Məhkəmə qərarları › İş №e-2(075)-1111/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1111/2023

11.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1111/2023 11.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində "xxxx" ASC-nin X5 Şəbəkəsi MMC-nin əməkdaşlarının tərtib etdikləri 10 noyabr 2022-ci il tarixli, 272518 nömrəli akt əsasında hesablanmış 1110 manat manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki şəhəri, S.Mümtaz küçəsindəki evində həmişə işlətdiyi elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında poçta ödəmişdir. Həmişə sayğac üzrə ödəniş aparmışdır. Lakin cavabdeh təşkilatın nümayəndələri 10 noyabr 2022ci il tarixdə evinə gələrək barəsində akt tərtib etmişlər. Həmin akt tərtib edilərkən cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə “X1 qaydalarının” tələblərini pozmuşlar, bununla da istehlakçı kimi ona nasazlığın aradan qaldırılmasında köməklik göstərilməsi əvəzinə, X1 qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Yəni, akt tərtib edilərkən nəinki hal şahidlərinin iştirakı təmin edilmiş, ümumiyyətlə barəsində akt tərtib edilən şəxsin iştirak etməsi üçün hər hansı bir təşəbbüs irəli sürməmişlər. Bundan başqa 10 noyabr 2022-ci il tarixli, 272518 nömrəli aktın tərtibində nəinki istehlakçının özünün, ailə üzvünün, hətta hal şahidlərinin də iştirakı təmin edilməmişdir. Göründüyü kimi cavabdehin təşkilatın nümayəndələri qarşılarına qoyulmuş planı doldurmaq üçün onun evində olmamağından mükəmməl olaraq istifadə etmişlər. Bundan başqa həmin aktı məşət abonenti kimi imzalamamışdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda ayrıca qeyd aparılmalıdır. Lakin, cavabdeh təşkilatın nümayəndəsi həmin aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşlar. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq aktın ləğv sayılması və akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı yazılı etirazın dəlilləri Cavabdeh "xxxx" ASC 11 may 2023-cü il tarixdə məhkəməyə elektron etiraz ərizəsi göndərərək göstərmişdir ki, İddiaçı cavabdeh “Azərişıq'’ ASC-yə qarşı “akt əsasında hesablanmış 1110.00 manat borcun hesabından silinməsi"nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şəki şəhəri S.Mümtaz küçəsində yaşadığı fərdi yaşayış evi “Azərişıq ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********09911 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2022-ci il tarixində "Azərişıq” ASC-nin əməkdaşları N.Məmmədkərimov, B.Babayev və C.Bağırlı tərəfindən Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X1 Qaydaları’na uyğun baxış keçirilmişdir. Baxış zamanı sayğacın hesablama mexanizmində müdaxilə izlərinin olduğu aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları”nın 8.17 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli, R272518 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən 09 02.2023-cü il tarixində Şəki EŞ-nın əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yeni PAUD-MP106 smart tipli elektrik sayğacı ilə əvəz edilərək möhürlənmiş və elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyanın xx.xx.2023-cü il tarixli, 341732 saylı protokolu ilə elektrik sayğacının gövdə və kassa mexanizminin üzərində müdaxilə izlərinin olduğu barədə rəy verilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixli, R272518 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSl-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 93 gün üçün 0 08 manatla 620 kvt.s (dəyəri 49.60 manat) 09 manatla 310 kvt.s (dəyəri 27 90 manat) və 0.13 manatla 2070 kvt.s (dəyəri 269 10 manat) toplamda 346.60 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. İddiaçı tərtib edilmiş akta əsasən itirilmiş enerji ilə bağlı hesablanmış məbləğdən 11,08 manatını ödəmiş və xx.xx.2023-cü il tarixinə 335.52 manat borcu qalmışdır. İddiaçı iddia ərizəsində “X1 Qatdaları”nın 8.33-cü bəndinə istinad etmişdir. “X1 Qatdaları”nın 8.33-cü bəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 155 saylı qərarı ilə ləğv edilmişdir. İddiaçı iddia tələbində silinəcək məbləği 1110.00 manat göstərmişdir. İdiaçıya qeyd olunan akt əsasında 346.60 manat hesabat aparılmışdır. İddiaçı yaşadığı Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2022-ci il tarixli R272518 saylı akt ‘EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. İddiaçı cavabdeh "Azərişıq'’ ASC-yə qarşı “akt əsasında hesablanmış 1110.00 manat borcun hesabından silinməsi' tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmişdir. Lakin İddiaçı 16 may 2023-cü il tarixdə məhkəməyə elektron ərizə göndərərək üzrlü səbəbdən məhkəmədə iştirak edə bilmədiyini, məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələbinə uyğun olaraq İddiaçı və cavabdeh "xxxx" ASC nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları Elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 341712 nömrəli protokoldan görünür ki, **********630446 nömrəli, “09-6807A5 (60)” tipli sayğac çıxarılmış, əvəzində yeni “ MP-106A5 (80)” tipli, ********** nömrəli sayğacla əvəz olunmuşdur. 10 noyabr 2022-ci il tarixli, 272518 nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, EEİQ-na uyğun olaraq sayğac uçot dəstinə baxış keçirən zaman, sayğacın hesablama mexanizmində müdaxilə izləri aşkar edilmişdir. Abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********09911 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. "xxxx" ASC-nin 01 mart 2023-cü il taixli Əhali istehlakçı qrupuna aid olan abonentlərin uçot komponentlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərə dair icra vərəqəsindən görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********09911 saylı kod altında 346.60 manat borc hesablanmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları” 8.2 -ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.17-2. bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmənin mövqeyi İddiaçı istifadəsində olan elektrik sayğacına yazılmış elektrik enerjisi borcunun sayğacın nasaz olması ucbatından yaranması iş materiallarına əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, sayğacın nasaz olmasının İddiaçı vəziyyətini daha da ağırlaşdıraraq ona əlavə elektrik enerjisi borcunun yazılmasına səbəb olmuşdur. Məhkəmə «X1 qaydaları»nın 7.11-ci bəndini və yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Şəki EŞ-nin enerji satış bazasında **********09911 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı elektrik sayğacında yaranmış problemin onun təqsiri ucbatından yaranması ilə bağlı cavabdeh "xxxx" ASC-nin “Şimal-Qərb” X3 və Satışı İdarəsinin nümayəndəsinin etiraz ərizəsində göstərdikləri əsaslı deyil. Belə ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən 10 noyabr 2022-ci il tarixdə iddiaçıya məxsus Şəki şəhəri, S.Mümtaz küçəsindəki yerləşən mənzildə X1 qaydalarına əməl edilməsinə riayət edilib-edilməməsini yoxlamaq üçün baxış keçirilmiş, sayğacın hesablama mexanizmində rəqəmlərin qarışaraq simmetriyanın pozulması ilə əlaqədar “X1 qaydalarının” pozulması əsas götürülərək 272518 nömrəli akt tərtib edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları aktda onun tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aşkar edilmiş pozuntunun məhz istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamış, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, İddiaçı elektrik sayğacının nasaz olması ilə bağlı ona əlavə olaraq yazılmış elektrik enerjisi borcu onun təqsiri ucbatından yaranmamışdır. Belə ki, qeyd edilən sayğacın yenisi ilə əvəzlənməsi günündə **********09911 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan X2 10 noyabr 2022-ci il tarixə 620 kvts+49,60 manat, 310kvts+27,90 manat, 2070kvts+269,10 manat, enerji istehlak etmiş və onun cəmi 346,60 manat borcu olması müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı 10 noyabr 2022-ci il tarixli, 272518 nömrəli akt əsasında hesablanmış 346,60 manat borcun deyil 1110 manat borcun hesabından silinməsini xahiş edir. Məhkəmə İddiaçı digər iddianın dəymiş ziyandan əlavə olaraq digər məbləğində silinməsinə dair qalıq borc üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hansı qaydada hesablanmasını ümumiyyətlə həmin borc məbləğinin mövcud olmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə iddianı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 10 noyabr 2022-ci il tarixli, 272518 nömrəli aktı əsasında hesablanmış 346,60 manat hissəsində əsaslı hesab edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair 10 noyabr 2022-ci il tarixli, 272518 nömrəli akt əsasında **********09911 saylı abonent kod hesabında qeydə alınmış 346,60 (üç yüz qır altı manat altmış qəpik) manat borc İddiaçı hesabından silinməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Odur ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair 10 noyabr 2022-ci il tarixli, 272518 nömrəli akt əsasında **********09911 saylı abonent kod hesabında qeydə alınmış 346,60 (üç yüz qır altı manat altmış qəpik) manat borc İddiaçı hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar