Məhkəmə qərarları › İş №e-2(075)-149/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-149/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-149/2024 15.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan müştərək qaydada xx.xx.2018-ci tarixli, AK04159 №-li müqavilə üzrə 228.38 manat qalıq borcu, 213.24 manat cərimə borcu olmaqla, cəmi 441.62 manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi sadələşdirilmiş icraat qaydasında məhkəmənin icraatına daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin icraatında olan "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiasına sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış və bununla bağlı bildiriş tərəflərə göndərilmişdir. 27 sentyabr 2023-cü il tarixdə Cavabdeh1 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq hazırkı iddia tələbinə üç illik iddia müddəti tətbiq etməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(075)-2124/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə iddiasına iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci tarixli, AK04159 №-li nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, ilkin ödəniş 50 manat olmaqla, 12 müddətinə hissəhissə hər ay üçün 45 manat, sonuncu ay üçün isə 48.40 manat ödəmək şərti ilə, 593.40 manat dəyərində malların nisyə satış müqaviləsinə 2 saylı əlavədə-təhvil-təslim aktında göstərilən məişət texnikalarını nisyə satılmış və həmin məhsullar cavabdehə təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəflərindən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci tarixli, AK04159 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi zamin Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Belə ki, müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2018-ci tarixli, AK04159 saylı müqavilə üzrə qalıq borcu 228.38 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclu kreditor qarşısında müqavilə üzrə cərimə borcu 1066.24 manat təşkil edir (maliyyə arayışı əlavə edilmişdir). Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq etdiyimiz üçün hesablanmış cərimə məbləğinin yalnız 20%-ni ödəməyi borcludan tələb edirik. Belə olan halda, hesablanmış cərimə məbləğinin 20%-i 213.24 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2018-ci tarixli, AK04159 saylı müqavilə üzrə 228.38 manat qalıq borcu, 213.24 manat cərimə borcu olmaqla, cəmi 441.62 manat borcu yaranmışdır. Bildiririk ki, faktor “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə müştəri Optimal Elektronika” MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci tarixli, AK04159 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh1 xx.xx.2018-ci tarixli, AK04159 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMCyə güzəşt etməsi barədə bilidiriş verilmişdir. Cavabdeh1 etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə onun arasında bağlanmış 19 sentyabr 2018-ci tarixli, AK04159 №- li nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, ilkin ödəniş 50 manat olmaqla, 12 ay müddətinə hissəhissə hər ay üçün 45 manat, sonuncu ay üçün isə 48.40 manat ödəmək şərti ilə, 593.40 manat dəyərində malların nisyə satış müqaviləsinə 2 saylı əlavədə təhvil-təslim aktında göstərilən məişət texnikalarını nisyə satılmış və onun son icra tarixi kimi 19 avqust 2019cu il müəyyənləşdirilmişdir. Lakin keçən müddət ərzində qrafik üzrə borc məbləği tam ödənilmədiyindən hazırda "xxxx" MMC 19 sentyabr 2018-ci tarixli, AK04159 №-li müqavilə üzrə 228.38 manat qalıq borcu, 213.24 manat cərimə borcu olmaqla, cəmi 441.62 manat məbləğində borcun ondan və Cavabdeh2dan müştərək qaydada tutulması üçün 05 sentyabr 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Mülki iş materiallarından da göründüyü kimi "xxxx" MMC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 3 illik iddia müddətini ötürmüşdür. Belə ki, kredit müqaviləsi üzrə son icra tarixi 19 avqust 2019cu il müəyyən edildiyindən iddiaçı tərəf borc tələbi ilə üç il müddətində yəni 19 avqust 2022-ci il tarixədək məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı tərəf 05 sentyabr 2023cü il tarixdə məhkəməyə müraciət edərəkən üç illik iddia müddətini 1 il 16 gün ötürmüşdür. Odur ki, hazırkı iddia tələbinə üç illik iddia müddəti tətbiq etməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı "xxxx" MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Lakin, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə məhkəmə iclasının iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onunla iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC arasında bağlanmış 19 sentyabr 2018-ci tarixli, AK04159 №-li nisyə alqı-satqı müqaviləsinə o, ilkin ödəniş 50 manat olmaqla, 12 müddətinə hissə-hissə hər ay üçün 45 manat, sonuncu ay üçün isə 48.40 manat ödəmək şərti ilə, 593.40 manat dəyərində Nokia 5 DS matte Black modelli monil telefon almışdır. Hazırki iddia ərizəsini qəbul etmir. Belə ki, o, həmin mobil telefonu 2018-ci ildə almışdır. Həmin mobil telefin alındıqdan bir müddət sonra nasaz olmuşdur. O, 3 aydan sonra mobil telefonu aparıb Optimalın Əhmədli filizlına qaytarmışdır. 13 gündət sonra gedib mobil telefonu geri götürmək istəmişdir. Lakin ona telefonun hazır olmadığını deyib verməmişdilər. Təxminən 14 - 15 gün sonra telefonu ona qaytarıb, əldən düşdüyünü bildirmişdilər. Mobil telefon işləmədiyi üçün atmışdır. Buna görə də pulunu da iddiaçıya ödəməmişdir. İddiaçı ona yeni mobil telefon verməli idi. Lakin verməmişdir. Hal-hazırda Optimal ləğv olunmuşdur. Hesab edir ki, iddia ərizəsi əsassızdır. Bundan başqa iddiaçı məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulan 3 illik iddia müddətini də ötürmüşdür. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 19 avqust 2018-ci il tarixli, AK04159 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh1 ilkin ödəniş 50 manat olmaqla, 12 ay müddətinə, aylıq 45 manat, sonuncu ay isə 48,40 manat ödəmək şərti ilə 593.40 manat dəyərində Nokia 5 DS matte Black markalı mobil telefon satılmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 19 avqust 2018-ci il tarixli, AK04159-Z nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 19 avqust 2018-ci il tarixli, AK04159 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 iddiaçı "xxxx" MMC qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 "xxxx" MMC ilə arasında bağlanmış 19 avqust 2018-ci il tarixli, AK04159 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 594,4 manat məbləğdə borcunu 12 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 19 avqust 2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC tərəfindən 19 avqust 2018-ci il tarixli, AK04159 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən Nokia 5 DS matte Black markalı mobil telefon Cavabdeh1 təhvil verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 11 avqust 2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən 19 avqust 2018-ci il tarixli, AK04159 nömrəli “nisyə alqı-satqı müqaviləsi”nə əsasən yaranmış borc məbləğini 3 gün müddətində ödənilməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb olunmuşdur. Əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 10 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 19 avqust 2018-ci il tarixli, AK04159 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçı "xxxx" MMC-nə 228,38 manat əsas borc, 213,24 manat cərimə borcu olmaqla, cəmi 441,62 manat məbləğdə borcları vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş cədvəldən görünür ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 19 avqust 2018-ci il tarixli, AK04159 nömrəli nisyə alqı-satqı müqaviləsinin müddəti 25 avqust 2019-cu il tarixdə bitmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı aydın oldu ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 19 avqust 2018-ci il tarixli, AK04159 nömrəli nisyə alqısatqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh1 ilkin ödəniş 50 manat olmaqla, 12 ay müddətinə, aylıq 45 manat, sonuncu ay isə 48,40 manat ödəmək şərti ilə 593.40 manat dəyərində Nokia 5 DS matte Black markalı mobil telefon satılmışdır. Həmçinin Cavabdeh2 arasında bağlanmış 19 avqust 2018-ci il tarixli, AK04159-Z nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 19 avqust 2018-ci il tarixli, AK04159 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 iddiaçı "xxxx" MMC qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyır. İş materiallarında görünür ki, 19 avqust 2018-ci il tarixli, AK04159 nömrəli nisyə alqı-satqı müqaviləsinin müddəti 25 avqust 2019-cu il tarixdə bitmişdir. Məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə vaxtında məhkəməyə müraciət etməmiş və bununla da MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə 3 illik iddia müddətini ötürmüşdür. Göründüyü kimi iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 19 avqust 2018-ci il tarixli, AK04159 nömrəli nisyə alqı-satqı müqaviləsinin müddəti 25 avqust 2019cu il tarixdə bitmişdir. Nisyə alqı-satqı müqaviləsinin bitdiyi 25 avqust 2019-cu il tarixdən iddia ərizəsinin məhkəməyə elektron qaydada təqdim edildiyi 05 sentyabr 2023-cü il tarixinədək təxminən 4 il 10 gündən çox müddət keçmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borc məbləğini tələb etməkdə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Bundan başqa iş materiallarına nəzər saldıqda aydın olur ki, iddiaçı "xxxx" MMC cavabdehlər tərəfindən müqavilə üzrə sonuncu ödəniş edilmə tarixi barədə məhkəməyə hər hansı sübutu təqdim etməmişdir. Məhkəmə iclasında Cavabdeh1 vermiş olduğu izahatında müqaviləsi üzrə yaranmış borcundan 3 ay ödəniş etdiyin, sonradan isə mobil telefon nasaz olduğu üçün ödənişləri dayandırdığını bildirmişdir. İddiaçı iddia müddətinin ötürməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və ya edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında məhkəmə belə qərara gəlmişdir ki, kredit münasibətlərindən yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilməsi müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi Cavabdeh1 27 sentyabr 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək, iddiaçı "xxxx" MMC-nin ona və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia tələbi üzrə 3 illik iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir. Birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəfərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisləri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə iddia tələbinin Cavabdeh2 qarşı aid olan hissəyə münasibət bildirərək qeyd edir ki, hazırkı iş üzrə əsas borclu ilə bərabər, nisyə alqı-satqı müqaviləsi üzrə əsas borclunun öhdəliklərinin icrasının təmini üsulu kimi 19 avqust 2018-ci il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və o, iddiaçı qarşısında tam öhdəlik üzrə əsas borclu ilə birgə məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin hazırki iddia tələbinin hansı cavabdehlərə qarşı yönəldilə biləcəyinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı borc məbləğini Cavabdeh2 tələb etməsində haqlı deyildir. Belə ki, qeyd edilən hala münasibətdə MM-in 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı zaminlik müqaviləsindən aydın olur ki, müqavilədə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddətinin bitmə tarixi nəzərdə tutulmamışdır. Qanunvericiliyin tələbləri baxımından zaminlik müqaviləsi müddətinin bitmə tarixi təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Odur ki, Cavabdeh2 qarşı iddia tələbi qanunvericiliyin tələblərinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində qaldırıla bilərdi, yəni 25 avqust 2020-ci il tarixədək iddia qaldırıla bilərdi. Lakin iddiaçı zaminə qarşı 3 il sonra iddia qaldırmışdır. Göründüyü kimi MM-in 477.0.4-cü maddəsində müəyyən edilən müddətlər (bir illik, hətta iki illik müddət) iddiaçı tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Bu səbəbdən MM-in 477.0.4-cü maddəsi ilə müəyyən edilən müddət iddia müddəti deyil, bu normanın tətbiqi üçün tərəfin ərizəsi tələb edilmir və həmin müddətin tətbiqi məhkəmənin özü tərəfindən həyata keçirilir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bütün şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müştərək qaydada xx.xx.2018-ci tarixli, AK04159 №-li müqavilə üzrə 228.38 manat qalıq borcu, 213.24 manat cərimə borcu olmaqla, cəmi 441.62 manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müştərək qaydada xx.xx.2018-ci tarixli, AK04159 №-li müqavilə üzrə 228.38 manat qalıq borcu, 213.24 manat cərimə borcu olmaqla, cəmi 441.62 manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar