Məhkəmə qərarları › İş №e-2(075)-1417/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1417/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1417/2023 20.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin Hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 may 2020-ci tarixli, SKK02836 nömrəli müqavilə üzrə 899 manat qalıq borcu, 267.38 manat cərimə borcu olmaqla, cəmi 1166.38 manat borcun iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31.66 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş sadələşdirilmiş icraat qaydasında məhkəmənin icraatına daxil olmuş, 20 iyun 2023-cü il tarixdə Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq hazırki işin iddia icraatına keçirilməsi və tərəflərin iştirakı ilə işə baxılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(075)-1417/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə iddiasına iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci tarixli, SKK02836 №-li nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən 12 müddətinə hissə-hissə hər ay üçün 75 manat, sonuncu ay üçün isə 74 manat ödəmək şərti ilə, 899 manat dəyərində malların nisyə satış müqaviləsinə 2 saylı əlavədə-təhvil-təslim aktında göstərilən məişət texnikalarını nisyə satılmış və həmin məhsullar cavabdehə təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəflərindən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Belə ki, Müqavilənin 6.1-ci bəndi və 6.1.1ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2020-ci tarixli, SKK02836 saylı müqavilə üzrə qalıq borcu 899 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclu kreditor qarşısında müqavilə üzrə cərimə borcu 2673.86 manat təşkil edir (maliyyə arayışı əlavə edilmişdir). Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq etdikləri üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni ödəməyi borcludan tələb edir. Belə olan halda, hesablanmış cərimə məbləğinin 10%-i 267.38 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2020-ci tarixli, SKK02836 saylı müqavilə üzrə 899 manat qalıq borcu, 267.38 manat cərimə borcu olmaqla, cəmi 1166.38 manat borcu yaranmışdır. Bildirmişdir ki, faktor “X4 Olmayan Kredit Təşkilatı” MMC ilə müştəri "xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li Faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci tarixli, SKK02836 №-linisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X4 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh xx.xx.2020-ci tarixli, SKK02836 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X4 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etməsi barədə bilidiriş verilmişdir. İddiaçı "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin, iddiaçı "xxxx" MMC məhkəməyə göndərdiyi ərizəsində mülki iş üzrə hazırlıq və baxış iclaslarını iştirakları olmadan keçirərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" MMC məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, iddiaçı “X4 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini tam müdafiə edir. Cavabdehin məhsulu "xxxx" MMC-yə təhvil verdiyi barədə heç bir sənəd yoxdur. Cavabdehin etiraz ərizəsində qeyd olunanlarla bağlı bildirmişdir ki, alıcı tərəfindən məhsul (mal) hər hansı səbəbdən geri qaytarılarsa ilk növbədə MMC-nin servis mərkəzlərinə müraciət etməsi bildirilir və məhsul servis xidmətində yoxlanılmaq üçün təqdim olunur. Alıcı tərəfindən məhsulun təhvil verilməsinə dair alıcıya qəbz təqdim olunur. Qəbzdə malın adı nömrəsi, alınma tarixi, məhsulu qəbul edən şəxsin, adı, soyadı, malın xarici görünüşünün təsviri, yoxlama müddəti və təmir edilməlidirsə təmir müddəti qeyd olunur. Qəbz alıcı tərəfindən imza edilərək özünə təqdim olunur. Əlavə olaraq servis xidməti olmayan bölgələrdə, o cümlədən birbaşa mağaza tərəfindən məhsul alıcıdan geri təhvil alınarsa bu barədə də alıcıya qəbz verilir. Hesab edir ki, cavabdehin etirazında göstərilənlər əsassızdır. Məhkəmə icraatı zamanı Cavabdeh tərəfindən ödəniş edilməmişdir. Odur ki, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, "xxxx" MMC ilə imzaladığı 01 may 2020-ci il tarixli, SKK02836 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən aylıq 75 manat olmaqla, 12 ay müddətinə ödəmək şərti ilə 899 manat dəyərində SAMSUNG A 71 markalı mobil telefon almışdır. Mobil telefonda nasazlıq yarandığı üçün təxminən 1 həftə sonra telefonu "xxxx" MMC-nə geri qaytarmışdır. Telefonu baxılması üçün servisə göndərmişlər. Təxminən 15 - 20 gündən sonra telefon ona qaytarılmışdır. Lakin 1 həftə sora yenə telefonda həmin nasazlıq yaranmışdır. Buna görə də yenidən telefonu iddiaçı "xxxx" MMC-nə geri qaytarmışdır. Bununla bağlı imtina ərizəsi yazmışdır. Bildirmişdir ki, "xxxx" MMC-dən aldığı 899 manat dəyərində SAMSUNG A 71 markalı mobil telefonda nasazlıq yaranmış, istifadəyə yararsız olmuşdur. Hesab edir ki, iddia əsaslı deyil. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirdi ki, o, Cavabdeh yaxın dostudur. Onlar həmin mobil telefonu Ehtibarla birlikdə gedib almışlar. O, avtomobildə əyləşmiş, Ehtibar özü dükandan telefonu alıb gəlmişdir. Cavabdeh həmin mobil telefonu təxminən 3 il qabaq almışdır. Cavabdeh aldığı mobil telefonun markası SAMSUNG A 71 idi. Bildirmişdir ki, cavabdeh həmin telefonu təxminən 1 həftə kimi işlətdikdən sonra nasazlıq yaranmış, aparıb telefonu birlikdə geri qaytarmışdır. Mobil telefon təxminən 15 gün servisdə olmuş, sonra cavabdehə qaytarmışlar. Lakin yenidən telefonda həmin problem yaranmışdır. Buna görə də onlar həmin telefonu yenidən "xxxx" MMC-nə qaytarmışlar. "xxxx" MMC-nin nümayəndələri mobil telefonu alıb onlara bildirdilər ki, yeni mobil telefon verəcəklər. Lakin bundan sonra heç bir mobil telefon verməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verərək bildirdi ki, o, 2017 - 2021-ci illərdə "xxxx" MMC-də inzibatçı vəzifəsində işləmişdir. Cavabdeh onların müştərisi olmuşdur. Bildirmişdir ki, 2020-ci ildə Cavabdeh onların mağazasına yaxınlaşaraq SAMSUNG A 71 markalı mobil telefon almışdır. Qısa müddət sonra Cavabdeh mobil telefonda nasazlıq olduğunu bildirərək geri qaytarmışdır. O, həmin mobil telefonu təmir üçün servisə göndərmişdir. Daha sonra telefon təmirdən qayıtdıqdan sonra cavabdehə vermişdir. Lakin bir həftə sonra yenə də Cavabdeh yaxınlaşaraq mobil telefonun nasaz olduğunu və mobil telefonu qaytaracağını bildirmişdir. O qaytarma barədə blank yazaraq həmin mobil telefonu baş ofisə göndərmişdir. Etibarın qaytarma ərizəsini baş ofisə göndərmişdir. Təhvil-təslim aktı Etibara verilməmişdir. Bütün sənədləri baş ofisə göndərmişlər. Onlar ümumiyyətlə təhvil-təslim aktını heç bir müştəriyə vermirlər. Bildirmişdir ki, mobil telefon qaytarlanan zaman şirkət Etibardan 370 manat məbləğdə cərimə tələb etdi. Lakin Etibar razılaşmayaraq telefonu verib getmişdir. Daha sonra telefonu təhvil-təslim aktı ilə anbara götürmüşlər. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 may 2020-ci il tarixli, SKK02836 nömrəli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh aylıq 75 manat olmaqla, 12 ay müddətinə ödəmək şərti ilə 899 manat dəyərində SAMSUNG A 71 6/128GB Blue markalı mobil telefon satılmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə arasında bağlanmış 01 may 2020-ci il tarixli, SKK02836 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 899 manat məbləğdə borcunu 12 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 01 may 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC tərəfindən 01 may 2020-ci il tarixli, SKK02836 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən SAMSUNG A 71 6/128GB Blue markalı mobil telefon Cavabdeh təhvil verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 06 mart 2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixli, SKK02836 saylı “nisyə alqı-satqı müqaviləsi”nə əsasən yaranmış borc məbləğini 3 gün müddətində ödənilməsi Cavabdeh tələb olunmuşdur. Əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 may 2020-ci il tarixli, SKK02836 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə dəyəri 899 manat olan SAMSUNG A 71 6/128GB Blue markalı mobil telefon satılmışdır. Müqaviləyə əsasən Cavabdeh SAMSUNG A 71 6/128GB Blue markalı mobil telefonun dəyəri olan 899 manat pul vəsaitini aylıq 75 manat olmaqla, 12 ay müddətinə qaytarmağı öhədəsinə götürmüşdür. İddiaçı "xxxx" MMC 01 may 2020-ci il tarixli, SKK02836 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra edərək 01 may 2020-ci il tarixli təhvil-təslim aktına əsasən SAMSUNG A 71 6/128GB Blue markalı mobil telefon Cavabdeh təhvil verilmişdir. Lakin Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək 01 may 2020-ci il tarixli, SKK02836 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə SAMSUNG A 71 6/128GB Blue markalı mobil telefona görə yaranmış 899 manat borcunu iddiaçı "xxxx" MMC-nə qaytarmamışdır. Göründüyü kimi cavabdeh müqavilələrin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış və hazırda "xxxx" MMC-yə 01 may 2020-ci il tarixli, SKK02836 nömrəli nisyə alqısatqı müqaviləsi üzrə yaranmış borcunu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh müqaviləyə əsasən mobil telefon verilərək üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" MMC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda diqqətə çatdırır ki, məhkəmə iclasında Cavabdeh iddiaya etiraz edərək 01 may 2020-ci il tarixli, SKK02836 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə almış olduğu SAMSUNG A 71 6/128GB Blue markalı mobil telefonun nasaz olduğu üçün iddiaçı "xxxx" MMC-nə qaytardığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı təhviltəslim aktı və ya digər mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi iddiaçı "xxxx" MMC 01 may 2020-ci il tarixli, SKK02836 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehə satılmış SAMSUNG A 71 6/128GB Blue markalı mobil telefonun cavabdehə tam saz vəziyyətdə təhvil verilməsinə dair 01 may 2020-ci il tarixli təhvil-təslim aktını məhkəməyə təqdim etmişdir. Lakin cavabdeh mobil telefonun iddiaçı təşkilata geri qaytarması ilə bağlı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən SAMSUNG A 71 6/128GB Blue markalı mobil telefonun "xxxx" MMC-nə geri qaytarılması iş materialları ilə sübuta yetmir. Bununla yanaşı məhkəməyə qeyd edir ki, məhkəmə iclasında cavabdehin vəsatəti əsasında dindirilmiş şahidlər X2 və X1 ifadələrində Cavabdeh iddiaçı "xxxx" MMC-dən almış olduğu SAMSUNG A 71 6/128GB Blue markalı mobil telefonun nasaz olduğu üçün iddiaçı təşkilata geri qaytardığını bildirsələr də, şahidlərin ifadələrində qeyd etdikləri xüsusatlar iş materiallarına əlavə edilmiş sübutlarla təsdiqini tapmamışdır. Odur ki, məhkəmə şahidlərin ifadələrində göstərdikləri xüsusatlar iş materiallarına əlavə edilmişdir sübutlarla təsdiqini tapmadığından məhkəmə şahidlərin ifadəsinə tənqidi yanaşır. Bundan başqa cərimənin ödənilməsi tələbinin hüquqi əsаslаrını müəyyən edən Аzərbаycаn Respublikаsı Mülki Məcəllənin 460.1-ci mаddəsində göstərilmişdir ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci mаddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci mаddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci mаddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 467-ci mаddəsinə əsasən məhkəmə işin hаllаrını nəzərə аlаrаq tənаsübsüz surətdə yüksək dəbbə pulunu аzаldа bilər. Tənаsüb müəyyənləşdirilərkən kreditorun həm əmlаk mənаfeləri, həm də bütün əsаslı mənаfeləri nəzərə аlınır. İş mаteriаllаrındаn göründüyü kimi, iddiaçının bоrcluyа hesаblаdığı cərimə tənаsübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə, cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alaraq hesab edir ki, 01 may 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 267.38 manat cərimə borcu azaldılaraq 10 manat məbləğində müəyyən edilməli və bununla da cavabdehin mülkiyyət maraqları qorunmuş və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmış olacaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 899 manat əsas borc, 10 manat cərimə borcu olmaqla, cəmi 909 manat məbləğində borc və ödənilmiş 31,66 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilməli, əsaslı olmadığından iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 899 manat əsas borc, 10 manat cərimə borcu olmaqla, cəmi 909 manat məbləğində borc və ödənilmiş 31,66 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar