Məhkəmə qərarları › İş №e-2(075)-1472/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1472/2024

16.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1472/2024 16.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçının Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış və **********03910 abonent hesabına vurulmuş 777,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonu, Cumakənd kəndində yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Həmin evdə qazdan istifadə edildiyinə görə küçədə Cavabdeh tərəfindən G-4 markalı 10336186 nömrəli qaz sayğacı quraşdırılmışdır. 13 noyabr 2023-cü il tarixdə onun istifadəsində olan G-4 markalı 10336186 nömrəli qaz sayğacı Cavabdeh İB-nin nümayəndələrinin iştirakı ilə götürülmüş və bu barədə Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 13 noyabr 2023-cü il tarixli ******* №-li akt tərtib edilmişdir. Həmin zaman istifadəsində olan G-4 markalı 10336186 nömrəli qaz sayğacı tam saz vəziyyətdə olmuşdur. Sonradan növbəti hesab bildiriş gələrkən ona məlum olmuşdur ki, Cavabdeh İB tərəfindən 777,6 manat sərfiyyat borc hesablanmışdır. O, bunu dəqiqləşdirmək üçün Cavabdeh İB-nin Zaqatala RQİİ-nin Şəki şəhər şöbəsinə müracitə etdikdə ona bildirmişlər ki, istifadəsində olan G-4 markalı 10336186 nömrəli qaz sayğacı Cavabdeh İB-nin nümayəndələri tərəfindən götürüldükdən sonra ARDNŞ Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli MSK 14-2-2/3-5-12082/Q001 saylı aktına əsasən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olmasına görə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli 0401657nömrəli Akt tərtib edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli qərarla G-4 markalı 10336186 nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti hesablanmaqla cəmi 6480 m3 qaz sərfiyyatı hesablanmışdır. Həmin qərarda isə qeyd edilmişdir ki, Sənaye və məişət qaz sayğaclarını kalibrləmə labaratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli MSK 14-2- 2/3-5-12082/Q001 saylı aktına əsasən G-4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması qeyd edilmişdir. Əgər sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri olsaydi Cavabdeh İB-nin nümayəndələri sayğacı yenisi ilə əvəz edən zaman bunu istehlakçıya söyləyər və bunu ona yerində göstərər və elə həmin vaxt bu barədə Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 13 noyabr 2023-cü il tarixli ******* №-li aktda qeyd edərdilər. Belə ki, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri olmasını müəyyən etmək üçün heç labaratoriyaya göndərilməsinə ehtiyac yoxdur bu ilk vizual baxışda görünərdi. Bundan əlavə qaz sayğacını götürərkən iki hal şahidi dəvət etməli idilər. Lakin qeyd edilən aktdan görünür ki, sayğacın götürülməsindən 29 gün sonra yəni 12 dekabr 2023-cü il tarixdə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 12 dekabr 2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Buradan da görünür ki, həmin akt saxtadır və formal olaraq tərtib edilmişdir. Belə ki, hər iki aktı yəni Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında və Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlardakı məlumatları müqayisə edərkən görürük ki, hər iki aktdakı məlumatlar üst-üstə düşmür. Belə ki, istifadəsində olan sayğac 13 noyabr 2023-cü il tarixdə dəyişdirilərək yenisi ilə əvəz edilsə də, 12 dekabr 2023-cü il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda “istehlakçıya məxsus yaşayış sahəsində” sayğaca xx.xx.2023-cü il tarixdə baxıldığı qeyd edilmişdir. İstifadəsində olan sayğac 13 noyabr 2023-cü il tarixdə götürülmüşdürsə necə ola bilər ki, xx.xx.2023-cü il tarixdə onun yaşayış sahəsində həmin sayğaca baxış keçirilir. Lakin o, həmin sayğaca baxış keçirilməsində iştirak etməmiş və həmin akta imza etməmişdir. Ümumiyyətlə onun həmin aktın mövcudluğundan xəbəri olmamış və növbəti hesab bildirişi təqdim edildikdən sonra ona məlum olmuşdur ki, belə akt mövcuddur. İstifadəsində olan sayğacın götürülməsinə qədər də Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nəzarətçisi hər ay sayğaca baxış keçirmiş və onda heç bir zədələnmə izləri aşkar etməmişdir. O, hər ay nümunəvi vətəndaş kimi təbii qazdan istifadəyə görə sayğacda göstərilən və Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nəzarətçisi tərəfindən təqdim edilmiş bildirişdə göstərilən sərfiyyata uyğun məbləği cavabdehin hesabına ödəmişdir. Sayğac mülkiyyətində olan ərazidə yox onun istifadə belə etmədiyi küçədə və yüksəkdə quraşdırılmışdır və onun ona müdaxilə etməyi və onu kənar müdaxilələrdən güdməyi qeyri-mümkündür. Mübahisəli akt və həmin akt əsasında qəbul edilmiş qərar tam qanunsuz və əsassızdır və həmin qərarda hesablanmış məbləğ əsassız hesablanmışdır, ona görə də əsassız hesablanmış məbləğ silinməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı cavabdeh tərəfindən yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçının adına rəsmiləşdirilmiş **********003910 saylı qaz hesabında 777.60 manat borc vardır. Həmin borcun 15.40 manat hissəsi sayğac üzrə, 777.60 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu mübahisələndirməkdədir. Belə ki, Zaqatala RQİİnin mütəxəssisləri tərəfindən İddiaçının istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı sayğaca müdaxilə edilmə faktı müəyyənləşdirilmişdir. Bununla əlaqədar olaraq qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 13 noyabr 2023-cü il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin xx.xx.2023-cü il tarixli MS-14-2-2/3-5-12082/Q001 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarında əzik-cızıq izləri olması aşkar edilmişdir Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 6 m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 6480 m3 (və ya 777.60 manat) həcmində müəyyən edilmişdir. Bundan əlavə mübahisəli qaz sayğacı ünvanından açıldığı tarixdən əvvəlki və sonrakı dövrlərdəki qaz sərfiyyatları müqayisə edildiyi təqdirdə qaz sərfinin qüsur aradan qaldırıldıqdan sonra nəzərə çarpaçaq dərəcədə artdığı görülməkdədir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, sayğac evdən kənarda, küçədə quraşdırılmışdır. Sayğac açılanda da sayğacın hesablama mexanizminin yan tərəfədən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması səbəbindən açılmışdır. Sübutların tədqiqi: İş materiallarında olan: - “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 11 noyabr 2016-cı il tarixli müqavilədən görünür ki, Cavabdeh İB istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq təqdim edilən hesaba əsasən ödəyir. - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 13 noyabr 2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçının ünvanında istismarda olmuş “Elster” tipli, “G-4” markalı, 10336186 nömrəli sayğac çıxarılmış, əvəzində yeni “GO7” tipli, “G-4” markalı, ******* saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. - Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 12 dekabr 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh İB-nin MSK 14-2-2/3-5-12082/Q001 saylı aktına əsasən sayğacın hesablama mexanizmi yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır. Sayğac saatlıq qaz sərfinə uyğun quraşdırılsın. Dəymiş ziyan hesablanaraq ödənilsin. - 13 dekabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçının istifadəsində olan G4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qeyd edilmişdir. İtirilmiş qazın miqdarı cəmi 6480 m3 müəyyən edilmişdir. - Abonentin saldosundan görünür ki, İddiaçının adına olan **********003910 nömrəli abonent kodunda 2023-cü ilin dekabr ayına akt üzrə 777,60 manat borc vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir... Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat miqdarında müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında təbii qazın alqısatqısı barədə 11 noyabr 2016-cı il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçını təbii qazla təchiz etməyi, cavabdeh isə istifadə etdiyi qazın dəyərini ödəməyi öz öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən istifadə edilən təbii qazın həcminin müəyyən edilməsi məqsədilə sayğac, iddiaçıya məxsus fərdi yaşayış evinin həyətində deyil küçədə quraşdırılmışdır. Cavabdeh tərəfindən iddiaçıya akt tərtib edilməsinin səbəbi kimi sayğacın hesablama mexanizmi yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması göstərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh “Qazdan istifadə qaydaları”nın tələblərinə uyğun olaraq sayğacın üstünü müvafiq örtüklə bağlamamış, həmçinin iddiaçının nəzarətindən kənar, küçədə sayğacın hesablama mexanizmi yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olmasını qeyd etsə də, həmin qüsurun məhz iddiaçının təqsiri üzündən yaranması ilə bağlı sübutlar təqdim edə bilməmişdir. Məhkəmə, iddiaçı tərəfindən məhz hansı pozuntunun törədilməsi göstəriləmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan, iddia tələbi isə təmin edildiyindən, ödənilməli dövlət rüsumu cavabdehdən tutulmalıdır. Məhkəmə tərəfindən təmin edilən iddia tələbinin qiyməti 777,60 manat olduğundan MPM-in 119.2-ci və “Dövlət rüsumu haqqında” qanunun 8.1.1-ci maddəsinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən akt əsasında hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc İddiaçının abonent hesabından silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar