Məhkəmə qərarları › İş №e-2(075)-1117/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1117/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1117/2024 15.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “Azəriqaz” İtehsalat Birliyinin cavabdeh X5 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı “Azəriqaz” İtehsalat Birliyi cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki şəhəri D.Bünyadzadə küçəsi 26-da yaşayan cavabdeh X1 göstəricisinə əsasən aparılmış hesabata görə 709.53 (yeddi yüz doqquz manat 53 qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 518.40 (beş yüz on səkkiz manat 40 qəpik) manat, cəmi 1227.93 (bir min iki yüz iyirmi yeddi manat 93 qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 32.28 (otuz iki manat 28 qəpik) manat dövlət rüsumun, ümumilikdə isə 1260.21 (bir min iki yüz altmış manat 21 qəpik) manat borcun (pulun) tutularaq “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə ödənilməsi (bank hesabları: ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR “Azəriqaz” İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Şəki xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Şəki şəhəri D.Bünyadzadə küçəsi 26-də yaşayan cavabdeh X5 məxsus mənzilində 17244 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh X4 **********00000 saylı qaz hesabında ödənilməmiş 1227.93 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 709.53 manat hissəsi sayğac göstəricisinə və 518.40 manat hissəsi isə təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış borc: iddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 709.53 manat həcmindəki borc cavabdeh X4 yaşadığı ünvanda hazırda istismarda olan G4T markalı **********9 nömrəli sayğacın 8980 göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Dəymiş ziyan ilə bağlı aparılmış hesabata görə yaranmış borc: İddia tələbində göstərilən qeyri-qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 518.40 manat həcmindəki borc cavabdeh X4 yaşadığı ünvanda istismarda olmuş qaz sayğacına müdaxilə edilməklə qanunsuz təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən X4 istifadəsində olan G4 markalı 1402AZ**********12 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********9 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin xx.xx.2022-ci il tarixli 29/1710-05493-1 saylı aktında göstərilmişdir ki, sayğacın klapanı sınıqdır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 4320 m (və ya 518.40 manat) həcmində müəyyən edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəm iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 22 fevral 2022-ci il tarixli müqavilədən görünür ki, “Azəriqaz” İB istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq təqdim edilən hesaba əsasən ödəyir. - “Azəriqaz” İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 fevral 2022-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, “Azəriqaz” İB-nin MSK 29/1710-05493-1 saylı aktına əsasən sayğacın klapanı sınıqdır. Sayğac mənfiyə işləyir. Sayğac saatlıq qaz sərfinə uyğun quraşdırılsın. - MSK-29/1710-05493-1 saylı aktdan görünür ki, cavabdehə məxsus evdən açılan sayğacın yoxlanılması zamanı, sayğaca baxış keçirildiyi, sayğacın klapanlarının sınıq olmasında 1037 m3 əks olunur. Sayğac mənfiyə işləyib. Sayğac ALARM+5 rejiminə salındı və ALARM +5 rejimindən çıxarıldı. 25 fevral 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, X4 istifadəsində olan G4 markalı qaz sayğacının maksimal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qeyd edilmişdir. İtirilmiş qazın miqdarı cəmi 4320 m3 müəyyən edilmişdir. - Abonentin saldosundan görünür ki, X4 adına olan **********00000 nömrəli abonent kodunda 2024-cü ilin fevral ayına ümumilikdə 1227,93 manat borc vardır. Həmin borcun 518,40 manat hissəsi akta əsasən hesablanmış məbləğ, 709,53 manat hissəsi isə istifadə olunmuş dəbii qazın dəyəridir. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 32,28 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında təbii qazın alqısatqısı barədə xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçını təbii qazla təchiz etməyi, cavabdeh isə istifadə etdiyi qazın dəyərini ödəməyi öz öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən istifadə edilən təbii qazın həcminin müəyyən edilməsi məqsədilə sayğac, iddiaçıya məxsus fərdi evinin çölündə quraşdırılmışdır. Cavabdeh tərəfindən iddiaçıya akt tərtib edilməsinin səbəbi kimi sayğacın klapanının sınıq olması, sayğacın mənfiyə işləməsi göstərilmişdir. Məhkəmə iddia tələbinin akta əsasən hesablanmış 518.40 manat borcun tutulması hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh “Qazdan istifadə qaydaları”nın tələblərinə uyğun olaraq sayğacın üstünü müvafiq örtüklə bağlamamış, həmçinin iddiaçının nəzarətindən kənar, küçədə yerləşən sayğacın klapanının sınıq olması, sayğacın mənfiyə işləməsini qeyd etsə də, həmin qüsurun məhz cavabdehin təqsiri üzündən yaranması ilə bağlı sübutlar təqdim edə bilməmişdir. Məhkəmə, iddiaçı tərəfindən məhz hansı pozuntunun törədilməsi göstəriləmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi 518,40 manat borcun tutulması hissəsində təmin edilməməlidir. İddia tələbinin qaz sərfinə görə hesablanmış 709,53 manat borcun tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarına, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və sayğac göstəricilərinə əsasən cavabdehin təbii qazdan istifadəyə görə sayğac göstəricilərinə əsasən 709,53 manat borcu yarandığı müəyyən edilir. İddia tələbi həmin hissədə təmin edilməli, cavabdeh X2 709.53 manat borc məbləği tutularaq iddiaçı “Azəriqaz” İB-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 göstəricisinə əsasən aparılmış hesabata görə 709.53 (yeddi yüz doqquz manat əlli üç qəpik) manat, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq “Azəriqaz” İstehsalat Birliyinə (bank hesabları: ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar