Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-148/2024 08.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pəncərənin bağlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 məxsus Şəki rayonu Baş Göynük kəndində inşa edilmiş fərdi yaşayış evinin onun həyətyanı sahəsinə tərəf yeni açılmış pəncərəsinin cavabdehlərin hesabına bağlanması, cavabdehlər Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 məxsus Şəki rayonu Baş Göynük kəndində inşa edilmiş fərdi yaşayış evinin dam örtüyündən həyətyanı sahəsinə tökülən suyun cavabdehlərin hesabına qarşısının alınması barədə; Ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 məxsus Şəki rayonu Baş Göynük kəndində inşa edilmiş fərdi yaşayış evinin onun həyətyanı sahəsinə tərəf yeni açılmış pəncərəsinin cavabdehlərin hesabına bağlanması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Şəki rayonu Baş Göynük kəndində yerləşən mərhum atasına məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli qərarı ilə yaşadığı evin həyətyanı sahəsi atası X3 mülkiyyətinə verilmişdir. X15 xx.xx.2012–ci il tarixində rəhmətə getmişdir. X1 xx.xx.1998–ci il tarixində rəhmətə getmişdir. Cavabdehlər Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 onunla qonşudurlar. Onların evinin arxası sərhəd nöqtələrində yerləşir. Təxminən 2023-ci ilin iyul ayının sonlarında Cavabdeh2 onlara müraciət edərək evlərinin təmir etməsini və evin onlara aid olan hissəsindən baca açaraq təmir nəticəsində çıxan zibillərin həmin hissədən daşınmasına şərait yaratmasını xahiş etmişdir. Onlar qonşu olduğu üçün buna etiraz etməmişlər. Bir müddət sonra təxminən 15-20 gün əvvəl Cavabdeh1 yenidən yaxınlaşaraq həyətə tərəf olan hissədən pəncərə açmaq istədiyini bildirmişdir. O, isə razılıq verməmişdir. Evdə olmadığı zaman həyat yoldaşı məlumat vermişdir ki, ustalar onlara tərəf hissədə söküntüyə başlayaraq pəncərə açır. O, dərhal gələrək etirazını bildirmiş və bu barədə kənd İcra nümayəndəsinə bildirsə də, bu məsələnin onların səlahiyyətlərində olmadığını bildirmişlər. Bundan sonra polis şöbəsinə ərizə ilə müraciət etmiş, Polis şöbəsinə onu və Cavabdeh1 dəvət etmişlər. Cavabdehə pəncərə yerinin açılmasının qanunsuz olması izah edilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh pəncərə yerini açaraq onun həyətinə tərəf pəncərə qoymuşdur. Onun bu qanunsuz işinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlərin evlərinin dam örtyünə yağan yağışlar onun həyətinə düşür. Onların evinin dam örtüyündə su novu yoxdur. Buna göz yumsa da artıq cavabdehlər müxtəlif bəhanələr edərək tikinti normalarından kənara çıxaraq qanunsuzluğa yol verirlər. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyöun izhat verərək bildirdi ki, Cavabdehə pəncərənin açılmasına dair etirazını bildirsə də, Cavabdeh1 onun etirazına məhəl qoymaraq pəncərə yerini açaraq onun həyətinə tərəf pəncərə qoymuşdur. Həyətində rahat otura bilmir. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, həmin qeyd olunan pəncərə evin divarının yüksək hissəsində yerləşir. Həmçinin həmin pəncərədən qonşunun həyəti müşahidə olunmur. Sadəcə evin havalanması və işıqlanması üçün nəzərdə tutulub. Bu səbəbdən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədiyini bildirərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil iddianın əsassız olduğunu bildirərək təmin olunmamasını məhkəmədən xahiş etdi. İşin halları; İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş; JN-900A nömrəli 40406018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şəki rayonu Baş Göynük kəndində yerləşən torpaq sahəsi X6 məxsusdur. Şəki şəhəri İHB-nın Baş Göynük kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 544249 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydlər kitabında 24 nömrə ilə qeydə alınmışdır. Şəki şəhəri İHB-nın Baş Göynük kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 984 nömrəli arayışdan görünür ki, mərhum X3 vərəsələri X8, X9, İddiaçı və X4r. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən İddiaçı göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, müraciət edilən məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətlərinə aid olmadığı üçün mülki qaydada məhkəməyə müraciət olunması bildirilmişdir. Şəki şəhəri İHB-nın Baş Göynük kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 70 nömrəli məktubdan görünür ki, müraciət edilən məsələnin həlli icra nümayəndəliyinin səlahiyyətlərinə aid olmadığı üçün mülki qaydada məhkəməyə müraciət olunması bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9894 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, cavabdehə məxsus fərdi yaşayış evinin dam örtüyündən iddiaçıya məxsus həyətyanı sahəyə tökülən suyun qarşşısının alınması həmin fərdi yaşayış evinin dam hissəsinə su novları quraşdırılaraq suyun istiqamətini dəyişdirməklə mümkündür. Fləş kartda verilmiş şəkil və videolardan görünür ki, evin içərisindən havalandırma və aydınlatma məqsədi ilə kiçik pəncərə açılmışdır. Məhkəmə tərəfindən mübahisəli ərazi müayinə edilmiş və müayinə zamanı çəkilmiş fotoşəkillərdən də müəyyən edilmişdir ki, Şəki rayonu Baş Göynük kəndində inşa edilmiş fərdi yaşayış evinə baxış zamanı qeyd olunan pəncərənin evin divarının yuxarı hissəsindən nəfəslik və işıqlanma üçün açıldığı, həmin pəncərə otaqda yerdən 190 sm hündürlüyündə açıldığı, uzunluğu 130 sm, hündürlüyü isə 62 sm-dir, həmçinin pəncərə materialına görə şəffaf olmamaqla çöl və içəri tərəfdən görünməyən materialdandır. Cavabdehə məxsus mənzildə açılan pəncərə (nəfəslik) ilə iddiaçının mənzili arasında 20 metrə yaxın məsafə olduğu müşahidə olunur. Bundan başqa cavabdehə məxsus mənzildə müəyyən edilmiş otaqda başqa heç bir tərəfdən pəncərə və ya nəfəsliyin olmadığı, eyni zamanda hər hansı başqa tərəfdən nəfəslik və ya pəncərənin açılmasının mümkün olmadığı da müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 170.2-ci maddəsiə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Məhkəmədə işdə olan sənədlərin bilavasitə tədqiqi zamanı aydın oldu ki, Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli qərarı ilə İddiaçı yaşadığı evin həyətyanı sahəsi atası X3 mülkiyyətinə verilmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 məxsus Şəki rayonu Baş Göynük kəndində inşa edilmiş fərdi yaşayış evinin onun həyətyanı sahəsinə tərəf yeni açılmış pəncərəsinin cavabdehlərin hesabına bağlanması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/9894 saylı ekspert rəyindən, görünür ki, qərardad üzrə qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Məhkəmənin təşəbbüsü ilə mübahisəli ərazi müayinə edilmiş və müayinə zamanı çəkilərək iş materiallarına əlavə olunmuş fotoşəkillərin görüntüsündən də göründüyü kimi həmin mübahisə olunan evə baxış keçirilmiş, qeyd olunan pəncərənin (nəfəslik) evin divarının yuxarı hissəsindən açıldığı, mənzilin hündürlüyü 270 sm, olmaqla pəncərə otaqda yerdən 190 sm hündürlüyündən sonra inşa edilmiş, uzunluğu 130 sm, hündürlüyü isə 62 sm olmaqla qonşu həyətə heç bir maneəçilik törətmədiyi, həmçinin pəncərəninin nəfəslik və işıqlanma üçün istifadə olunduğu müəyyən edilir. Bundan başqa pəncərə materialına görə şəffaf olmamaqla çöl və içəri tərəfdən də, görünməyən materialdandır. Bundan başqa cavabdehə məxsus mənzildə açılan pəncərə (nəfəslik) ilə iddiaçının mənzili arasında olan ara məsafəsi 20 metirə yaxın olması müşahidə olunmaqla qeyd olunan pəncərənin (nəfəslik) iddiaçının mənzilindən istifadə etməsinə hər hansı maneə yaratmadığından pəncərənin bağlanması üçün əsas yoxdur. Bu səbəbdən məhkəmə tərəfindən iddianın rədd edilməli olduğu qənaətinə gəlinir. Bundan başqa, iş materiallarından görünür ki, verilmiş ekspert rəyinə əsasən ekspert tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri olan 50 manat puldan ibarətdir. İddia təmin edilmədiyindən üçün ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul İddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pəncərənin bağlanması” tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pəncərənin bağlanması” tələbinə dair iddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-148/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-148/2024
08.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver