Məhkəmə qərarları › İş №e-2(075)-1446/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1446/2024

26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1446/2024 26.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 2709.10 manat borcun və 47.10 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 1 dekabr 2023-cü il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı 1 kiloqramının qiyməti 0,33 manat olmaqla 12270 kiloqram arpa toxumluq məhsulunu cavabdehə satmasını və cavabdehin isə həmin məhsulu qəbul edərək onun dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Lakin, cavabdeh tərəfindən müqavilə üzrə götürmüş olduğu öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə 2709.10 (iki min yeddi yüz doqquz manat on qəpik) manat borc yaranmışdır. Tərəflər arasında imzalanmış 28 mart 2024-cü il tarixli üzləşmə aktına əsasən borclu tərəfindən Müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmədiyinə görə 2709.10 (iki min yeddi yüz doqquz manat on qəpik) manat məbləğində ödənilməyən borc qalmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdehə3 aprel 2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq, sonuncudan 2709.10 (iki min yeddi yüz doqquz manat on qəpik) manat borc məbləğinin ödənilməsi tələb olunmuşdur. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehdən müqavilə öhdəlikləri üzrə ödənilməmiş 2709.10 (iki min yeddi yüz doqquz manat on qəpik) manat məbləğində pulun ödənilməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə iddiaçı təhvil-təslim aktında qeyd edilən malları cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malın dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya 2709.10 manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya məktubu göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 567-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, müqaviləyə əsasən satılmış mallar üçün 2709.10 manat borc Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 47.10 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 2709.10 (iki min yeddi yüz doqquz manat on qəpik) manat borc və 47.10 (qırx yeddi manat on qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar