Məhkəmə qərarları › İş №e-2(075)-1095/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1095/2023

11.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1095/2023 11.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə müraciət edərək cərimə borcunun silinməsi tələbinə dair iddiası və iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, İddia tələbinin dəlilləri; İddiaçı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən akt əsasında hesablanmış qaz sərfiyyatının və **********00000 abonent koduna vurulmuş 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, sonrakı prosessual hərəkətlər yerinə yetirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki rayonu, Öyrət kəndində ona məxsus fərdi yaşayış evi mövcuddur. Həmin fərdi yaşayış evinə qaz xətti çəkilmiş və buna müvafiq olaraq istifadə edilmiş qazın hesablanması üçün fərdi yaşayış evindən kənarda qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı onun nəzarət edə biləcəyi məsafadə olmadığından ümumiyətlə sayğac ilə maraqlanmamış, nəzarətçi tərəfindən ünvanına təqdim edilmiş bildirişlər üzrə tərəfindən mütəmadi ödənişlər edilmişdir. sayğacın ekranının qırılması, giriş borusunun deformasiyaya uğraması qeyd edilmişdir, daha sonra yeni qaz sayğacı quraşdırılmış və bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Daha sonra Cavabdeh əməkdaşları tərəfindən 26 sentyabr 2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin aktda göstərilmişdir ki, ARDNŞ Cavabdeh İB-nin MSK 29/1710-02944-1 saylı aktına əsasən sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının şüşəsi sınıqdır, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Qaz sayğacının hesablama mexanizminin qoruyucu plastmas qapağının şüşəsinin hansı şəraitdə və hansı səbəbdən sınması ona məlum deyildir. Cavabdeh tərəfindən 23 may 2022-ci il tarixdə tərtib edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərkən Cavabdeh əməkdaşları tərəfindən ona aktın hər-hansı bir məsuliyyət üçün əsas olmayacağı, sayğacı çıxardıqları üçün rəsmiləşmə apardıqları bildirilmiş və ondan akta imza etməyi xahiş edilmişdir. O, da Cavabdeh əməkdaşlarının göstərdiklərinə inanaraq, aktı imzalamışdır. Bundan əlavə, Cavabdeh tərəfindən 26 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-02944-1 nömrəli aktda göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının şüşəsi sınıqdır, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır. Cavabdeh tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 29 sentyabr 2022-ci il tarixli tələbnamdə göstərilmişdir ki, G4 markalı ******* nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 4 m orta günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi müəyyən edilmişdir. Bundan sonra cavabdeh təşkilat onu əsassız və qanunsuz olaraq 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində cərimə etmişdir. Cavabdeh təşkilatın nümayəndələri tərəfindən tərtib edilmiş həmin akt qanunsuz, əsassızdır. Belə ki, qaz sayğacı onun həyətindən kənarda, nəzarət imkanının olmadığı yerdə quraşdırılmışdır. Eyni zamanda X1 əməkdaşları tərəfindən hər ay ona istifadə etdiyi qaz sərfiyyatını özündə əks etdirən bildirişlər təqdim edilmiş və tərəfindən həmin bildirişlər üzrə mütəmadi ödənişlər edilmişdir. Göründüyü kimi cavabdehin təşkilatın nümayəndələri qarşılarına qoyulmuş kvotanı doldurmaq üçün onu qanunsuz olaraq cərimə etmişlər. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvafiq tələbləri pozmuşlar və qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. İstifadəsində olan qaz saygacı evinin küçə qapısından xeyli aralı məsafədə quraşdırılmışdır. O, sayğaca hər hansı şəkildə müdaxilə etməmişdir. Cavabdeh təşkilat tərtib etdiyi aktda isə göstərmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının şüşəsi sınıqdır. Onun yaşayış sahəsinə aid qaz sayğacı həyət divarından çöldə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə o, cavabdehlik daşımır. Qanunvericiliyin tələbinə görə, qaz sayğacının kənar müdaxilələrdən mühafizəsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Lakin buna baxmayaraq itirilmiş qazın dəyəri ondan tələb edilir. Bütün bunlar cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1ində yaşayan İddiaçı sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 583.62 (beş yüz səksən üç manat 62 qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 1036.80 (bir min otuz altı manat 80 qəpik) manat, cəmi 1620.42 (bir min altı yüz iyirmi manat 42 qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 36.21 (otuz altı manat 21 qəpik) manat dövlət rüsumun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 1657.03 (bir min altı yüz əlli yeddi manat 03 qəpik) manat borcun (pulun) tutularaq Cavabdeh xeyrinə ödənilməsi (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsi də məhkəmənin icraatına qəbul edilərək, sonrakı prosessual hərəkətlər yerinə yetirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, SOCAR Cavabdeh İB-nin Zaqatala X3 İdarəsinin Şəki xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan ünvan 1ində yaşayan cavabdeh İddiaçı məxsus mənzilində 8148 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh İddiaçı **********00000 saylı qaz hesabında ödənilməmiş 1620.42 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 583.62 manat hissəsi sayğac göstəricisinə və 1036.80 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. görə aparılmış hesabata əsasən yaranmışdır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 583.62 manat həcmindəki borc cavabdeh İddiaçı yaşadığı ünvanda hazırda istismarda olan G4T markalı **********1 nömrəli sayğacın 2155 m göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 1036.80 manat həcmindəki borc cavabdeh İddiaçıyaşadığı ünvan 1i ünvanında istismarda olmuş G-4 markalı ******* nömrəli qaz sayğacına müdaxilə nəticəsində müəyyən edilmişdir. Belə ki, Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə İddiaçıyaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı ******* nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacda müdaxilə faktının aşkar olunması səbəbindən zərurət olduğundan həmin qaz sayğacı şəbəkədən açılaraq yeni qaz sayğacı ilə əvəzlənmiş və müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Keçirilmiş baxış üzrə Metrologiya Departamentinin vermiş olduğuxx.xx.2022-ci il tarixli 29/1710-02944-1 saylı rəydə "sayğacın hesablama mexanizminin qapağının qoruyucu qapağının şüşəsi sınıqdır" qeyd edilmişdir. Verlmiş rəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m orta günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-ninxx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 8640 m (və ya 1036.80 manat) həcmində müəyyən edilmişdir. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şəki Rayon Məhkəməsinin 2(075)-972/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-972/2023 nömrə ilə qeydiyyata alınmış iddiaçı Cavabdeh İslahat Birliyinin cavabdeh İddiaçı qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş və Şəki Rayon Məhkəməsində 2(075)-1095/2023 nömrə ilə qeydiyyata alınmış İddiaçı Cavabdeh İslahat Birliyinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş bir icraatda birləşdirilməsi və mülki işlərin 2(075)-1095/2023 nömrə ilə qeydiyyata alınması qərara alınmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları 27 noyabr 2015-ci il tarixli, 8148 saylı “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həmin müqavilədə nəzərdə tutulan şərtlərlə razı olduğuna görə Cavabdeh İB ilə onun arasında təbii qazın alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Abonentin saldosundan görünür ki, İddiaçı **********00000 saylı qaz hesabında 2022ci ilin sentyabr ayında ödənilməmiş 1036.80 manat borc vardır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 23 may 2022-ci il tarixli, ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ünvanında istismarda olmuş “Elestr” tipli, G-4 markalı, ******* nömrəli sayğacı çıxarılmış, əvəzində “Zenner” tipli, G-4 markalı, yeni **********1 saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 sentyabr 2022-ci il tarixli, ******* nömrəli təsdiq edilmiş aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı Şəki rayonu, Öyrət kəndində Cavabdeh Zaqatala X3 İdarəsinin əməkdaşları tərəfindən təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə “sayğacın hesab mexanizminin qoruyucu plastmas qapağının şüşəsinin sınıq olduğu, sayğacdan qaz keçirdiyi, hesab mexanizminin keçən qazın hecmini qeyd etmədiyi” göstərilmişdir. Aktın doğruluğu Cavabdeh Zaqatala X3 İdarəsinin əməkdaşları tərəfindən təsdiq edilmiş, sözügedən akt İddiaçı tərəfindən imza etməkdən imtina edilmişdir. Cavabdeh İB-nin Zaqatala RQİİ-nin 29 sentyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yaşadığı Şəki rayonu, Öyrət kəndində yerləşən evində qaz işlədicilərindən G-4 markalı, ******* nömrəli sayğacın nominal qaz burxma qabiliyyəti 4m³ günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 8640 m3 müəyyən edilmişdir. Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu 13-cü maddənin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə “Qazdan istifadə Qaydaları" 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.2-ci maddəsinə görə, müqavilə onun bağlandığı vaxt qüvvədə olanqanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarı Qərarda göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı Qərarda qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi təmin edilməli, Cavabdeh İB tərəfindən verilmiş iddia ərizəsi qismən təmin edilməlidir. İş materialı ilə hazırkı iş üzrə cavabdeh İddiaçı hər hansı bir təqsirli hərəkəti olduğu müəyyən edilməmişdir. Belə ki, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın hesab mexanizminin qoruyucu plastmas qapağının şüşəsinin sınıq olduğu, sayğacdan qaz keçirdiyi, hesab mexanizminin keçən qazın hecmini qeyd etmədiyi” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Belə ki, iş materiallarından göründüyü kimi “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 23 may 2022ci il tarixli, ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, qaz sayğacı çıxarılarkən aktda onun plombunun zədələnmiş olması ilə bağlı heç bir qeyd aparılmamışdır. Məhkəmə hesab edir ki, sayğacın hesab mexanizminin qoruyucu plastmas qapağının şüşəsinin sınıq olması, sayğacdan qaz keçirməsi, hesab mexanizminin keçən qazın hecmini qeyd etməməsi özü-özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin və ya üçüncü tərəfin hərəkəti (hərəkətsizliyi) nəticəsində yarana bilər. Sözügedən sayğacın cavabdehin mülkiyyətində olan ərazidə deyil, yol kənarında quraşdırılmış olması hüquq pozuntusunun İddiaçı və onun ailə üzvləri tərəfindən törədilməsi ilə bağlı cavabdehin təqsirli olmasını şübhə altına alır. Buna görə də iddia tələbi 1036.80 manat akt əsasında yaranmış borcun cavabdehdən tutulması hissəsində əsaslı deyildir. Məhkəmə baxışı zamanı Cavabdeh nümayəndəsi 1036.80 manat pulun cavabdeh İddiaçı alınaraq Cavabdehnə ödənilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, akt əsasında hesablanmış qaz sərfiyyatı kimi 1036.80 manat məbləğində hesablanmış borc İddiaçı hesabından silinməli; İddiaçı Cavabdeh İB-nin iddiası qismən təmin edilməli, İddiaçı 583.62 (yeddi yüz altmış səkkiz manat altı qəpik) manat tutularaq Cavabdeh İB-nin xeyrinə (bank hesabı:ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı 36.21 (otuz altı manat iyirmi bir qəpik) manat ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi kimi 0.40 (qırx qəpik) manat pul tutularaq Cavabdeh İB-nin xeyrinə (bank hesabı:ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) ödənilsin Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. Hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 1036.80 (min otuz altı manat səksən qəpik) manat məbləğində hesablanmış borc İddiaçı hesabından silinsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30.36 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. İddiaçı Cavabdeh İB-nin iddiası qismən təmin edilsin. İddiaçı sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 583.62 (beş yüz səksən üç manat altmış iki qəpik) manat tutularaq Cavabdeh İB-nin xeyrinə (bank hesabı:ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) ödənilsin. İddiaçı 15 (on beş) manat ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi kimi 0.40 (qırx qəpik) manat pul tutularaq Cavabdeh İB-nin xeyrinə (bank hesabı:ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar