Məhkəmə qərarları › İş №e-2(075)-16/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-16/2024

08.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-16/2024 08.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2, həmçinin cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi, gediş-gəliş yolunun açılması” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********85-10301 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasən onun mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolunun üzərində Cavabdeh tərəfindən mişar daşından tikilmiş hasarın Cavabdeh vəsaiti hesabına sökülməsi, ünvan 1 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********85-10301 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasən onun mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolunun Cavabdeh tərəfindən açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun şəxsi mülkiyyətindədir və həmin daşınmaz əmlakla bağlı onun mülkiyyət hüququ qeydiyyata alınmaqla ona daşınmaz əmlakın reyestr nömrəsi **********8510301 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Mülkiyyətində olan fərdi yaşayış evinə gedib-gəlmək üçün 50 ildən artıq istifadə etdiyi yol Cavabdeh tərəfindən qanunsuz olaraq bağlanmışdır. Belə ki, Cavabdeh onun mülkiyyətində olan fərdi yaşayış evimə gedib-gəlmək üçün 50 ildən artıq istifadə etdiyi yolu mişar daşından hasar tikməklə bağlamış, nəticə etibarı ilə onun öz mülkiyyətində olan əmlakı ilə bağlı hüquqlarını məhdudlaşdırmışdır. Həmin yoldan başqa onun mülkiyyətində olan fərdi yaşayış evinə başqa alternativ gediş-gəliş yolu yoxdur. O, cavabdehdən dəfələrlə qanunsuz hərəkətlərinə son qoymağını tələb etsə də, bunun heç bir nəticəsi olmamışdır. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisələndirdikləri yol cavabdehin həyətinin aşağı hissəsindən keçir. Həmin yol uzun illər onların istifadəsində olmuşdur. Hal-hazırda evinə rahat gediş-gəliş yolu yoxdur. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşlar. Hal-hazırda digər qonşunun sahəsindən keçməklə küçəyə çıxır. Həmin yolu ona verirlərsə onda sənədləşdirilməsini tələb edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Eyni zamanda ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. İddiaçı ilə cavabdehin evləri qonşuluqda yerləşir. Bildirmişdir ki, iddiaçının küçəyə heç bir giriş-çıxış yolu yoxdur. Uzun illərdi ki, iddiaçının mülkiyyətində olan evə girib-çıxmaq üçün hazırda mübahisələndirdiyi yoldan istifadə edir. Lakin cavabdeh iddiaçının fərdi yaşayış evinə gedən yolu bağlamışdır. Hal-hazırda iddiaçının həyətlərinə keçmək üçün başqa yol mövcud deyil. Bildirmişdir ki, onlar dədə baba vaxtından istifadə etdikləri yolu mübahisələndirirlər. İddiaçının digər qonşunun həyətindən hər hansı yol tələbi yoxdur. Cavabdehin iddiaçının evinə olan gediş-gəliş yolunu bağlaması iddiaçının hüquqlarını kobud surətdə pozur. İddiaçı rahat istifadə edə biləcəyi, heç kimin müdaxilə etməyəcəyi yol tələb edir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşlar. Hesab edir ki, iddia əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 izahat verərək bildirmişdir ki, iddia tələbinə etiraz edirlər. Belə ki, iddiaçının mübahisələndirdiyi yol cavabdehin şəxsi mülkiyyətində olan torpaq sahəsindən keçir. Həmin yoldan istifadə cavabdehin mülkiyyətində olan torpaq sahəsindən kənar şəxslərin istifadəsinə zəmin yaradır. Bununla da cavabdehin qanunla qorunun mülkiyyət hüquqları pozulmuş olur. Buna görə də cavabdeh həmin yola hasar çəkdirərək bağlatmışdır. Cavabdehin torpaq sahəsində keçən yoldan iddiaçının istifadə etməsi üçün cavabdeh gərək istənilən vaxt qapını açıq qoysun. Bildirmişdir ki, sonradan cavabdeh qonşularından torpaq sahəsi almış və İddiaçı həmin hissədədən yol vermişdir. Hal-hazırda iddiaçının öz evinə gedib-gəlməsi üçün yolu vardır. İddiaçının mübahisələndirdiyi yoldan istifadə etməsi cavabdehin mülkiyyət hüquqlarını kobud şəkildə pozur. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 ilə eyni məzmunlu izahat verərək bildirmişdir ki, iddiaçının tələb etdiyi yol onun mükiyyətində olan torpaq sahəsindən keçir. Həmin yoldan iddiaçının itifadə etməsi onu, ailə üzvlərini narahat edir. Onlar digər qonşudan iddiaçının yol kimi istifadə etməsi üçün torpaq sahəsi almışlar. Hətta həmin yerdən keçən darvaza da götürülmüşdür. İddianı qəbul etmir. Hesab edir ki, iddia əsassızdır. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 09 yanvar 2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, Pakizə Mənəfova küçəsində mülkiyyətində olan 0,0178 ha torpaq sahəsində yerləşən 2-(1) mərtəbəli, 2 otaqlı, 36,7 kv.metr yeşayış, 69.4 kv.metr köməkçi sahəsdən ibarət 51 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 170 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 09 yanvar 2009-cu il tarixli, 3308 inventar nömrəli daşınmaz əmlakın texniki pasportundan görünür ki, Şəki şəhəri, Pakizə Mənəfova küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 08 yanvar 2010-cu il tarixli, 2(075)-2 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 Cavabdeh qarşı məhəlləsinə giriş-çıxış yolunun kənarında özbaşına tikilmiş sanitar qovşağının sökülməsi, ona məxsus yolun ¼ hissəsini ayırıb ona verilməklə ayrı giriş-çıxış yolunun müəyyən edilməsinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 08 oktyabr 2021-ci il tarixli, 13063 inventar nömrəli texniki pasportdan görünür ki, Şəki şəhəri, Pakizə Mənəfova küçəsi, ev 51B (Yeni qaydalarla ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 19 oktyabr 2021-ci il tarixli, **********85-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki şəhəri, Pakizə Mənəfova küçəsi, ev 51B (Yeni qaydalarla ünvan 4 ünvanında 0.0098 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6439 saylı məhkəmə tikintitexniki ekspertizasının rəyindən görünür ki, İddiaçı **********85-1031 reyestr nömrəli çıxarışla mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları onun faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh **********59-10301 reyestr nömrəli Çıxarışla mülkiyyətində olan torpaq sahəsi onun faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh inşa etdiyi hasar onun mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilindədir. İddiaçı qzının iddia etdiyi yol Daşınmaz əmlakın baza məlumatlarına əsasən təsdiq olunmuş xəritədə Cavabdeh sərhədləri daxilində yerləşir. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin bütün sərhəd hüdudları qonşularla əhatə edildiyindən faktiki situasiyaya görə gediş-gəliş yolunun verilməsi mümkün deyildir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 09 yanvar 2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, Pakizə Mənəfova küçəsində mülkiyyətində olan 0,0178 ha torpaq sahəsində yerləşən 2-(1) mərtəbəli, 2 otaqlı, 36,7 kv.metr yeşayış, 69.4 kv.metr köməkçi sahəsdən ibarət 51 nömrəli fərdi yaşayış evi Cavabdeh mülkiyyətinə verilmişdir. Həmçinin 19 oktyabr 2021-ci il tarixli, **********85-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, Pakizə Mənəfova küçəsi, ev 51B (Yeni qaydalarla ünvan 4 ünvanında 0.0098 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin mülkiyyətlərində olan fərdi yaşayış evləri qonşudurlar. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə gedib-gəlmək üçün istifadə etdiyi yolun Cavabdeh tərəfindən qanunsuz olaraq bağlandığını mübahisələndirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək, iddiaçının mübahisələndirdiyi yolun onun şəxsi mülkiyyətinə aid olan torpaq sahəsində yerləşdiyini bildirmiş, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən servitutlar mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də, mənsub ola bilər. Beləliklə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən və qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 175.2-ci maddəsinə əsasən sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Həmin Məcəllənin 175.3-cü maddəsinə əsasən əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizsının rəyi alınmış, ekspert rəyinə əsasən Cavabdeh inşa etdiyi hasar onun mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilindədir. İddiaçı qzının iddia etdiyi yol Daşınmaz əmlakın baza məlumatlarına əsasən təsdiq olunmuş xəritədə Cavabdeh sərhədləri daxilində yerləşir. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin bütün sərhəd hüdudları qonşularla əhatə edildiyindən faktiki situasiyaya görə gediş-gəliş yolunun verilməsinin mümkün olmadığı öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə tərəfindən mübahisələndirilən yola yerli baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış qapısı cavabdehin mülkiyyətində olan torpaq sahəsinə açılır. Cavabdeh öz mülkiyyətində olan torpaq sahəsindən kənar şəxslərin istifadə etməmələri üçün hasar çəkdirmişdir. Yerli baxış zamanı iştirak edən proses tərəfləri ifadələrində bu halı təsdiq etmişlər. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi yol cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşir. Məhkəmə hesab edir ki, İddiaçı mübahisələndirdiyi yol cavabdehin şəxsi mülkiyyətində olan torpaq sahəsində yerləşir. Həmin yolun iddiaçının istifadəsinə verilməsi cavadehin şəxsi mülkiyyətində olan torpaq sahəsindən kənar şəxslərin istifadəsinə, həmçinin cavabdehin qanunla qorunan hüquqlarının pozulmasına gətirib çıxarır.Odur ki, iddia əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə həmin rəylə razılaşır və rəyi sübut növü kimi qəbul edir. “X2rşı” işi üzrə 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********85-10301 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasən onun mülkiyyətində olan fərdi yaşayış evinə gedişgəliş yolunun üzərində cavabdeh tərəfindən mişar daşından tikilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, ünvan 1 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********85-10301 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasən onun mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolunun cavabdeh tərəfindən açılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********85-10301 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasən onun mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolunun üzərində cavabdeh tərəfindən mişar daşından tikilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, ünvan 1 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********85- 10301 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasən onun mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolunun cavabdeh tərəfindən açılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizaları ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar