Məhkəmə qərarları › İş №e-2(075)-1545/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1545/2023

23.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1545/2023 23.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən akt əsasında hesablanmış qaz sərfiyyatının və **********03290 abonent koduna vurulmuş 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəki rayonu, Şəki kəndində ona məxsus fərdi yaşayış evi mövcuddur. Həmin fərdi yaşayış evinə qaz xətti çəkilmiş və buna müvafiq olaraq istifadə edilmiş qazın hesablanması üçün fərdi yaşayış evindən kənarda qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı onun nəzarət edə biləcəyi məsafadə olmadığından ümumiyətlə sayğac ilə maraqlanmamış, nəzarətçi tərəfindən ünvanına təqdim edilmiş bildirişlər üzrə tərəfindən mütəmadi ödənişlər edilmişdir. Həmçinin o, Şəki rayonu, Şəki kəndində olan fərdi yaşayış evində daimi yaşamır, həmin kənddə olan mövsümi işləri ilə bağlı ilin müəyyən vaxtlarında yaşayır. 13 mart 2023-cü ildə X1 əməkdaşları tərəfindən sayğac növbəti dövlət yoxlaması məqsədi ilə çıxarılmış, sayğacın ekranının sınıq olması qeyd edilmiş, daha sonra yeni qaz sayğacı quraşdırılmış və bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Həmin vaxt o, Şəki rayonu, Şəki kəndində olmadığından sayğacın çıxarılmasından və yenisinin quraşdırılmasından məlumatı olmamışdır. Daha sonra X1 əməkdaşları tərəfindən 31 mart 2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin aktda göstərilmişdir ki, ARDNŞ Azəriqaz İB-nin MSK 14-2- 2/3-5-3102-1 saylı aktına əsasən sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının kənar təsir nəticəsində sınıb və nəticədə rəqəmli dişli çarxlar öz oxundan çıxıb. O, həmin aktda göstərilənlər ilə razılaşmadığından akta imza etməkdən imtina etmişdir. Qaz sayğacının hesablama mexanizminin qoruyucu plastmas qapağının şüşəsinin hansı şəraitdə və hansı səbəbdən sınması və mənə rəqəmli dişli çarxlar öz oxundan hansı səbəbdən çıxması ona məlum deyildir. X4 tərəfindən 13 mart 2023-cü il tarixdə tərtib edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan onun məlumatı olmamış, həmin akt onun tərəfindən imzalanmamışdır. Aktda güya istehlakçının nümayəndəsi kimi qeyd edilmiş Ehtibar Quliyevin kim olması və hansı sənəd əsasında onun nümayəndəsi kimi akta imza etməsi ona bəlli deyildir. Bundan əlavə, X4 tərəfindən 26 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş qaz sayğacının yoxlanılması barədə MSK 14-2-2/3-5-3102-1 saylı nömrəli aktda göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı kənar təsir nəticəsində sınıb və nəticədə rəqəmli dişli çarxlar öz oxundan çıxıb. Qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. X4 tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 31 mart 2023-cü il tarixli tələbnamdə göstərilmişdir ki, G4 markalı 10364522 nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 6 m orta günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi müəyyən edilmişdir. Bundan sonra cavabdeh təşkilat onu əsassız və qanunsuz olaraq 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində cərimə etmişdir. Hesab edir ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən tərtib edilmiş həmin akt qanunsuz, əsassızdır. Belə ki, qaz sayğacı onun həyətindən kənarda, nəzarət imkanının olmadığı yerdə quraşdırılmışdır. Eyni zamanda X1 əməkdaşları tərəfindən hər ay ona istifadə etdiyi qaz sərfiyyatını özündə əks etdirən bildirişlər təqdim edilmiş və onun tərəfindən həmin bildirişlər üzrə mütəmadi ödənişlər edilmişdir. Göründüyü kimi cavabdehin təşkilatın nümayəndələri qarşılarına qoyulmuş kvotanı doldurmaq üçün onu qanunsuz olaraq cərimə etmişlər. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvafiq tələbləri pozmuşlar və qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. O, sayğaca hər hansı şəkildə müdaxilə etməmişdir. Cavabdeh təşkilat tərtib etdiyi aktda isə göstərmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının şüşəsi sınıqdır. Onun yaşayış sahəsinə aid qaz sayğacı həyət divarından çöldə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə o cavabdehlik daşımır. Qanunvericiliyin tələbinə görə, qaz sayğacının kənar müdaxilələrdən mühafizəsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Lakin buna baxmayaraq itirilmiş qazın dəyəri ondan tələb edilir. Bütün bunlar cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı Məmmədov X3 şəhərində yaşayır. O, həmin kənddə olan mövsümi işləri ilə bağlı gəlir. X4 tərəfindən 13 mart 2023-cü il tarixdə tərtib edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan iddiaçının məlumatı olmamış, həmin akt iddiaçı tərəfindən imzalanmamışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsində göstərilmişdir ki, İddiaçı adına rəsmiləşdirilmiş **********03290 saylı qaz hesabında 1557.88 manat borc vardır. Həmin borcun 2.68 manat hissəsi sayğac üzrə, 1036.80 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu mübahisələndirməkdədir. Belə ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı 10364522 nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı sayğaca müdaxilə edilmə faktı müəyyənləşdirilmişdir. Bununla əlaqədar olaraq qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-3102-1 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı kənar təsir nəticəsində sınıb və nəticədə rəqəmli dişli çarxlar öz oxundan çıxıb (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-ci il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz sayğacın nominal qaz buraxma qabiliyyəti 6m3 orta günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 12960 m3 (və ya 1555.20 manat) həcmində müəyyən edilmişdir. Bundan əlavə mübahisəli qaz sayğacı ünvanından açıldığı tarixdən əvvəlki və sonrakı dövrlərdəki qaz sərfiyyatlarını müqaisə etdikləri təqdirdə qaz sərfinin qüsur aradan qaldırıldıqdan sonra nəzərə çarpaçaq dərəcədə artdığı görülməkdədir. Belə ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. İddiaçı qanunvericiliyin tələblərinə görə yaşadığı ünvan üzrə quraşdırılmış qaz sayğacının toxunulmazlığına cavabdeh olan şəxs hesab olunmaqla həmin sayğaca müdaxilə nəticəsində sayğacın sıradan çıxması nəticəsində paylayıcı Cavabdehnə dəymiş ziyana görə məsuliyyət daşıyır. Müdaxilə faktı aşkar edilmiş sayğacın çıxarılma aktını və ondan olan qeydlərin mübahisələndirməməsi belə qənaətə gəlməyə əsas verir ki, o, sayğaca müdaxilə edilməsi ilə razılaşmışdır. Digər tərəfdən, qaz sayğacı küçədə olduğuna görə onun qorunmasının mümkün olmaması barədə izahatlar istehlakçını məsuliyyətdən azad edilməsinə əsas ola bilməz. Belə ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərəkonun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsirinin olmaması nəzərə alındıqda, bu dəlilin ağlabatan olmadığını bildirən Kollegiya belə qənaətə gəlir ki, mübahisəli qaz sayğacına müdaxilə edilməsi qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir ki, bu “gəlirin” istehlakçıdan başqa hər hansı bir kənar şəxsə müsbət təsiri ola bilməz. Göstərilənlərə əsasən, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1555.20 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, cavabdehin etiraz ərizəsini təhlil edərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı və buna görə də iddia təmin edilməlidir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 03 dekabr 2017-ci il tarixli, 13355 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həmin müqavilədə nəzərdə tutulan şərtlərlə razı olduğuna görə Cavabdeh İB ilə onun arasında təbii qazın alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 13 mart 2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı ünvanında istismarda olmuş “Elestr” tipli, “G-4” markalı, 10364522 nömrəli sayğac çıxarılmış, əvəzində quraşdırılmış sayğac göstərilməmişdir. Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2023-cü il tarixli, ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, ARDNŞ Cavabdeh İB-nin MSK 14-2-2/3-5-3102-1 saylı aktına əsasən sayğacın hesablama mexanizminin qoruyucu pastmas qapağının kənar təsir nəticəsində sındığı və nəticədə rəqəmli dişli çarxların öz oxundan çıxdığı aşkar olunmuş, mövcud sayğacın saatlıq qaz sərfinə uyğun quraşdırılması və istehlakçıdan dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. Cavabdeh İB-nin Zaqatala RQİİ-nin 31 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yaşadığı Şəki raonu, Şəki kəndində yerləşən evində qaz işlədicilərindən G4 markalı 10364522 nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 6m³ günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 12960 m3 müəyyən edilmişdir. Qaz sayğacının yoxlanılması barədə 31 mart 2023-cü il tarixli, MSK-14-2-2/3-5-3102- 1 nömrəli aktdan görünür ki, 10364522 nömrəli sayğacın hesblama mexanizminin qoruyucu pastmas qapağının kənar təsir nəticəsində sındığı və nəticədə rəqəmli dişli çarxların öz oxundan çıxdığı aşkar olunmuşdur. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Şəki kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 may 2023-cü il tarixli, 218 nömrəli arayışdan görünür ki, İddiaçı Şəki kənd İƏD-si üzrə nümayəndəlik ərazisində fərdi yaşayış evi var. O kən ərazisində mövsümü olaraq yaşayır. Göründüyü kimi, 13 mart 2023-cü il tarixli ******* nömrəli akts əsasən iddiaçıya məxsus Şəki raonu, Şəki kəndində yaşadığı evdə quraşdırılmış Elestr” tipli, “G-4” markalı, 10364522 nömrəli sayğac qaz xəttindən çıxarılmış, əvəzində əvəzində quraşdırılmış sayğac göstərilməmişdir. Bundan başqa sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunan sayğac iddiaçının yaşadığı mənzilin həyətində deyil, həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Bundan başqa, sayğaclar çıxarılan zaman X5 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Cavabdeh İB-nin Zaqatala X6 İdarəsinin rəisinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın hesablama mexanizminin qoruyucu pastmas qapağının kənar təsir nəticəsində sınması və nəticədə rəqəmli dişli çarxların öz oxundan çıxması” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, “sayğacın hesablama mexanizminin qoruyucu pastmas qapağının kənar təsir nəticəsində sınması və nəticədə rəqəmli dişli çarxların öz oxundan çıxması” özü özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçının və onun ailə üzvlərinin tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən aktlar və qərarlarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Beləliklə, saygac çıxarılan zaman müdaxilə X5 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə Cavabdeh İB-nin Zaqatala X6 İdarəsinin rəisinin aktı “sayğacın çıxış plastmas borusunun deşildiyi” sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab edir ki, iddia 31 mart 2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış borcun silinməsi hissəsində əsaslıdır. Odur ki, iddia təmin edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X6 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 31 mart 2023-cü il tarixli, ******* akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində hesablanmış borc məbləği İddiaçı hesabından silinməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Odur ki, 35.55 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. 31 mart 2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində hesablanmış borc İddiaçı hesabından silinsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 35.55 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar