Məhkəmə qərarları › İş №e-2(075)-1200/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1200/2022

01.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1200/2022 01.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 020817 nömrəli akt üzrə hesablanmış 2783 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, onun Şəki rayonu 114-cü kvartalda yeni tikilməkdə olan hələki istifadəyə verilməmiş və istifadəyə yararsız fərdi yaşayış evi vardır. Həmin evdə uzun müddət yaşayış olmamışdır. xx.xx.2020-ci il tarixdə Azərişıq ASC-nin nümayəndələri həmin fərdi yaşayış evinə gələrək işıq sayğacına baxış keçirmiş və sayğca baxış keçirən zaman guya həmin sayğacda X1 qaydalarının pozulduğunu aşkarlayaraq 020817 nömrəli akt tərtib etmişlər. Həmin akt əsasında o, 2783 manat məbləğində cərimə edilmişdir. O, bu barədə bu yaxınlarda xəbər tutmuşdur. Aktın tərtib edildiyi vaxt Azərişıq ASC-nin nümayəndələri oğlu Vaqif Seyidməmmədovu çağıraraq guya sayğacın siyahıya alınması adı ilə ona akta imza etdirmişlər. O, ona hesablanmış cərimədən bu yaxınlarda məlumat əldə etmiş və X3 müraciət etmişdir. Lakin ona məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. Azərişığın abonent bazasında olan elektrik sayğacı qanuni ünvana yəni ona məxsus evə quraşdırılmamış, onun evinə heç bir yerdə qeydiyyatda olmayan, sayğacın üstündə onun sərf etmədiyi kv/saat olan zavod nömrəsiz, qeydiyyatsız sayğac quraşdırılmışdır. Sayğac dəyişikliyindən də onun məlumatı olmamışdır. Azərişıq ASC-nin ona məlum olmayan əməkdaşının səhvi ilə əlaqədar ondan cərimənin tələb edilməsi əsassızdır. Belə ki, o, bazarda süzmə satmaqla maddi ehtiyaclarını çox çətinliklə ödəyir. Maddi imkanı yaxşı olmadığından uzun müddətdir ki, evinin inşasını da başa çatdıra bilmir və hazırda da yataqxanada yaşamaq məcburiyyətindədir. Odur ki, iddianın təmin edilərək onun adına əsassız hesablanmış 2783 manat borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının Şəki şəhərində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nın enerji satış bazasında İddiaçı adına olmaqla **********21662 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 01 dekabr 2020-cı il tarixdə "xxxx" ASC-nın əməkdaşları tərəfindən Şəki şəhərində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının nümayəndəsi Vaqif Seyidməmmədovun iştirakı ilə “X1 Qaydalarına uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin özünə məxsus bazada qeydiyyatda olan elektrik sayğacının yerində olmadığı, əvəzində isə kompüter məlumat bazasında qeydiyyatda olmayan elektrik sayğacı quraşdırıldığı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar X1 Qaydalarının 8.32 bəndinin tələbinə uyğun olaraq 01 dekabr 2020-cı ıl tarixli NDM020817 saylı akt tərtib olunmuş və tərtib olunmuş aktın doğruluğunu iddiaçının nümayəndəsi Vaqif Seyidməmmədov oz imzası ilə təsdiq etmişdir. Tərtib olunmuş akta əsasən 19.12. 2020ci ıl tarixində Şəki EŞ-nın əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yenisi ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunmuş və tərtib edilmiş protokolu iddiaçının nümayəndəsi Vaqif Seyidməmmədov öz imzası ilə təsdiq etmişdir. xx.xx.2020-ci il tarixli, NDM020817 saylı akta əsasən “Azərişıq" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə 210 gün uçun 0.07 manatla 2100 kvts (dəyəri 147.00 manat) və 0.11 manatla 5662 kvts (dəyəri 622.82 manat) toplamda 769.82 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Bundan başqa aktın tərtibinin nəticəsi olaraq, abonentin özünə məxsus bazada qeydiyyatda olmayan sayğacın üzərindəki göstəricidəki 18150 kvts 0.07 manatla, yəni 1270,50 manat və 0,11 manatla 714 manat, cəmi 1984,50 manat vəsait də iddiaçının üzərinə borc olaraq işlənilmişdir. Hesab edir ki, iddiaçının ünvanına quraşdırılmış sayğacla bağlı aşkar edilmiş qüsurların xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş 01 dekabr 2020-ci il tarixli, 020817 nömrəli aktda İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilərkən abonentin özünə məxsus bazada qeydiyyatda olan sayğacın yerində olmadığı, əvəzində isə kompüter məlumat bazasında qeydiyyatda olmayan parametrləri aktda qeyd olunan sayğacın quraşdırıldığı qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “X1 qaydalarının” 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. Qanunvericilikdə nəzərdə tutlmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin “Qaydaların” 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəki EŞ-nin enerji satış bazasında **********21662 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı akt üzrə itirilmiş enerji sərfiyyatı kimi 769,82 manat, aktın nəticəsi üzrə isə qeydiyyatda olmayan, iddiaçıya aidiyyəti müəyyən edilməyən sayğacın üzərindəki göstəriciyə uyğun 1270,50 manat və 714 manat məbləğlərin hesablanması əsaslı deyildir. Belə ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən 01 dekabr 2020-ci il tarixdə iddiaçının ünvanında X1 qaydalarına əməl edilməsinə riayət edilib-edilməməsini yoxlamaq üçün baxış keçirilmiş, həmin ünvanda elektrik enerjisindən abonentin özünə məxsus bazada qeydiyyatda olmayan bir sayğac vasitəsi ilə istifadə edilməsi əsas gətirilərək 210 gün uçun 0.07 manatla 2100 kvts (dəyəri 147.00 manat) və 0.11 manatla 5662 kvts (dəyəri 622.82 manat) toplamda 769.82 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Bundan başqa aktın tərtibinin nəticəsi olaraq, abonentin özünə məxsus bazada qeydiyyatda olmayan sayğacın üzərindəki göstəricidəki 18150 kvts 0.07 manatla, yəni 1270,50 manat və 0,11 manatla 714 manat, cəmi 1984,50 manat vəsait də iddiaçının üzərinə borc olaraq işlənilmişdir. Halbuki “X1 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavənin tələbinə görə “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Cavabdeh təşkilatın əməkdaşı hər ay sayğacın göstəricilərinə diqqət yetirdikdə istehlakçının ünvanına quraşdırılmış sayğacın abonentin özünə məxsus bazada qeydiyyatda olan və yaxud da abonentə məxsus olmayan sayğac olmasını müəyyən etməli olmuşdur. İddiaçının ünvanına baxışın nəticəsi üzrə aktın tərtibində onun oğlunun da iştirak edərək pozuntunun olmasını qəbul edib, aktı imzası ilə təsdiq etməsi nəzərə alınaraq məhkəmə İddiaçı tərəfindən X1 qaydalarının pozulmasını qəbul edir. Lakin hər ay "xxxx" ASC-nin nəzarətçisinin baxışına məruz qalmalı sayğac üçün 7 aylıq hesabatın aparılması doğru hesab edilə bilməz və sayğaca baxışın "xxxx" ASC-nin əməkdaşı tərəfindən aylıq həyata keçirlməli olması nəzərə alınaraq, cavabdeh təşkilatın iddiaçıdan 210 gün uçun 0.07 manatla 2100 kvts (dəyəri 147.00 manat) deyil, 30 gün üçün 0.07 manatla 300 kvts (dəyəri 21 manat) tələb etməsi daha doğrudur. Məhkəmə iddiaçıya bir ay üçün 0.07 manatla 300 kvts (dəyəri 21 manat) vəsaitin hesablanmasını daha doğru hesab etdiyindən iddiaçı tərəfindən limitdən artıq istifadə halı müəyyən edilmir. Bu baxımdan cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən 21 manatdan əlavə olaraq akt üzrə 748,82 manat məbləğində itirilmiş enerjinin dəyərinin iddiaçıdan tələb edilməsi əsaslı deyildir. İddiaçıya akt üzrə itirilmiş enerjinin dəyəri kimi 769.82 manat məbləğində hesabat aparılmaqla yanaşı tərtib edilmiş aktın nəticəsi üzrə istehlakçının ünvanından çıxarılmış, iddiaçının adına kompyuter məlumat bazasında qeydiyyatda olmayan elektrik sayğacının üzərindəki göstəricidəki 18150 kvts 0.07 manatla, yəni 1270,50 manat və 0,11 manatla 714 manat, cəmi 1984,50 manat vəsaitin də borc olaraq iddiaçının adına işlənilməsi də əsassızdır. Belə ki, iddiaçının adına qeydiyyatda olmayan bir sayğacın üzərindəki göstəricilər üzrə iddiaçının cavabdehlik daşıması qanuni hesab edilə bilməz. Ona görə ki, həmin sayğacın "xxxx" ASC-nin əməkdaşları tərəfindən digər bir şəxsin adına qeydiyyatda olmasının aşkar edilməsi imkanları istisna edilmir. Bu hal isə sayğacın üzərindəki göstərici üzrə məbləğin sayğacın təhkim edildiyi şəxsdən tələb edilməsini labüd edəcəkdir. İddiaçı iddia ərizəsində 2783 manat borcun hesabından silinməsini tələb etməsinə baxmayaraq məhkəmə araşdırması zamanı cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən akt əsasında itirilmiş enerjinin dəyəri olan 769,82 manat, abonentin özünə məxsus bazada qeydiyyatda olmayan sayğacın üzərindəki göstərici üzrə cəmi 1984,5 manat, ümumilikdə isə 2754,32 manat məbləğin iddiaçının adına borc olaraq işlənildiyi müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində 2783 manatın, yəni 2754,32 manat məbləğdən əlavə olaraq 28,68 manat vəsaitin də hesabından silinməsini xahiş etməsinə baxmayaraq, 2754,32 manat məbləğdən əlavə vəsaitin hansı əsasla və nəyə görə silinməli olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən 769,82 manat məbləğ akt əsasında itirilmiş enerjinin dəyəri kimi hesablanmasına baxmayaraq, cəmi 1984,5 manat məbləğ də "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri aktın nəticəsi olaraq iddiaçının adına borc olaraq işlənildiyindən məhkəmə iddiaçının abonent koduna vurulmuş ümumilikdə 2754,32 manat məbləği akt əsasında hesablanmış borc kimi qəbul edir. Məhkəmə ümumilikdə 2754,32 manat məbləğdən 21 manatının "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının adına borc olaraq işlənilməsini haqlı hesab etdiyindən 2733,32 manat borcun İddiaçı adına işlənilməsini əsaslı hesab etmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək "xxxx" ASC-nin əməkdaşlarının İddiaçı barəsində tərtib etdikləri 01 dekabr 2020-ci il tarixli, 020817 nömrəli akt əsasında hesablanmış 2733,32 manat borc İddiaçı hesabından silinməli, əsaslı olmadığından iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin əməkdaşlarının İddiaçı barəsində tərtib etdikləri 01 dekabr 2020-ci il tarixli, 020817 nömrəli akt əsasında hesablanmış 2733,32 manat borc İddiaçı hesabından silinsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Mehdiyev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***- **-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2(075)-1200/2022 01 iyul 2022-ci il İddiaçı: İddiaçı (Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 313) Cavabdeh: "xxxx" ASC-nə (Bakı şəhəri, Bakıxanov küçəsi, ev 8) Şəki Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(075)-1200/2022 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: qətnamə 03 vərəqə, 05 səhifə. Şəki Rayon Məhkəməsinin hakimi: Elçin Mehdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar