Məhkəmə qərarları › İş №e-2(075)-1285/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1285/2025

09.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1285/2025 09.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi, onunla bağlı izahat və etirazlar: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 fevral 2021-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 216 (iki yüz on altı) manat məbləğində hesablanmış borcun onun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin evdə qazdan istifadə edildiyinə görə küçədə Cavabdeh tərəfindən G-4 markalı ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. xx.xx.2020-ci il tarixdə onun istifadəsində olan G-4 markalı ******* nömrəli qaz sayğacı Cavabdeh İB-nin nümayəndələrinin iştirakı ilə götürülmüş və bu barədə Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli 4005618№- li akt tərtib edilmişdir. Həmin zaman istifadəsində olan G-4 markalı ******* nömrəli qaz sayğacı tam saz vəziyyətdə olmuşdur. Sonradan növbəti hesab bildiriş gələrkən ona məlum olmuşdur ki, Cavabdeh İB tərəfindən 216 manat sərfiyyat borc hesablanmışdır. Məlum olur ki, G-4 markalı ******* nömrəli qaz sayğacı Cavabdeh İB-nin nümayəndələri tərəfindən götürüldükdən sonra Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli, MSK 29/1710-00682-1 saylı aktına əsasən sayğacdan hesablama mexanizminin qoruyucu qapağı tamamilə gövdədən aralandığına, qaz keçməsinə, lakin hesablama mexanizminin açıq vəziyyətdə olmasına və sərfiyyatı qeyd etmədiyinə görə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli Akt tərtib edilmişdir. Bundan sonra 216 manatlıq qaz sərfiyyat hesablanmışdır. Əgər sayğacdan hesablama mexanizminin qoruyucu qapağı tamamilə gövdədən aralandığına, qaz keçməsinə, lakin hesablama mexanizminin açıq vəziyyətdə olsaydı, Cavabdeh İB-nin nümayəndələri sayğacı yenisi ilə əvəz edən zaman bunu istehlakçıya söyləyər və bunu ona yerində göstərər və elə həmin vaxt bu barədə Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli ******* №-li aktda qeyd edərdilər. Belə ki, sayğacdan hesablama mexanizminin qoruyucu qapağı tamamilə gövdədən aralandığına, qaz keçməsinə, lakin hesablama mexanizminin açıq vəziyyətdə olmasını müəyyən etmək üçün heç laboratoriyaya göndərilməsinə ehtiyac yoxdur, bu ilk vizual baxışda görünərdi. Bundan əlavə qaz sayğacını götürərkən iki hal şahidi dəvət etməli idilər. Lakin qeyd edilən aktdan görünür ki, sayğacın götürülməsindən 5 ay 8 gün sonra yəni 15 fevral 2021-cü il tarixdə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Buradan da görünür ki, həmin akt saxtadır və formal olaraq tərtib edilmişdir. Belə ki, hər iki aktı yəni Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında və Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlardakı məlumatları müqayisə edərkən görür ki, hər iki aktdakı məlumatlar üst-üstə düşmür. Belə ki, istifadəsində olan sayğac xx.xx.2020-ci il tarixdə dəyişdirilərək yenisi ilə əvəz edilsə də, xx.xx.2021-ci il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda “istehlakçıya məxsus yaşayış sahəsində” sayğaca xx.xx.2021-ci il tarixdə baxıldığı qeyd edilmişdir. O, həmin sayğaca baxış keçirilməsində iştirak etməmiş və həmin akta imza etməmişdir. Ümumiyyətlə, onun həmin aktın mövcudluğundan xəbəri olmayıb və növbəti hesab bildirişi təqdim edildikdən sonra ona məlum olmuşdur ki, belə akt mövcuddur. Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nəzarətçisi hər ay sayğaca baxış keçirmiş və onda heç bir zədələnmə izləri aşkar etməmişdir. O, hər ay nümunəvi vətəndaş kimi təbii qazdan istifadəyə görə sayğacda göstərilən və Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nəzarətçisi tərəfindən təqdim edilmiş bildirişdə göstərilən sərfiyyata uyğun məbləği cavabdehin hesabına ödəmişdir. Onu da qeyd etmək istəyir ki, sayğac mülkiyyətində olan ərazidə yox, onun istifadə belə etmədiyi küçədə və yüksəkdə quraşdırılmışdır və ona müdaxilə etməyi və onu kənar müdaxilələrdən güdməyi qeyrimümkündür. Hesab edir ki, mübahisəli akt və həmin akt əsasında qəbul edilmiş qərar tam qanunsuz və əsassızdır və həmin qərarla hesablanmış məbləğ əsassız hesablanmışdır, ona görə də əsassız hesablanmış məbləğ silinməlidir. Cavabdeh İB tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılır ki, İddiaçı adına rəsmiləşdirilmiş **********00000 saylı qaz hesabında 224.43 manat borc vardır. Həmin borcun 216 manat hissəsi itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu mübahisələndirməkdədir. Belə ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən iddiaçının istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacı istismar müddəti bitdiyindən qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********5 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən Azərbaycan Metrologiya İnstitutunun aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb, sərfi qeyd etmir (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının nümayəndəsinin iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-cü il tarixli ******* saylı akt tərtib etmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmaqla onun miqdarı Zaqatala RQİİ-nin xx.xx.2021-cü il tarixli “X1 dair tələbnaməsinə” ilə 2160 m3 (və ya 216 manat) həcmində müəyyən edilmişdir. Bildirirəm ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. İddiaçı qanunvericiliyin tələblərinə görə yaşadığı ünvan üzrə quraşdırılmış qaz sayğacının toxunulmazlığına cavabdeh olan şəxs hesab olunmaqla həmin sayğaca müdaxilə nəticəsində sayğacın sıradan çıxması nəticəsində paylayıcıya dəymiş ziyana görə məsuliyyət daşıyır. Müdaxilə faktı aşkar edilmiş sayğacın çıxarılma aktını və ondan olan qeydlərin mübahisələndirməməsi belə qənaətə gəlməyə əsas verir ki, o, sayğaca müdaxilə edilməsi ilə razılaşmışdır. Digər tərəfdən, qaz sayğacı küçədə olduğuna görə onun qorunmasının mümkün olmaması barədə izahatlar istehlakçını məsuliyyətdən azad edilməsinə əsas ola bilməz. Belə ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsirinin olmaması nəzərə alındıqda, bu dəlilin ağlabatan deyildir. Sonda, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər ərizə ünvanlayaraq iş üzrə məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinin tələblərinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərar qəbul edərkən aşağıdakı sənədlərə istinad edir: İş materiallarında olan: - “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2011-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh İB istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq təqdim edilən hesaba əsasən ödəyir. - “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı ünvanında istismarda olmuş ******* nömrəli sayğac çıxarılmış, əvəzində yeni **********5 nömrəli sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. Quraşdırılma səbəbi əvəzləmə qeyd edilmişdir. - Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə tərtib edilmiş akta əsasən ******* nömrəli sayğacdan hesablama mexanizminin qoruyucu qapağı tamamilə gövdədən aralanıb, qaz keçir, hesablama mexanizminin açıq vəziyyətdədir, sərfiyyatı qeyd etmir. İtirilmiş qazın dəyəri hesablanaraq ödənilsin. Aktda istehlakçı imza etməkdən imtina etmişdir. Bir nüsxəsi ona təqdim edilir. - xx.xx.2021-ci il tarixli X1 dair tələbnamədən görünür ki, G4 markalı ******* nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 4 m3 , orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. İtirilmiş qazın miqdarı cəmi 2160 m3 müəyyən edilmişdir. - Abonentin saldosundan görünür ki, İddiaçı adına olan **********10000 nömrəli abonent kodunda 2021-ci ilin fevral ayına akt üzrə 216 manat borc mövcuddur. Tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından göründüyü kimi xx.xx.2021-ci il tarixli X1 dair Tələbnamə ilə xx.xx.2021-ci il tarixli Akta əsasən artıq xx.xx.2020-ci il tarixdə çıxarılmış ******* nömrəli sayğacın laboratoriya nəticələrinə əsasən 2160 m3 itirilmiş qaza görə borc hesablanmışdır. xx.xx.2021-ci il tarixli aktda istehlakçının aktı imzalamaqdan imtina etməsi və bir nüsxənin ona təqdim edilməsi qeyd edilsə də istehlakçı aktın tərtibindən məlumatlı olmamışdır. Cavabdeh etirazında qeyd edir ki, əvvəlki ******* nömrəli sayğac istismar müddəti bitdiyinə görə əvəzləşdirilmişdir. Sonradan sayğacın qoruyucu qapağı tamamilə gövdədən aralandığı, qaz keçdiyi, hesablama mexanizminin açıq vəziyyətdə olması, sərfiyyatı qeyd etmədiyi aşkarlanmışdır. Məhkəmə qeyd edir ki, qaz sayğacı ünvan 1 ünvanında fərdi yaşayış evinin həyətinin ümumi istifadədə olan yol kənarında yerləşdiyindən və ona kənar şəxslərin müdaxiləsi də mümkündür. “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. İddiaçının hesablama mexanizminin qoruyucu qapağı tamamilə gövdədən aralanmasında təqsiri sübut olunmur. Həmçinin sayğac əvəzlənən zamanla belə bir nöqsan aktda qeyd edilməmiş, uzun müddət keçdikdən sonra belə bir halın aşkarlanması ilə bağlı cavabdehin gətirdiyi dəlilləri ağlabatan hesab edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntuların törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin hesabladığı 216 manat borcun iddiaçıdan tələb etməsi əsassızdır. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır. 29. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci (iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir Göstərilənlərə əsasən məhkəmə nəzərə alır və toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, iddiaçı 15 fevral 2021-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 216 (iki yüz on altı) manat məbləğində borc silinməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 357 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent l=kodu **********10000) barəsində tərtib edilmiş 15 fevral 2021-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar