qaz sayğacı quraşdırılmış və iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçı mənzilində təbii qazdan istifadə edildiyi barədə sübutlar olmasa da, onun barəsində tərtib edilmiş ******* nömrəli akt əsasında hesablanmış 1059,48 manat borcu mövcud olmuşdur. Həmin məbləğdən 1036,80 manatı qazdan istifadə qaydalarının pozulması nəticəsində itirilmiş təbii qaza görə aparılmış hesabata əsasən yaranmış borc olmuş, 22,68 manat isə istifadə edilmiş qaz sərfiyyatı üzrə yığılmış borc olmuşdur. İddiaçı da hazırkı ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən barəsində tərtib edilmiş 30 dekabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1059,48 manat məbləğində cərimənin hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı iddiası qismən əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 13.6-cı maddəsinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində tam həcmdə ödənilməzsə, məhkəmə qərarı ilə dayandırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (krediorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublukası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tətəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalniz məhkəmə iclasında tadqiq olunmuş sübutlarla əsaslandırır. İşdə olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı fərdi yaşayış evində Cavabdeh Zaqatala X6 İdarəsinin əməkdaşları tərəfindən təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilməsi və daxili qabacıqlarında əzik-cızıq izlərinin olması göstərilmişdir. Eyni zamanda həmin akta əsasən dəymiş ziyanın hesablanması qeyd olunmuşdur. Həmin akt əsasında tərtib edilmiş QİS-nin göstəriciləri barədə tələblər üzrə Cavabdehnə 8640 kubmetr ziyan dəydiyi müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı ******* nömrəli qaz saygacı Cavabdeh Zaqatala X6 İdarəsinin əməkdaşları tərəfindən çıxarılmışdır. G-4 markalı ******* nömrəli qaz sayğacına müdaxilə edilməsi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz İB tərəfindən akt tərtib edilmişdir. Bundan başqa müdaxilə olunması göstərilən sayğac iddiaçının yaşadığı evin həyətində deyil, həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Sayğaca müdaxilə olunması sonradan Cavabdeh aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da dəymiş ziyan hesablanmışdır. Həmçinin iddiaçı uzun müddətdir ki, qeyd olunan ünvanda yaşayış olmadığını iddia edir. Yaşayış olmadığı ünvanda isə təbii qazdan xeyrinə istifadə etdiyi uyğunluq təşkil etmir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən müdaxilə olunması qeyd edilən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində deyil, yol kənarında quraşdırmış olmasını və bu səbəbdən İddiaçı sayğacı kənar müdaxilələrdən qorumaqda birmənalı cavabdeh daşımaması, bunda çətinlik çəkməsini, onun müdaxiləsinin mübahisəsiz sübuta ehtiyac olmasını, belə bir sübutun mövcud olmadığını, yalnız xeyrinə olduğu əsas gətirilərək ehtimal olunduğunu, ehtimalın isə təqsirin təsdiqi üçün kifayət etmədiyini, dövlət möhürü üzərində olan sayğacda qüsurun yaranmasında istehlakçının nə kimi təqsirinin olmasının əsaslandırılmamasını nəzərə alaraq İddiaçı və ya onun ailə üzvləri tərəfindən sayğaca müdaxilə edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, iddiaçı həmin akt üzrə hesablanmış məbləğin silinməsini tələb etməkdə haqlıdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı hesablanmış 1036,80 manat borcu vardır. Bununla yanaşı, iddiaçı silinməsini istədiyi qalan məbləğin əsassız olaraq hesablanması barədə öz tələbini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Hazırkı iş üzrə iş materialı ilə İddiaçı 1036,80 manat dəymiş zərərlə bağlı hər hansı bir təqsirli hərəkətinin olduğu müəyyən edilməmişdir. Məhkəmə qeyd edilən akt və qərarda İddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi Cavabdeh İB-nin tələb etdiyi 1036,80 zərərin hesablanması barədə qərarın əsaslı olduğuna dair halları sübut etmək vəzifəsi bu qərarı qəbul etmiş orqanın üzərinə düşür. Lakin, iş üzrə cavabdeh tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsi yalnız ehtimal əsasında iddia edildiyindən qeyd edilənlərin şübhədən kənar olmadığını göstərir. Belə bir şübhənin heç olmasa azalması və reallığın mövcudluğunun mübahisə doğrumamasından ötrü sayğaca baxış, açılıb götürülməsi və müdaxilənin müəyyənləşməsi zamanı yerində istifadəçinin iştirakının təmin edilməsi üçün cavabdeh təşkilatın nümayəndələri tədbirlər görməməklə bu hallara diqqətli yanaşmamışlar, bununla bağlı hər hansı bir ağlabatan tədbir görməmişlər və nəticədə qeyd edilən sayğacın oradan sökülməsindən əvvəl və ya sonra zədələnməsinə əsaslı şübhələr araqan qalxmamışdır. Eyni zamanda sayğacda olan qüsurun sayğacdan keçən qaz sərfiyyatının doğru hesablanmasına təsir göstərib-göstərmədiyi də müəyyən edilməmişdir. Göstərilən həmin halların ehtimal və şübhə olduğu daxil olmuş etirazda etiraf edilmiş, əksinin, yəni borcun əsaslı hesablandığının ağlabatan olması isə cavabdeh tərəfindən hər hansı bir qaydada sübut edilmədi. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh Zaqatala X6 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 30 dekabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1036,80 manat məbləğində borc İddiaçı hesabından silinməli və iddia qalan hissədə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 864-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh Zaqatala X6 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 30 dekabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1036,80 manat məbləğində borc İddiaçı hesabından silinsin. Cavabdehndən 30.36 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(075)-1035/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1035/2025
29.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver