Məhkəmə qərarları › İş №e-2(075)-1465/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1465/2022

31.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1465/2022 31.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 518,40 manat qaz sərfiyyatının hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Lakin 21 iyul 2022-ci il tarixdə məhkəməyə elektron ərizə ünvanlayaraq, uzaqda yaşadığına görə və səhhəti ilə bağlı iclasın onun iştirakı olmadan keçirilərək iddianı təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, həmişə sayğacı üzrə ödəniş aparmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-nin Zaqatala RQİİ-nin Şəki şəhər sahəsinin əməkdaşları yaşadığı ünvana gələrək bildirdilər ki, istifadəsində olan qaz sayğacının yenisi ilə əvəz edilməlidir. O onlara heç bir irad, etiraz bildirməmiş, hətta onlara kömək etmiş, sayğacı açmaq üçün açarda vermişdir. Onlar təxminən bir saat ərzində istifadə etdiyi sayğacı yeni, mexaniki sayğacla əvəzləyib və bu barədə ******* saylı akt tərtib etmişlər. Həmin aktda açılan sayğacda heç bir çatışmamazlıq göstərilməmişdir. Onun barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli akt qanunsuzdur. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə qanunvericiliyin müvafiq tələblərini pozmuşlar, bununla da istehlakçı kimi ona nasazlığın aradan qaldırılmasında köməklik göstərilməsi əvəzinə qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Göründüyü kimi cavabdeh təşkilatın nümayəndələri qarşılarına qoyulmuş kvotanı doldurmaq üçün və onun savadsızlığından mükəmməl olaraq istifadə etmişlər. Bundan başqa həmin aktı məişət abonenti kimi o imzalamamışdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda ayrıca qeyd aparılmalıdır. Lakin cavabdeh təşkilatın nümayəndəsi həmin tarixsiz aktı tərtib edərkən qanunvericilyin tələləblərini pozmuşlar. Məcburiyyət qarşısında qalaraq aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 21 iyul 2022-ci il tarixdə etiraz göndərərək göstərmişdir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 518.40 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mübahisə predmeti ilə bağlı bildirmişdir ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı 40048294 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********7 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin xx.xx.2022-ci il tarixli 29/1710-01310-1 saylı aktında göstərilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilib (qaz itkisi, müdaxilə). Eyni zamanda iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz sayğacın nominal qaz buraxma qabiliyyəti 4m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 4320 m3 (və ya 518.40 manat) həcmində müəyyən edilmişdir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən, xx.xx.2022-ci il saat 11:00-ə təyin edilmiş məhkəmə hazırlıq iclasının iştirakları olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 518.40 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi üzrə məhkəmə hazırlıq iclasının baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsini, cavabdehin etiraz ərizəsini təhlil edərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı və buna görə də iddia təmin edilməlidir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 06 mart 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı ünvanında istismarda olmuş “Natek” tipli G- 4 markalı 40048294 nömrəli sayğac sərfiyyat qeydə alınmadığından, qaz keçirdiyindən çıxarılmış, əvəzində yeni “Zenner” G-4 markalı **********7 saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. Aktda qeyd edilmişdir ki, sayğacın və plombun toxunulmazlığına cavabdeh şəxs İddiaçıdur. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2022-ci il tarixli, ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, ARDNŞ Cavabdeh İB-nin MSK 29/1710-01310-1 saylı aktına əsasən sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi, sayğacın çıxış palstmas borusunun deşildiyi müəyyən olunmuş, mövcud sayğacın saatlıq qaz sərfinə uyğun quraşdırılması və istehlakçıdan dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin 31 mart 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən evində qaz işlədicilərindən G4 markalı 40048294 nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 4m3 orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 4320 m3 müəyyən edilmişdir. Göründüyü kimi, 06 mart 2022-ci il tarixli ******* nömrəli akta əsasən iddiaçıya məxsus ünvan 2 ünvanında yaşadığı evdə quraşdırılmış “Natek” tipli G-4 markalı 40048294 nömrəli sayğac sərfiyyat qeydə alınmadığından, qaz keçirdiyindən çıxarılmış, əvəzində yeni “Zenner” G-4 markalı **********7 saylı sayğac quraşdırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacdan qaz keçirməsi, hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi, sayğacın çıxış palstmas borusunun deşilməsi” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, “sayğacdan qaz keçirməsi, hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi, sayğacın çıxış palstmas borusunun deşilməsi” özü özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçının və onun ailə üzvlərinin tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən aktlar və qərarlarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Beləliklə, saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab edir ki, iddia 31 mart 2021-ci il tarixli, ******* nömrəli akt əsasında G-4 markalı, 40048294 nömrəli sayğac üzrə hesablanmış borcun silinməsi hissəsində əsaslıdır. Odur ki, iddia təmin edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X4 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 31 mart 2022-ci il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatı kimi 518,40 manat məbləğində hesablanmış borc İddiaçı hesabından silinməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. 31 mart 2022-ci il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatı kimi 518,40 manat məbləğində hesablanmış borc İddiaçı hesabından silinsin. Cavabdehndən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar