Məhkəmə qərarları › İş №e-2(075)-143/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-143/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-143/2025 20.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 1580 (bir min beş yüz səksən) AZN məbləğində pul və ödənilmiş 35,8 (otuz beş manat səksən qəpik) AZN məbləğindəki dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, tikinti materiallarının satışı ilə məşğul olur. Bir çox tanıdığı şəxslərə lazım olduqda nisyə tikinti malları verir. Cavabdeh da polis şöbəsində işləyir. Onu polis işçisi kimi tanıyır. Bir neçə ay əvvəl Cavabdeh yaxınlaşaraq evinin təmiri üçün tikinti materialları lazım olduğunu bildirmiş və nisyə bir neçə dəfəyə 1580 manatlıq tikinti malları almışdır. xx.xx.2024-cü il tarixində 820 manat dəyərində, xx.xx.2024-cü il tarixində 760 manat dəyərində tikinti materialı almışdır. Bu günə kimi həmin aldığı malların pulunu ödəmir. Dəfələrlə atası Sabib Qasımov bir böyük kimi Cavabdeh ilə telefonla, WhatsApp vasitəsilə yazışma (səsli və yazı mesaj) edib. Hər dəfə borcunu qısa müddətə bağlayacağını desə də bu günə kimi borc qalmaqdadır. Qeyd etdiyi yazışmalar məhkəmənin hazırlıq iclasında CD diskdə məhkəməyə təqdim ediləcəkdir. Cavabdeh uzun müddət vədinə əməl etmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçı X1 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli 038526 nömrəli qəbzdən görünür ki, cəmi 760 manat dəyəridə mal satılmışdır. - xx.xx.2024-cü il tarixli 038049 nömrəli qəbzə əsasən 820 manat dəyərində sement satılmışdır. - Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** nömrəli VÖEN verilmişdir. - xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün 35,80 manat Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadən 10000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında müəyyən edilir. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Hazırkı işdə Mülki Məcəllənin 567-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. İddiaçı bildirir ki, onun tərəfindən cavabdehə pulunu sonradan ödəmək şərti ilə 1580 manat dəyərində tikinti materialları satılmışdır. İş materiallarına iddiaçının atası ilə cavabdeh arasında olduğunu iddia etdiyi “whatsapp” yazışmaları və səs yazıları təqdim edilmişdir. Həmin səs yazısında borcun nə qədər olması barədə cavabdehin sualına münasibətdə iddiaçının atası tərəfindən 1580 manat borcun olması kimi münasibət bildirilmişdir. Bu danışıq “whatsapp” yazışmalarında öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, sübutların aidiyyəti dedikdə, sübut mənbəyində olan məlumatın məhkəmə baxışında müəyyən edilməli olan faktlarla və hallarla obyektiv əlaqəsinin olması başa düşülür. Başqa sözlə, sübutun aidliyi onun baxılan iş üzrə sübutetmə predmeti ilə bağlılığının olması deməkdir. Sübutların aid edilməsi isə məhkəmənin həyata keçirdiyi fəaliyyət olub, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların aydınlaşdırılmasına xidmət edən sübutların qəbul edilməsinə, işə aid olmayan (sübutetmə predmeti ilə heç bir bağlılığı olmayan) sübutların kənar edilməsinə (qəbul edilməməsinə) yönəlmişdir. Beləliklə, işin hallarını, qanunvericiliyin qeyd edilən normalarını, həmçinin təqdim edilmiş sübutların bir-birini tamamlamasını əsas tutaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1580 (bir min beş yüz səksən) manat və 35,8 (otuz beş manat səksən qəpik) ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar