Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1479/2025 12.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, Səmədova Gülsüm Nəsir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi, onunla bağlı izahat və etirazlar: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız hesablanmış 815 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçı Şəki rayonu, Baş Göynük kəndində Qarasov ərazisi adlanan yerdə yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. Evdə elektrik enerjisindən istifadə edildiyinə görə küçədə PAUD tipli **********52 nömrəli elektrik sayğacı quraşdırılmışdır. xx.xx.2025-ci il tarixdə kəskin yağışlı küləkli havaya görə onun istifadəsində olan elektrik sayğacından yaşadıqları evə gedən elektrik naqilləri qısaqapanma nəticəsində qırılmışdır. Buna görə də Şəki rayonu Aşağı Göynük kəndində yerləşən X2 yarımstansiyasına zəng etmiş və qəza barədə məlmat vermişdir. Həmin vaxtı ona bildirmişlər ki, gəlib indi baxacaqlar. Lakin bir müddət gösləsə də qəza xidmətinin əməkdaşları gəlmədiyinə görə özünə məxsus avtomobillə Şəki rayonu Aşağı Göynük kəndində yerləşən X2 yarımstansiyasına getmiş və oradan Nizami, Xəqani və Faiq adlı üç əməkdaşı evlərinə gətirmişdir. Onlar gələrək yerində qəzanın nəticələrini aradan qaldırmağa çalışsalar da, bunu edə bilmədilər. Bildirdilər ki, sayğac elektrik enerjisini buraxmır. Buna görə də onların ərazisinə baxan Vaqif adlı sahə rəisinə zəng etdilər. Vaqif adlı həmin şəxs əməkdaşlara bildirdi ki, elektrik dirəyindən 0 və fazın yerini dəyişin düzələcək. Lakin əməkdaşlar bunu etsələr də, düzəlmədi. Sonra yenidən Vaqifə zəng edərək düzəlmədiyini bildirdilər, onda Vaqif bildirdi ki, o, özü gəlir. Təxmini 30 dəqiqə sonra sahə rəisi Vaqif və X2 tanımadığı əməkdaşı əraziyə gəldilər və əməkdaşlara tapşırdılar ki, sayğacın plombunu qırın və sayğaca müdaxilə etdikdən sonra sayğa elektrik verilişini buraxdı. Lakin sayğacdan evə gedən elektrik xəttində qısaqapanma olduğuna görə evi elektrik enerjisi ilə təmin edə bilmədilər. Əməkdaşlar bildirdi ki, başqa yerdə qəza olub, onlar təcili getməlidir, sayğacdan evə gedən xətti də özü düzəltsin. Bundan sonra həmin 3 nəfər əməkdaşı özünə məxsus avtomobillə Şəki rayonu Aşağı Göynük kəndində yerləşən X2 yarımstansiyasına apardı. Qayıdarkən gördü ki, sahə rəisi Vaqif və onunla gələn tanımadığı əməkdaş və sürücü kafenin yanında gözləyirlər. Vaqif avtomobilin qabağına keçərək onu saxladı və ona bildirdi ki, onlara nahar alsın. O da onlara nahar aldı və 25 manat ödəniş etdi. Həmin vaxtı o, Vaqifdən xahiş etdi ki, bugün yoldaşının ad günüdür, qonaqları gələsidi, elektrik verilişini də bərpa edə bilmədilər, bəs o, nə etsin. Vaqif də ona bildirdi ki, həytindən keçən elektrik xəttindən müvəqqəti elektrik götür, narahat olma onluqdur. O da onun bu sözünə görə evə gedərək belə etdi. Təxmini bir saat sonra Vaqiflə birlikdə yanında gələn tanımadığı əməkdaş ona məxsus evə gələrək guya onun tərəfindən qanunsuz elektrik xəttinə müdaxilə etdiyini bildirdi və barəsində akt yazılacağını dedi. O da ona bildirdi ki, axı siz gəldiniz qəzanı aradan qaldıra bilmədiz Vaqif də ona bildirib ki, bir saatlıq həyətdən keçən xəttdən elektrik enerjisini götürsün, sonra əməkdaşlar gəlib qəzanı aradan qaldıracaq. Həmin əməkdaş isə ona bildirdi ki, o, bilməz, səhər X5 gələr. O da Vaqifə zəng edərək bildirdi ki, axı sən dedin ki, elektrik xəttinə qoşul amma sənin yanındakı əməkdaş gəlib evə bildirir ki, kənar xətt qoşmusan. Vaqif də ona bildirdi ki, narahat olma o, həll edəcəkdir. Bir müddət sonra onun telefonuna sms gələrək mənim 815 manat borcunun olduğu bildirildi. Hesab edir ki, elelektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş akt və həmin akt əsasında hesablanmış 815 manat məbləğ əsassız hesablanmışdır, ona görə də əsassız hesablanmış məbləğ silinməlidir. Belə ki, X2 əməkdaşları hava şəraiti ilə əlaqədar baş vermiş qəzanı aradan qaldıra bilməmişlər və o, elektrik enerjisiz qalmış, buna görə də sahə rəisi Vaqif adlı şəxs ona müvəqqəti həyətindən keçən xəttə qoşulmağını bildirmişdir. Göründüyü kimi o, sahə rəsinin göstərişi ilə xəttə qoşulmuş və 1 saat sonra da o yanındakı əməkdaşı göndərərək guya onun evində kənar xətt aşkarlamışdır. Onun həmin kənar xətti qoşmağı keç bir saat çəkməmişdir. Lakin bir saatlıq qoşulmuş kənar xəttə görə ona 815 manat elektrik enerjisi sərfiyyatı hesablayıblar. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti etirazında bildirir ki, iddiaçının Şəki rayonu, Baş Göynük kəndində yaşadığı fərdi yaşayış evi enerji satış bazasında **********02038 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2025-ci il tarixdə ASC-nin əməkdaşları E.Məsimov və O.Həmidov tərəfindən Şəki rayonu, Baş Göynük kəndində yerləşən iddiaçıya məxsus evə quraşdırılmış sayğaca iddiaçının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacdan kənar şəbəkəyə qoşularaq elektrik enerjisindən qanunsuz istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqadar "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.17.1-ci bəndinin tələbinə uyğun əməkdaşlar tərəfindən xx.xx.2025-ci il tarixli, R379899 saylr akt tərtib olunmuşdur. Bundan sonra xx.xx.2025-ci il tarixli, R379899 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSi-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 30 gün uçün 0.084 manatla 200 kvt.s (dəyəri 16.80 manat), 0.10 manatla 100 kvt.s (dəyəri 10 manat) ve 0.15 manatla 5244 kvt s (dəyəri 786.60 manat) toplamda 813.40 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçının faydalanmaq məqsədli şəkildə edildiyi aşkardır ve iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Əməkdaşlar aşkar edilmiş qanunsuz xəttlə bağlı video çəkiliş də aparmışlar. Bunan başqa iddiaçı özü də iddia ərizəsində qanunsuz kənar xəttə qoşulmanı qeyd edir. Akt və onu təsdiq edən sübutlar X1 Agentliyinə göndərilmiş, iddiaçı Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsinə əsasən MN ******* saylı qərarla 100 manat cərimələnmişdir. İddiaçı iddia tələbində silinəcək məbləği 815 manat göstərmişdir. Akt əsasında 813.40 manat hesabat apanlmış, yerdə qalan 1.60 manat borc aylıq sərfiyyat əsasında yazılmışdır. Qeyd edilənləri rəhbər tutaraq iddia tələbinin təmin edilməməsii xahiş etmişlər. Məhkəmə iclasına dəvət edilmiş mübahisəli aktı tərtib edən əməkdaşlar X3 və X4 məhkəmə iclasında iştirak etmişlər. İştirak etdiyi məhkəmə iclasında X3 bildirdi ki, onlar digər əməkdaş Orxan Həmidov ilə birlikdə iddiaçını evdən çağıraraq sayğacına video görüntü ilə baxış keçirən zaman görmüşlər ki, sayğaca kənar qoşulma olub. Əvvəldən onlara bildirilmişdi ki, iddiaçının işığında kəsinti olub. Onlar ona bunun qanunsuz olduğunu və cərimə oluna biləcəyini bildirmişlər. O isə onlara bir saat əvvəl qoşduğunu Vaqifdən icazə aldığını bildirmişdir. Suallara cavab olaraq əlavə etdi ki, onlar baxış keçirən zaman elektrik qoşulu olmuşdur. Qısaqapanma olmuş, işıqda kəsinti olmuşdur. Elektrik dövrəsində problem yaranmışdı. 0 xətti ilə faza xətti yerini dəyişdikdən sonra işığın verilməsi bərpa edilmişdir. Lakin evinə gedən xəttə nasazlıq yaranmışdır. Onlar bildirmişlər ki, ASC sayğacdan çıxan xəttə qədər məsuldur. Özü evinə gedən xətti düzəltdirsin. Onlar sonradan evə gedən xəttə baxış keçirəndə elektrik xəttinə kənar qoşulma aşkarlamış, aktlaşdırmışlar. İddiaçı akta imzalamaqdan imtina etmişdir. Digər əməkdaş X4 bildirdi ki, iddiaçının sayğacına video görüntü ilə baxış keçirən zaman görmüşlər ki, sayğaca kənar qoşulma var. İddiaçının elektrik naqillərində qısaqapanma olmuşdur. Ona görə də işığında kəsinti olmuşdur. O isə özü evə qanunsuz olaraq işıq qoşmuşdur. Onlar ona bunun qanunsuz olduğunu bildirəndə o, onlara bir saat əvvəl qoşduğunu, ad günündən sonra yenidən ayıracağını bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, nümayəndəsini məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinin tələblərinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərar qəbul edərkən aşağıdakı sənədlərə istinad edir: İş materiallarında olan: - “Enerji təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısı barədə” xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, "xxxx" ASC istehlakçı İddiaçı istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı elektrik enerjisinin dəyərini elektrik sayğacının göstəricisinə uyğun olaraq təqdim edilən hesaba əsasən ödəyir. - xx.xx.2025-ci il tarixli, R379899 nömrəli aktın surətindən görünür ki, EEİQ-a uyğun olaraq elektrik hesabat sayğacına baxış keçirilən zaman tərəflərindən müəyyən olunmuşdur ki, abonent sayğacdan kənar şəbəkəyə qoşularaq, elektrik enerjisindən qanunsuz istifadə edir. Ölçü aparmaq mümkün olmadı. Sayğacdan kənar qoşulmuş naqil kəsiyi 10 mm-dir. Tələb: sayğacdan kənar xətt ləğv edildi. Sayğac uçot dəsti həyətdən çöldə quraşdırıldı. Akt istehlakçı tərəfindən imzalanmamışdır. - xx.xx.2025-ci il tarixli icra vərəqindən görünür ki, xx.xx.2025-ci il tarixli, R379899 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSi-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 30 gün uçün 0.084 manatla x 200 kvt.s (dəyəri 16.80 manat), 0.10 manatla x 100 kvt.s (dəyəri 10 manat) ve 0.15 manatla x 5244 kvt.s (dəyəri 786.60 manat) toplamda 813.40 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. - Abunə haqqında sənəddən görünür ki, abunə kodu **********02038 olan İddiaçı xx.xx.2025-ci il tarixli, R379899 saylı akt üzrə 813,40 manat borc hesablanmışdır. Həmin sənəddə 2025-ci ilin aprel ayı üçün sayğac göstəricisi xx.xx.2025-ci il tarixdə yoxlanmışdır. - X1 Agentliyinin Şəki filialı tərəfindən tərtib edilmiş MN ******* saylı xx.xx.2025-ci il tarixli qərarla İddiaçı elektrik sayğacına kənar xətdən qoşulmaqla qanunsuz istifadə edərək elektrik enerjisini talaması nəticəsində az miqdarda ziyan vurmasına görə Azərbaycan Respublikası İXM-in 282.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 manat cərimələnmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11–ci bəndində göstərilmişdir ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən olundu ki, iddiaçıya məxsus Şəki rayonu, Baş Göynük kəndində Qarasov ərazisi adlanan yerdə yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən baxış keçirilən zaman elektrik sayğacından kənar xətt vasitəsi ilə istifadə edildiyi aşkar olunmuşdur. Aşkar edilmiş faktla bağlı xx.xx.2025-ci il tarixli, R379899 saylı akt tərtib edilmişdir. “EEİQ”-nın tələblərinə əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə 30 gün müddətində ümumilikdə 813,40 manat itirilmiş enerji dəyəri hesablanmış və həmin məbləğ cavabdeh tərəfindən iddiaçıdan tələb olunaraq iddiaçının abonent dövriyyəsinə əlavə olunmuşdur. İddiaçı həmin aktı mübahisələndirərək həmin aktın əsaslı olmadığını tələb etsə də, istinad etdiyi halı məhkəmədə qismən sübut edə bilmişdir. İşdə olan sübutlar və iddiaçı özü də təsdiq edir ki, iddiaçı elektrik sayğacından kənar xətdən istifadə etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş həmin aktın əsaslı olması sübut edilsə də, itirilmiş enerji dəyərinin 813,40 manat olması məhkəmədə qismən təsdiqini tapmışdır, yəni işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı evinə elektrik enerjisindən istifadə etmək üçün quraşdırılmış elektrik sayğacından kənar xətt vasitəsi ilə istifadə etməsinə görə itirilmiş enerji dəyərinin neçə gün müddətinə və ya nə qədər pul məbləği ilə hesablanmasına dair hər hansı müqavilə tərəflər arasında bağlanmamışdır. İşin faktiki hallarından da göründüyü kimi iddiaçının elektrik enerjisində kəsinti olmuşdur. Həmin kəsintinin səbəbi qısaqapanma olmuşdur. Cavabdehin əməkdaşları 0 xətti ilə faza xətti yerini dəyişdikdən sonra işığın verilməsi bərpa edilmişdir. Lakin evə gedən xətdə problem olduğundan evin elektrik enerjisindən istifadə edə bilməmişdir. İddiaçı bildirir ki, o, məcbur olub, kənar xətdən elektrik enerjisini 1 saat istifadə etmişdir. Elə həmin gün 1 saat sonra əməkdaşlar bunu aşkarlamışlar. İddiaçının bildirdikləri cavabdehin əməkdaşları tərəfindən də təsdiq edilmişdir. Bundan başqa iddiaçı bu hüquqazidd əməlinə görə 100 manat inzibati qaydada cərimələnmişdir. Məhkəmə işdəki sübutlara qiymət verərək hesab edir ki, itirilmiş enerji dəyərinə görə hesabat müddəti kimi hesablanmış 30 günün ən çoxu 01 gün müddətində hesablanması daha ağlabatandır. Belə ki, cavabdeh təşkilat sayğaca hər ay baxış keçirərək sərfiyyatı qeyd edib abonentə bildiriş verməlidir. Əgər sayğacda hər hansı qüsur aşkarlanarsa və ya sayğaca müdaxilə edilibsə növbəti ayda cavabdeh təşkilatın səlahiyyətli nümayəndəsi elektrik sərfiyyatını çıxararkən sayğacda hər hansı qüsurun və ya sayğaca müdaxilənin olmasını aşkar etməlidir. Abunə haqqında sənəddən görünür ki, abunə kodu **********02038 olan İddiaçı xx.xx.2025-ci il tarixli, R379899 saylı akt üzrə 813,40 manat borc hesablanmışdır. Həmin sənəddə 2025-ci ilin aprel ayı üçün sayğac göstəricisi xx.xx.2025-ci il tarixdə yoxlanmış, yəni hadisədən 2 gün əvvəl sayğac göstəricisinə baxılmışdır. Həmçinin müəyyən olunduğu kimi cavabdehin əməkdaşları həmin gün elektrik enerjisinin bərpası üçün həmin ünvanda işlər aparmışlar. Bu da əsas verir ki, iddiaçı tərəfindən qanunsuz istifadə 1 günü əhatə edir. Beləliklə, məhkəmə işin faktiki hallarını və bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, xx.xx.2025-ci il tarixli, R379899 saylı akt əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Şəki rayonu Baş Göynük kəndində yaşayan İddiaçı (abonent kodu:**********02038 itirilmiş enerji dəyəri kimi) hesablanmış 30 gününü (813,40 manat:30=27,11 manat) 27,11 manat tələb etməkdə haqlıdır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, R379899 saylı akt əsasında Şəki rayonu Baş Göynük kəndində yaşayan İddiaçı (abonent kodu:**********02038 itirilmiş enerji dəyəri kimi) hesablanmış 813,40 (səkkiz yüz on üç manat, qırx qəpik) manat borc 27,11 (iyirmi yeddi manat, on bir qəpik) manatadək azaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 357 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, R379899 saylı akt əsasında Şəki rayonu Baş Göynük kəndində yaşayan İddiaçı (abonent kodu:**********02038 itirilmiş enerji dəyəri kimi) hesablanmış 813,40 (səkkiz yüz on üç manat, qırx qəpik) manat borc 27,11 (iyirmi yeddi manat, on bir qəpik) manatadək azaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(075)-1479/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1479/2025
12.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver