Məhkəmə qərarları › İş №e-2(075)-107/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-107/2023

12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-107/2023 12.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi 22 avqust 2022-ci il tarixə 30 iyun 2016-cı il tarixli 1848-GL/16 nömrəli müqavilə üzrə yaranmış 9443 manat gecikdirilmiş əsas borc, 12300,03 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 300 manat olmaqla, cəmi 22043,03 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçi "xxxx" ASC (Aqrolizinq ASC) ilə Cavabdeh arasında bağlanmış 30 iyun 2016-cı il tarixli 1848-GL/16 nömrəli müqaviləyə əsasən borclu, satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə maliyyə arayışının tərtib edildiyi 22 avqust 2022-ci il tarixə müqavilə üzrə 9443 manat gecikdirilmiş əsas borc və 12300,03 manat cərimə borcu yaranmışdır. Cavabdehə pretenziya məktubu göndərilərək öhdəliyinin yerinə yetirilməsi barədə edilmiş xəbərdarlıqlara baxmayaraq onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyinin nümayəndəsi Vəkil1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddia ərizəsind etiraz edərək bildirmişdir ki, 30 iyun 2016-cı il tarixli 1848-GL/16 nömrəli lizinq müqaviləsi üzrə borcun tutulması tələbi ilə "xxxx" ASC ona qarşı iddia qaldırmış və Şəki Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli 2(075)-325/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Ona görə də, hazırkı mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şəki Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli 2(075)-325/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin 2555 manat əsas borcun, 485 manat cərimənin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq Aqrolizinq ASC-yə ödənilməsi, 30 iyun 2016-cı il tarixli 1848-GL/16 saylı güzəştli lizinq müqaviləsinin ləğv edilərək lizinq obyekti olan 1 ədəd “Foton FT-1254” markalı traktorun saz vəziyyətdə "xxxx" ASC-yə geri qaytarılmasına dair iddiası təmin edilməmişdir. Məhkəmə qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC iddiasının əsası kimi Cavabdeh adından onun etibarnamə üzrə nümayəndəsi olan X3 ilə aralarında güzəştli lizinq müqaviləsinin bağlandığını göstərsə də, məhkəmə araşdırma zamanı müəyyən edildi ki, Cavabdeh X4 "xxxx" ASC-də lazım olan müqavilələri imzalamaq üçün yalnız 15 fevral 2017-ci il tarixdən etibarən 6 ay müddətinə, yəni 15 avqust 2017-ci il tarixədək etibar etmişdir. Tərəflər arasında bağlanıldığı iddia edilən güzəştli lizinq müqaviləsi isə bundan əvvəl, yəni 30 iyun 2016-cı il tarixdə imzalanmışdır. 30 iyun 2016-cı il tarixli güzəştli lizinq müqaviləsinin məzmununda da Cavabdeh adından X1 15 fevral 2017-ci il tarixli etibarnaməsi əsasında hərəkət edə biləcəyi göstərilmişdir. Məhkəmə onu da qeyd edir etməyi vacib hesab edir ki, 30 iyun 2016-cı il tarixli güzəştli lizinq müqaviləsinin Cavabdeh adından 30 iyun 2016-cı il tarixdə X3 tərəfindən imzalamaq səlahiyyətinin olması barəcə iddiaçı tərəfindən başqa bir etibarnamə məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Əgər iddiaçı sübut etmə vəzifəsini yerinə yetirmirsə, onda elə həmin səbəbdən onun iddiası təmin edilməməlidir. Göstərilənlər isə onu deməyə əsas verir ki, iddiaçı “Aqrolızınq ASC” ilə Cavabdeh arasında kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 30 iyun 2016-cı il tarixli 1848-GL/16 nömrəli gözəştli lizinq müqaviləsi bağlanmamış və Cavabdeh iddiaçı “Aqrolizinq ASC” qarşısında 30 iyun 2016-cı il tarixli 1840-GL/16 nömrəli gözəştli lizinq müqaviləsi üzrə üzərinə öhdəlik götürməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin 2555 manat əsas borcun, 485 manat cərimənin və 30 manat dövlət rüsumunun X2 tutularaq "xxxx" ASC-yə ödənilməsi, 30 iyun 2016-cı il tarixli 1848-GL/16 saylı güzəştli lizinq müqaviləsinin ləğv edilərək lizinq obyekti olan 1 ədəd “Foton FT-125” markalı traktrorun saz vəziyyətdə geri alınması tələbinə dair iddiası təmin edilməməlidir. Həmin qətnamədən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2018-ci il tarixli, 2(107)- 1082/2018 saylı qətnaməsi ilə təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli 2(075)-325/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının iddia ərizəsində 30 iyun 2016-cı il tarixli 1848-GL/16 nömrəli müqavilə üzrə borca münasibətdə artıq məhkəmə qərarları qəbul edilmiş və həmin qərarlar qanuni qüvvəsini almışdır. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı qismində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyi, əvvəlki mülki işdə isə iddiaçı qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti olsa da, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanınından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyinə keçmişdir. Qanunvericilikdə eyni tərəflər arasında, eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduqda həmin predmet barəsində yenidən iddia qaldırılmasının yolverilməz olduğunu nəzərə alan məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə icraata xitam verilməlidir. Həmşinin məhkəmə qeyd edir ki, iddia ərizəsində vəkilə ödənilmiş məbləğlə bağlı tələb olsada, həmin tələb əsas pul tələbindən irəli gəldiyindən ayrıca məhkəmə mübahisəsi kimi qiymətləndirilməməli və məhkəmə xərci kimi iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçının hüquqi yardımla bağlı ödənilmiş 300 manat özünə aid edilsin. Qərardaddan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar