Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1515/2025 23.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc müqaviləsinə (müqavilələrinə) əsasən 729 (yeddi yüz iyirmi doqquz) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 759 (yeddi yüz əlli doqquz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC-dən xx.xx.2018-ci ildə, EHK547430 nömrəli müqavilə əsasında 12 ay müddətinə ödənilməsi şərtiylə 380 manat dəyərində, xx.xx.2018-ci il tarixdə, EHK547733 nömrəli müqavilə əsasında 12 ay müddətində 504 manatlıq olmaqla ümumi dəyəri 884 (səkkiz yüz səksən dörd) manat olan məişət avadanlığı (avadanlıqları) əldə etmişdir. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 729 (yeddi yüz iyirmi doqquz) manat əsas borcu qalmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh müqavilə (müqavilələr) üzrə 729 (yeddi yüz iyirmi doqquz) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 759 (yeddi yüz əlli doqquz) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizəsində göstərmişdir ki, iddiaçı tərəfindən təqdim edilən müqavilələr 2018-ci ilin may və iyun aylarında bağlanmışdır və onların icra müddəti 12 ay göstərilmişdir. Belə olan halda, müqavilələr üzrə öhdəliklərin icra müddəti 2019-cu ilin may-iyun aylarında başa çatmış və iddia müddətinin axımı həmin andan başlamışdır. İddiaçı iddiasını yalnız 2025-ci ilin aprel ayında qaldırılmışdır. Bu isə müqavilə tələbləri üzrə müəyyən olunmuş 3 illik iddia müddətinin açıq-aşkar keçdiyini göstərir. Odur ki, İddiaçı MMC-nin təqdim etdiyi iddia üzrə iddia mddətinin ötürüldüyünü nəzərə alaraq məhkəmə tərəfindən iddianın təmin edilməməsini və işə baxılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(075)-1515/2025 nömrəli qərardadı ilə hazırkı iddia tələbinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı etiraz daxil olmamış, yalnız iddia müddətinin tətbiqi barədə ərizə daxil olmuş, iddiaçı həmin ərizəyə münasibət bildirməmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: İddiaçı MMC-yə və Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27 may 2018-ci il tarixli, EHK547430 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 12 ay müddətinə 380 manat məbləğində məişət avadanlığı verilmişdir. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 iyun 2018-ci il tarixli, EHK547733 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 12 ay müddətinə 504 manat məbləğində məişət avadanlığı verilmişdir. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 27 may 2018-ci il tarixli, EHK547430 nömrəli müqavilə üzrə 305 manat, 24 iyun 2018-ci il tarixli, EHK547733 nömrəli müqavilə üzrə 424 manat ödənilməmiş borcu qalmışdır. - xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında məhkəmə qeyd edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iş üzrə İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci ildə bağlanmış EHK547430 nömrəli müqavilə əsasında sonuncu 12 ay müddətinə ödənilməsi şərtiylə 380 manat dəyərində, xx.xx.2018-ci il tarixdə bağlanmış EHK547733 nömrəli müqavilə əsasında 12 ay müddətində 504 manat olmaqla ümumi dəyəri 884 (səkkiz yüz səksən dörd) manat olan məişət avadanlığı (avadanlıqları) almışdır. Cavabdeh müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra İddiaçı MMC-yə 729 (yeddi yüz iyirmi doqquz) manat əsas borcu qalmışdır. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddia ərizəsi müqavilə müddəti bitdikdən–xx.xx.2018-ci ildə bağlanmış EHK547430 nömrəli müqavilə üzrə xx.xx.2019-cu ildən, xx.xx.2018-ci il tarixdə bağlanmış EHK547733 nömrəli müqavilə üzrə xx.xx.2020-ci ildən sonra üç il ərzində verilməli olduğu halda, iddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1515/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1515/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver