Məhkəmə qərarları › İş №e-2(075)-1236/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1236/2025

22.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1236/2025 22.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirov Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində (Abonent kodu : **********00000) xx.xx.2024-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akt əsasında əsassız hesablanmış 777,6 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borcun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Evlərində təbii qazdan istifadə edirlər. Hər ay qaz sərfiyyatı üzrə borclarını ödəməyə çalışmışlar. 2025-ci ilin “Novruz bayramı” öncəsi istifadə etdikləri qaz sərfiyyatı üzrə borclarından ödəniş etmək üçün yoldaşı poçtda yaxınlaşarkən ona bildirmişlər ki, akt üzrə əlavə borcları mövcuddur. Dərhal anası Qaz İdarəsinə gedərək müvafiq sənədləri tələb etmişdir. Məlum olmuşdur ki, onlar evdə olmadığı zaman cavabdeh təşkilatın əməkdaşları qaz sayğacını yenisi ilə əvəz etmiş və köhnə sayğacı yoxlamağa göndərmişlər. Guya onlar akt tərtib edilərkən imza atmaqdan imtina etmişdir. Aktdan göründüyü kimi xx.xx.2024-cü ildə tərtib edilmişdir. Düz bir il borc barədə onlara məlumat göndərilməmişdir. Sonda bu il mart ayında ödəniş edərkən belə bir borcun mövcudluğundan xəbərdar olmuşlar. Qaz sayğacını dəyişdirilmə zamanı ******* nömrəli AKT tərtib edərək köhnə sayğacın yoxlanması üçün laboratoriyaya göndərmişdirlər. Aktda qaz sayğacının qapaq tərəfinin cızıq olması qeyd edilmiş və ümumi olaraq dəymiş ziyan hesablanmışdır. Hal-hazırda ona 6480 kub. metr olmaqla 777,6 manat borc hesablanıb. Ümumiyyətlə sayğaca hər hansı bir müdaxilə olmayıb. Fərdi evlərdə 5 ildən bir, təşkilatlarda 3 ildən bir qaz sayğacları yenilənərək yoxlamaya göndərilir. Görünür onların evində sayğacı plan üzrə dəyişdirilib. Əgər tərəflərindən müdaxilə olsaydı nə üçün qış aylarında 40-50 manat qaz sərfiyyatı üzrə pul ödəyirlər. Ödənişi az olardı və ya ya heç olmazdı. Ona görə müdaxilədən söhbət belə gedə bilməz. Ona borc olaraq üç aylıq itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablayıblar. 90 gün üzrə kombili evlərdə ay ərzində 100 manatlıq qaz sərfiyatı olduğu halda, onun evində belə çıxır ki, o, ay ərzində 220 manatlıq qaz işlədir ki, 3 aylıq ona itirilmiş qaz sərfiyatı üzrə borc hesablanıb. Cavabdeh tərəf bunu hansı məntiqlə hesablayıb başa düşülən deyil. Qanunvericiliyin tələblərinə əsasən akt tərtib edilərkən qaz təchizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Məhz buna görə də məcburiyyət qarşısında qalaraq aktın ləğv sayılması və akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı cavabdeh tərəfindən yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı adına rəsmiləşdirilmiş **********00000 saylı qaz hesabında 832.96 manat borc vardır. Həmin borcun 777.60 hissəsi itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu mübahisələndirməkdədir. Belə ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı **********3 nömrəli qaz sayğacı istismar müddəti bitdiyindən qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********3 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən Azərbaycan Metrologiya İnstitutunun aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan alt zavod plasmas plombunun üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində əzik cızıq izləri aşkar olundu (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının nümayəndəsinin iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib etmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmaqla onun miqdarı Zaqatala RQİİ-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 6480 m3 (və ya 777.60 manat) həcmində müəyyən edilmişdir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Müdaxilə faktı aşkar edilmiş sayğacın çıxarılma aktını və ondan olan qeydlərin mübahisələndirməməsi belə qənaətə gəlməyə əsas verir ki, o, sayğaca müdaxilə edilməsi ilə razılaşmışdır. Digər tərəfdən, qaz sayğacı küçədə olduğuna görə onun qorunmasının mümkün olmaması barədə izahatlar istehlakçını məsuliyyətdən azad edilməsinə əsas ola bilməz. Belə ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsirinin olmaması nəzərə alındıqda, bu dəlilin ağlabatan olmadığını bildirən Kollegiya belə qənaətə gəlir ki, mübahisəli qaz sayğacına müdaxilə edilməsi qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir ki, bu “gəlirin” istehlakçıdan başqa hər hansı bir kənar şəxsə müsbət təsiri ola bilməz. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh tərəfindən elektron ərizə ünvanlanaraq iştirakları olmadan məhkəmə iclasının keçirilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 28 fevral 2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh İB istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq təqdim edilən hesaba əsasən ödəyir. - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 30 dekabr 2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı ünvanında istismarda olmuş “Zenner” tipli, “G-4” markalı, **********3 nömrəli sayğac çıxarılmış, əvəzində yeni “Honeywell” tipli, “G-2,5” markalı, 13711908 saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. - Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 12 fevral 2024-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan alt zavod plastmas plombunun üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində əzikcızıq izləri aşkar olunması, sayğacın saatlıq qaz sərfinə uyğun quraşdırılması, dəymiş ziyanın hesablanaraq ödənilməsi qeyd edilmişdir. - 13 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı istifadəsində olan G4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ ödənilmişdir. - Abonentin saldosundan görünür ki, İddiaçı adına olan **********00000 nömrəli abonent kodunda akta əsasən hesablanmış 777,6 manat borc vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir... Həmin qaydaların 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat miqdarında müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında qazın alqı-satqısı barədə xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçını təbii qazla təchiz etməyi, cavabdeh isə istifadə etdiyi qazın dəyərini ödəməyi öz öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən istifadə edilən təbii qazın həcminin müəyyən edilməsi məqsədilə iddiaçıya məxsus fərdi yaşayış evindən kənarda, küçədə sayğac quraşdırılmışdır. Cavabdeh tərəfindən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan alt zavod plastmas plombunun üzərində və yuvasının ətrafında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunması müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh “Qazdan istifadə qaydaları”nın tələblərinə uyğun olaraq sayğacın üstünü müvafiq örtüklə bağlamamış, həmçinin iddiaçının nəzarətindən kənar, küçədə yerləşən sayğacın hesablama mexanizminin qapağının sınıq olduğunu qeyd etsə də, həmin qüsurun məhz iddiaçının təqsiri üzündən yaranması ilə bağlı sübutlar təqdim edə bilməmişdir. Məhkəmə, iddiaçı tərəfindən məhz hansı pozuntunun törədilməsi göstəriləmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müvafiq məsuliyyətə cəlb edilməsi ilə bağlı hər hansı müraciət olması və iddiaçının məsuliyyətə cəlb edilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan, iddia tələbi isə təmin edildiyindən, ödənilməli dövlət rüsumu cavabdehdən tutulmalıdır. Məhkəmə tərəfindən təmin edilən iddia tələbinin qiyməti 1218,24 manat olduğundan MPM-in 119.2-ci və “Dövlət rüsumu haqqında” qanunun 8.1.1-ci maddəsinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən akt əsasında hesablanmış 777,6 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc İddiaçı abonent hesabından silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar