Məhkəmə qərarları › İş №e-2(075)-1279/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1279/2023

07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1279/2023 07.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi Cavabdeh X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh X3 qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2022-ci il tarixli MAS-5485 saylı “Daxili lizinq” müqaviləsinin ləğv ediməsi, lizinq obyekti olan 2017-ci il buraxılışlı, “QAZ 2705-744” yük markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılması və Cavabdeh 27 sentyabr 2022-ci il tarixli MAS-5485 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 aprel 2023-cü il tarixə 1932.09 manat gecikdirilmiş əsas, 244.32 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 343.13 manat dəbbə pulu, cəmi 2519.54 manat borcun və ödənilmiş 100.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəməyə 07 iyul 2023-cü il tarixdə elektron ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh X4 mülki işin aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə verilməsinə etirazı olmadığını bildirdi. Azərbaycan Respublikasının MPM-nin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İş materiallarına əlavə edilmiş İnternet Vergi İdarəsinin internet səhifəsindən çıxarılmış vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatlardan göründüyü kimi İddiaçı MMC (VÖEN **********) hüquqi şəxs, cavabdeh X4 (VÖEN **********) vergi ödəyicisi olmaqla, hazırkı fəaliyyət istiqaməti “pivə istehsalı” olmaqla, fərdi sahibkar statusu əldə edən fiziki şəxsdir. Həmçinin, iddia tələbinin predmetini cavabdeh X1 pivə istehsalı fəaliyyəti ilə məşğul olmaq üçün “Daxili lizinq müqavilə”si ilə İddiaçı MMC-dən sifariş etdiyi avtomobilə görə yaranmış borcu vardır. Belə olduğu halda tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 44.2.2, 45.1, 45.2, 45.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin cavabdeh X3 qarşı «borc» tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar