Məhkəmə qərarları › İş №e-2(075)-1199/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1199/2025

06.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1199/2025 06.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirov Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 13 may 2024-cü il tarixli akt əsasında hesablanmış qaz sərfiyyatının və **********00000 nömrəli abonent koduna vurulmuş 777.59 (yeddi yüz yetmiş yeddi manat əlli doqquz qəpik) borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı ünvan 1i ünvanında yaşayır. Həmişə istifadə etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında poçt şöbəsinə ödəmiş və sayğac üzrə ödənişlər aparmışdır. Belə ki, **********00000 olan abonetin saldosundan görünür ki, 2023-cü il və 2025-ci ilin müvafiq ayları üzrə vaxtlı-vaxtında ödənişlər tərəfindən edilmişdir. X1 tərəfindən 03 aprel 2024-cü il tarixdə tərtib edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 04368640 nömrəli aktda sayğacın çıxarılma səbəbi növbəti dövlət yoxlaması olmuşdur. Həmin akta tərəfindən imza edilmişdir. Akta imza edilmənin hüquqi əsasları ona izah edilməmişdir. Cavabdeh təşkilatın nümayəndələri ona bildirmişlər ki, sayğac yeni sayğac ilə əvəz olunacaq, buna görə də həmin akta imza edilməlidir. Bu əsasa görə o, həmin aktı imzalamışdır. Bundan əlavə, X1 tərəfindən 08 may 2024-cü il tarixdə tərtib edilmiş ******* nömrəli aktda göstərilmişdir ki, sayğacın hesablama mexanizmi qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunmuşdur. Həmin akta tərəfindən imza edilməmişdir. İmza etməməyinin əsası tərəfindən sayğaca heç bir müdaxilə edilməməsi olmuşdur. Göründüyü kimi onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. X1 tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 13 may 2024-cü il tarixli tələbnamədə göstərilmişdir ki, G4 markalı sayğacın maksimal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi müəyyən edilmişdir. 6x12x90=6480 m3, cəmi 6480 m3. X1 tərəfindən tərtib edilmiş aktda qeyd olunanlar hamısı yalandır. Bundan sonra cavabdeh təşkilat onu əsassız və qanunsuz olaraq 777.59 (yeddi min yetmiş yeddi manat əlli doqquz qəpik) məbləğində cərimə etmişdir. Hesab edir ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən tərtib edilmiş həmin akt qanunsuz və əsassızdır. Qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən qaz təchizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Göründüyü kimi cavabdehin təşkilatın nümayəndələri qarşılarına qoyulmuş kvotanı doldurmaq üçün onu qanunsuz olaraq cərimə etmişlər. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvafiq tələbləri pozmuşlar və qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Bundan əlavə, onu da qeyd etmək istəyir ki, istifadəsində olan qaz sayğacı fərdi yaşayış evinə giriş qapısından çöldə quraşdırılmışdır. Qaydalarda göstərildiyi kimi sayğac müvafiq örtüklə örtülməli idi. Ancaq istifadəsində olan sayğac fərdi yaşayış evinə giriş qapısından çöldə qoyulsa da, qaz paylayıcısı tərəfindən qaydaların tələblərinə əməl edilməmiş və sayğac müvafiq ötrüklə örtülməmişdir. Cavabdeh təşkilat tərtib etdiyi aktda göstərmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanmış və sayğac istismara yararsızdır. Bir daha bildirmək istəyir ki, yaşayış sahəsinə aid qaz sayğacı çöldə quraşdırılmış, həmçinin sayğac kənar müdaxilədən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə o cavabdehlik daşımır. Qanunvericiliyin tələbinə görə, qaz sayğacının kənar müdaxilələrdən mühafizəsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Lakin buna baxmayaraq itirilmiş qazın dəyəri ondan tələb edilir. Bütün bunlar cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsini sübut etmədən cavabdeh tərəfindən ona əlavə pul hesablanması yolverilməzdir. Ona görə də hesab edirə ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı cavabdeh tərəfindən yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 777.59 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirir ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Qeyd edim ki, İddiaçı adına rəsmiləşdirilmiş **********00000 saylı qaz hesabında 789.35 manat borc vardır. Həmin borcun 777.60 manat hissəsi itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu mübahisələndirməkdədir Belə ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacı istismar müddəti bitdiyindən qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-cü il tarixli 04368640 saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə GCZ0110825 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən Sənaye və məişət qaz sayğacları kalibrləmə laboratoriyasının aktında göstərilmişdir ki, sayğacın zavod seriya nömrəsi yazılmış lövhəsi yararsız vəziyyətdədir. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik cızıq izləri aşkar olundu. (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının nümayəndəsinin iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-ci il tarixli ******* saylı akt tərtib etmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmaqla onun miqdarı Zaqatala RQİİ-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 6480 m3 (və ya 777.60 manat) həcmində müəyyən edilmişdir. Bildirirəm ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. Nəzərinizə çatdırıram ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Azərbaycan Respublikası Prezidentinin, “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” xx.xx.2000-ci il tarixli, 356 nömrəli Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdeh təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Azərbaycan Respublikası “Qaz təchizatı haqqında” Qanunun 13.10-cu bəndinə əsasən paylacının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sayğacın işlək vəziyyətdə saxlanılmasına dair cavabdehlik məsələsi ilə əlaqədar analoji olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-1758/2018 saylı qərarında göstərilmişdir ki, iddiaçının etibarlılığını mübahsiələndirdiyi xx.xx.2015- ci il tarixli aktdan görünür ki, iddiaçının yaşadığı evdə quraşdırılmış sayğacın çıxışındakı plastmas boru deşik alətlə deşilmişdir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satıqısı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qərarın 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Deməli iddiaçı qanunvericiliyin tələblərinə görə yaşadığı ünvan üzrə quraşdırılmış qaz sayğacının toxunulmazlığına cavabdeh olan şəxs hesab olunmaqla həmin sayğaca müdaxilə nəticəsində sayğacın sıradan çıxması nəticəsində paylayıcı Cavabdehnə dəymiş ziyana görə məsuliyyət daşıyır. Əlavə olaraq bildirirəm ki, müdaxilə faktı aşkar edilmiş sayğacın çıxarılma aktını və ondan olan qeydlərin mübahisələndirməməsi belə qənaətə gəlməyə əsas verir ki, o, sayğaca müdaxilə edilməsi ilə razılaşmışdır. Digər tərəfdən, qaz sayğacı küçədə olduğuna görə onun qorunmasının mümkün olmaması barədə izahatlar istehlakçını məsuliyyətdən azad edilməsinə əsas ola bilməz. Belə ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərəkonun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuzistifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsirinin olmaması nəzərə alındıqda, bu dəlilin ağlabatan olmadığını bildirən Kollegiya belə qənaətə gəlir ki, mübahisəli qaz sayğacına müdaxilə edilməsi qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmişqəsddən irəli gəlir ki, bu “gəlirin” istehlakçıdan başqa hər hansı bir kənar şəxsə müsbət təsiriola bilməz (xx.xx.2018, 2(107)-332/2018; xx.xx.2018, 2(107)- 444/2018). Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 4. Etiraz üzrə tələb: Göstərilənlərə əsasən, xx.xx.2025-ci il saat 11:00-ə təyin edilmiş məhkəmə hazırlıq iclasının iştirakımız olmadan keçirilməsini, iclasın baxışa təyin edilməsini və İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 777.59 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh tərəfindən elektron ərizə ünvanlanaraq iştirakları olmadan məhkəmə iclasının keçirilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 16 dekabr 2013-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh İB istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq təqdim edilən hesaba əsasən ödəyir. - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 03 aprel 2024-cü il tarixli 04368640 nömrəli aktdan görünür ki, İddiaçı ünvanında istismarda olmuş “Elestr” tipli, “C-4” markalı, ******* nömrəli sayğac çıxarılmış, əvəzində yeni “CCZ” tipli, “C- 4” markalı, ******* saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. - Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 08 may 2024-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, ARDNŞ Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli, M 0565 saylı aktına əsasən sayğacın hesablayıcı mexanika qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunmuş, sayğac saatlıq qaz sərfinə uyğun quraşdırılsın, dəymiş ziyan hesablanaraq ödənilsin. - 13 may 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı istifadəsində olan G4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ ödənilmişdir. - Abonentin saldosundan görünür ki, İddiaçı adına olan **********00000 nömrəli abonent kodunda akta əsasən hesablanmış 777,59 manat borc vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir... Həmin qaydaların 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat miqdarında müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında qazın alqı-satqısı barədə 16 dekabr 2013-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçını təbii qazla təchiz etməyi, cavabdeh isə istifadə etdiyi qazın dəyərini ödəməyi öz öhdələrinə götürmüşlər. Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli, ******* saylı aktına əsasən sayğacın hesablayıcı mexanika qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunması müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh “Qazdan istifadə qaydaları”nın tələblərinə uyğun olaraq sayğacın üstünü müvafiq örtüklə bağlamamış, həmçinin iddiaçının nəzarətindən kənar, küçədə yerləşən sayğacın hesablama mexanizminin qapağının sınıq olduğunu qeyd etsə də, həmin qüsurun məhz iddiaçının təqsiri üzündən yaranması ilə bağlı sübutlar təqdim edə bilməmişdir. Məhkəmə, iddiaçı tərəfindən məhz hansı pozuntunun törədilməsi göstəriləmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müvafiq məsuliyyətə cəlb edilməsi ilə bağlı hər hansı müraciət olması və iddiaçının məsuliyyətə cəlb edilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan, iddia tələbi isə təmin edildiyindən, ödənilməli dövlət rüsumu cavabdehdən tutulmalıdır. Məhkəmə tərəfindən təmin edilən iddia tələbinin qiyməti 1218,24 manat olduğundan MPM-in 119.2-ci və “Dövlət rüsumu haqqında” qanunun 8.1.1-ci maddəsinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən akt əsasında hesablanmış 777,59 (yeddi yüz yetmiş yeddi manat əlli doqquz qəpik) manat borc İddiaçı abonent hesabından silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar