Məhkəmə qərarları › İş №e-2(075)-1139/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1139/2023

26.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1139/2023 26.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən aktlar əsasında ona hesablanmış qaz sərfiyyatının və **********00002 abonent koduna 2017-ci ildə vurulmuş 172,80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat borcun və 2019-cu ildə vurulmuş 626,40 (altı yüz iyirmi altı manat qırx qəpik) manat borcun silinməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəki şəhəri, N.Nərimanov pr. 30 B ünvanında ona məxsus fərdi yaşayış evi mövcuddur. Həmin fərdi yaşayış evinə qaz xətti çəkilmiş və buna müvafiq olaraq istifadə edilmiş qazın hesablanması üçün fərdi yaşayış evindən kənarda qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı onun nəzarət edə biləcəyi məsafadə olmadığından ümumiyətlə sayğac ilə maraqlanmamış, nəzarətçi tərəfindən ünvanına təqdim edilmiş bildirişlər üzrə tərəfindən mütəmadi ödənişlər edilmişdir. 2019-cu ildə onun mülkiyyətində olan yuxarıda göstərdiyi fərdi yaşayış evində olan sayğac çıxarılmış və çıxarılan sayğacın əvəzində yeni smart tipli sayğac quraşdırılmışdır. Bundan sonra da, tərəfindən mütəmadi ödənişlər edilərək qazdan istifadə edilmişdir. Son dövrlərdə tərəfindən sayğaca edilən ödənişlərin sərfiyyata münasibətdə düz gəlmədiyini müşahidə etdiyindən həmin məsələnin araşdırılması üçün müvafiq olaraq qaz idarəsinə müraciət edilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, ona məxsus olan qaz sayğacına 2017-ci ildə 172,80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat, 2019-cu ildə isə 626,40 (altı yüz iyirmi altı manat qırx qəpik) manat cərimə borcu yazılmışdır. Daha sonra müvafiq sənədləri götürdükdən sonra ona məlum olmuşdur ki, 16 oktyabr 2017-ci ildə X1 əməkdaşları tərəfindən sayğac növbəti dövlət yoxlaması məqsədi ilə çıxarılmış, heç bir nöqsan aşkar edilməmişdir, daha sonra yeni qaz sayğacı quraşdırılmış və bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Daha sonra X1 əməkdaşları tərəfindən 14 dekabr 2017-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin aktda göstərilmişdir ki, ARDNŞ Azəriqaz İB-nin 20 noyabr 2017-ci il tarixli, MSK 29/1710-1450-1 saylı aktına əsasən sayğacın plastmas qapağının üzərində olan zavod qurğuşun plombu kənar təsir nəticəsində əzilib. Hörmətli məhkəmə qaz sayğacının sayğacın plastmas qapağının üzərində olan zavod qurğuşun plombunun hansı şəraitdə və hansı səbəbdən əzilməsi ona məlum deyildir. X2 tərəfindən 16 oktyabr 2017-ci il tarixdə tərtib edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərkən həmin akt qardaşım tərəfindən imzalanmışdır, buna səbəb isə X1 əməkdaşları tərəfindən qardaşısına aktın hər-hansı bir məsuliyyət üçün əsas olmayacağı, sayğacı çıxardıqları üçün rəsmiləşmə apardıqları bildirilmiş və ondan akta imza etməyi xahiş edilmişdir. O da X1 əməkdaşlarının göstərdiklərinə inanaraq, aktı imzalamışdır. Bundan əlavə, X2 tərəfindən 20 noyabr 2017-ci il tarixdə tərtib edilmiş qaz sayğacının yoxlanılması barədə MSK 29/1710-1450-1 saylı aktda göstərilmişdir ki, sayğacın plastmas qapağının üzərində olan zavod qurğuşun plombu kənar təsir nəticəsində əzilib. X2 tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 14 dekabr 2017-ci il tarixli tələbnamədə göstərilmişdir ki, ARDNŞ Azəriqaz İB-nin 29/1710-1450-1 nömrəli aktına əsasən qaz işlədicilərindən PQ-4-nin maksimal saatlıq qaz sərfi 1.2 m/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 1.2x4x180=864 m, cəmi 864 m Bundan sonra cavabdeh təşkilat onu əsassız və qanunsuz olaraq 172,80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat məbləğində cərimə etmişdir. Digər sənədlərlə tanış olarkən həmçinin müəyyən edilmişdir ki, 04 fevral 2019-cu ildə X1 əməkdaşları tərəfindən ona məxsus olan fərdi yaşayış evinə quraşdırılmış sayğac növbəti dövlət yoxlaması məqsədi ilə çıxarılmış, heç bir nöqsan aşkar edilməmişdir, daha sonra yeni qaz sayğacı quraşdırılmış və bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Daha sonra X1 əməkdaşları tərəfindən 21 iyun 2019-cu il tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin aktda göstərilmişdir ki, ARDNŞ Azəriqaz İB-nin 22 may 2019-cu il tarixli, MSK 29/1710-00789-3 saylı aktına əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Hörmətli məhkəmə qaz sayğacının hesablama mexanizminin qapağının hansı şəraitdə və hansı səbəbdən əzilməsi, həmçinin daxili qulaqcıqlarında əzik-cızıq işlərinin şəraitdə və hansı səbəbdən yaranması ona məlum deyildir. X2 tərəfindən 04 fevral 2019cu il tarixdə tərtib edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərkən həmin akt tərəfimdən imzalanmışdır, buna səbəb isə X1 əməkdaşları tərəfindən ona aktın hər-hansı bir məsuliyyət üçün əsas olmayacağı, sayğacı çıxardıqları üçün rəsmiləşmə apardıqları bildirilmiş və ondan akta imza etməyi xahiş edilmişdir. O da X1 əməkdaşlarının göstərdiklərinə inanaraq, aktı imzalamışdır. Bundan əlavə, X2 tərəfindən 20 noyabr 2017-ci il tarixdə tərtib edilmiş qaz sayğacının yoxlanılması barədə MSK 29/1710-00789-3 saylı aktda göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzikcızıq izləri var. X2 tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 28 iyun 2019-cu il tarixli tələbnamdə göstərilmişdir ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m /saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün; dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m /saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 90 gün; Q.S.Q-nin maksimal saatlıq qaz sərfi 1.5 m /saat, orta günlük iş rejimi 8 saat, orta günlük iş rejimi 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi müəyyən edilmişdir. 1.2x6x90=648 m, 1.5x8x90=1080 m, 8x18x90=4536 m, cəmi 6264 m. Bundan sonra cavabdeh təşkilat onu əsassız və qanunsuz olaraq 626,40 (altı yüz iyirmi altı manat qırx qəpik) manat məbləğində cərimə etmişdir. Hesab edir ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən tərtib edilmiş həmin aktlar qanunsuz, əsassızdır. Belə ki, qaz sayğacı həmişə onun həyətindən kənarda, nəzarət imkanının olmadığı yerdə quraşdırılmışdır. Eyni zamanda X1 əməkdaşları tərəfindən hər ay ona istifadə etdiyi qaz sərfiyyatını özündə əks etdirən bildirişlər təqdim edilmiş və tərəfindən həmin bildirişlər üzrə mütəmadi ödənişlər edilmişdir. Göründüyü kimi cavabdehin təşkilatın nümayəndələri qarşılarına qoyulmuş kvotanı doldurmaq üçün onu qanunsuz olaraq cərimə etmişlər. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə aktlar tərtib etməklə müvafiq tələbləri pozmuşlar və qazdan istifadə qaydalarının pozulması barədə aktlar tərtib etməklə yanlışlığa yol vermişlər. Göstərmişdir ki, istifadəsində olan qaz sayğacları həmişə evinin küçə qapısından xeyli aralı məsafədə quraşdırılmışdır. O, sayğaca hər hansı şəkildə müdaxilə etməmişdir. Cavabdeh təşkilat tərtib etdiyi aktlarda göstərilənlər həqiqəti əks etdirmir. Onun yaşayış sahəsinə aid qaz sayğacı həyət divarından çöldə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə o, cavabdehlik daşımır. Qanunvericiliyin tələbinə görə, qaz sayğacının kənar müdaxilələrdən mühafizəsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Lakin buna baxmayaraq itirilmiş qazın dəyəri ondan tələb edilir. Bütün bunlar cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh tərəfindən 2017-ci ilin mart ayında bir dəfə cərimə hesablanmışdır. O, özü Rusiya Federasiyasında olduğundan qardaşına etibarnamə vermişdir. Onun qardaşı qeyd edilən cərimənin silinməsi ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmənin müvafiq qətnaməsinə əsasən Cavabdeh tərəfindən hesablanmış cərimə məbləği onun hesabından silinmişdir. Bildirmişdir ki, o, əvvəllər hazırki 2017-ci ildə hesablanmış 172,80 manat borcun və 2019-cu ildə hesablanmış 626,40 manat borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. 2019-cu ildə hesablanmış borc məbləğindən də, məlumatı olmuşdur. O, həmin borc məbləğlərinin silinməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, cavabdeh təşkilat ona məhkəməyə müraciət etməsini bildirmişdir. Göstərmişdir ki, o, yaşadığı ünvanda quraşdırılmış sayğaca hər hansı müdaxilə etməmişdir. Qeyd edilən cərimə məbləğləri əssassız olaraq hesablanmışdır. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi 12 iyun 2023-cü il tarixdə məhkəməyə elektron qaydada etiraz ərizə ünvanlayaraq iddia müddətinin tətbiq edilməsini, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Etiraz ərizəsində göstərilmişdir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 799.20 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Göstərmişdir ki, İddiaçı adına rəsmiləşdirilmiş **********00002 saylı qaz hesabında 626.40 manat borc vardır. Həmin borcun tam hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu mübahisələndirməkdədir. Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin xx.xx.2019-cu il tarixli 29/1710-00789-1 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfindən əzilib və daxili qulaqcıqlarda əzik cızıq izləri vardır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-ci il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz cihazlarının maksimal qaz sərfləri nəzərə alınmaqla hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 6264 m3 (və ya 624.40 manat) həcmində müəyyən edilmişdir. Bundan əlavə iddiaçının mübahisələndirdiyi akt əsasında hesablanmış 172.80 manat borcun yaranma mənbəyi ondan ibarətdir ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı 10038327 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin xx.xx.2017cu il tarixli 29/1710-01450- 1 saylı aktında göstərilmişdir ki, sayğacın plastmas qapağının üzərində olan zavod qurğuşun plomb kənar təsir nəticəsində əzilib (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017ci il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz cihazlarının maksimal qaz sərfləri nəzərə alınmaqla hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2017-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 864 m3 (və ya 172.80 manat) həcmində müəyyən edilmişdir. Bundan əlavə mübahisəli qaz sayğacı ünvanından açıldığı tarixdən əvvəlki və sonrakı dövrlərdəki qaz sərfiyyatlarını müqaisə etdiyimiz təqdirdə qaz sərfinin qüsur aradan qaldırıldıqdan sonra nəzərə çarpaçaq dərəcədə artdığı görülməkdədir. Göstərmişdir ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Mülki iş materiallarından göründüyü kimi tərəfin mübahisələndirdiyi 626.40 manat borc xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında və 172.80 manat borc isə xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında hesablanmışdır. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, iddiaçı tərəf iddiaçı iddia müddətinin buraxıldığı və müddətin üzürsüz səbəbdən buraxılmasına dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının silinməsini xahiş edilən məbləğ iddiaçının abonent hesabına xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında və xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında işlənmişdir. Göstərilənlərə əsasən, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 799.20 manat borcun silinməsi tələbi barədə” iddia tələbinə üç illik iddia müddəti tətbiq edilməklə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan İddiaçı ilə istehlakçı arasında bağlanmış 05 fevral 2019-cu il tarixli müqavilədən məlum olur ki, Cavabdeh ilə İddiaçı arasında müqavilə bağlanaraq İddiaçı məxsus fərdi yaşayış evi qaz sayğacı ilə təmin edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 16 oktyabr 2017-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı ünvanında istismarda olmuş “Elester” tipli G-4 markalı 10038327 nömrəli sayğacı işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni “Elester” G-4 markalı ******* saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 14 dekabr 2017-ci il tarixli, ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, ARDNŞ Cavabdeh İB-nin MSK 29/1710-1450-1 saylı aktına əsasən sayğacın plastmas qapağının üzərində olan zavod qurğuşun plombu kənar təsir nəticəsində əzilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 04 fevral 2019-cu il tarixli aktdan görünür ki, İddiaçı ünvanında istismarda olmuş “Elester” tipli G-4 markalı ******* nömrəli sayğacı işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni “İtron” G-4 markalı STS**********6 saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21 iyun 2019-cu il tarixli, ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, ARDNŞ Cavabdeh İB-nin MSK 29/1710-00789-3 saylı aktına əsasən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin 28 iyun 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yaşadığı Şəki rayonu N.Nərimanov prospekti ünvanında yerləşən evində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat va hesabat müddati 90 gün; Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 18 saat va hesabat müddəti 90 gün: Q.S.Q.nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat orta günlük iş rejimi 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 6264 m3 müəyyən edilərək onun dəyəri olan 626,40 manat məbləğdə ziyan (6264 m3 x 0.12 man = 626,40 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təmin edilməməlidir. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdehnə qarşı akt əsasında hesablanmış borcun hesabından silinməsi barədə vaxtında məhkəməyə müraciət etməmiş və bununla da MM-nin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə 3 illik iddia müddətini ötürmüşdür. Belə ki, məhkəmə araşdırması zamanı aydın oldu ki, cavabdeh təşkilat 16 oktyabr 2017-ci il tarixli və 04 fevral 2019-cu il tarixli aktlara əsasən iddiaçının evinə quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Cavabdeh təşkilat tərəfindən tərtib olunmuş 14 dekabr 2017-ci il tarixli, ******* nömrəli və 21 iyun 2019-cu il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar əsasən cərimə məbləğləri hesablanmışdır. İddiaçı isə qeyd olunan cərimə məbləğlərinin silinməsinə dair iddia ərizəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının izahatından aydın olur ki, iddiaçının qeyd edilnəl aktlardan məlumatı olmuş, həmin cərimə məbləğlərinin silinməsi ilə bağlı Cavabdeh İB-nə dəflərlə müraciət etmişdir. Bundan başqa iddiaçı məhkəmə iclasında qeyd etmişdir ki, hazırki aktlarla yanaşı, Cavabdeh İB tərəfindən onun hesabına başqa bir cərimə məbləği hesablanmış, iddiaçı Rusiya Federasiyasında yaşasa da, Azərbaycan Respublikasında yaşayan qardaşı etibarnamə vermiş və məhkəmə iddia qaldırmışdır. Bu da öz növbəsində iddiaçının cavabdeh təşkilat tərəfindən barəsində yazılmış aktlardan məlumatı olmasına dəlaət edir. Göründüyü kimi tərəflər arasında enerji təchizatı ilə bağlı vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə hüquq münasibəti yaranmış və iddiaçı bu öhdəliklərdən irəli gələn 3 illik iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı akt əsasında ona cərimənin hesablandığı 14 dekabr 2017-ci il tarixdən 5 il, 21 iyun 2019-cu il tarixdən isə 3 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür və iddia müddətinin ötürməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və ya edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında məhkəmə belə qərara gəlmişdir ki, kredit münasibətlərindən yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilməsi müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi Cavabdeh 12 iyun 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək, İddiaçı ona qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia tələbi üzrə 3 illik iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir. Birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəfərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisləri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bütün şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı aktlar əsasında ona hesablanmış qaz sərfiyyatının və **********00002 abonent koduna 2017-ci ildə vurulmuş 172,80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat borcun və 2019-cu ildə vurulmuş 626,40 (altı yüz iyirmi altı manat qırx qəpik) manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı dövlət rüsumunun ödənilməsindən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdehnə qarşı ******* saylı və ******* saylı aktlar əsasında ona hesablanmış qaz sərfiyyatının və **********00002 abonent koduna 2017-ci ildə vurulmuş 172,80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat borcun və 2019-cu ildə vurulmuş 626,40 (altı yüz iyirmi altı manat qırx qəpik) manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar