Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1606/2025 23.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4818,73 (dörd min səkkiz yüz on səkkiz manat, yetmiş üç qəpik) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 68,00 (altmış səkkiz) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Z.Bünyadov prospektində idarə etdiyi və iddiaçı tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz E270 CDİ minik” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh3 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə “Mercedes Benz E320 minik” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən tərtib edilənİş № 3(001)-219/2023 saylı qərara əsasən Cavabdeh3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1, 334.3-cü (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş qüsur aktına əsasən, “Mercedes Benz E320 minik” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən maddi zərər 6955,00 (altı min doqquz yüzəlli beş) manat məbləğ təşkil edir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə”sində üçüncü şəxsin əmlakına vurulan zərərə görə nəzərdə tutulmuş limit 5000,00 (beş min) manat təşkil edir və həmin məbləğ zərər çəkmiş üçüncü şəxslərə dəymiş zərərdən azdır, üçüncü şəxslərin əmlakına vurulan zərər qanunvericiliklə müəyyən edilmiş sığorta məbləğləri dairəsində mütənasib surətdə ödənilir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA135143 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 4818,73 (dörd min səkkiz yüz on səkkiz manat, yetmiş üç qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, sığortalanmış “Mercedes Benz E 270 CDİ minik” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətində olmuş, istifadə hüququ isə Cavabdeh2 verilmiş və sonuncunun razılığı ilə Cavabdeh3 sürücülük hüququ olmadan idarə etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək, 2022-ci ildə baş etibarnamə ilə maşını digər şəxsə verdiyini, bundan sonrakı proseslərdən məlumatı olmadığını, onun günahının olmadığını bildirmişdir. İddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 bu işlə bağlı 800 manat cərimə edildiyini, iddia tələbində olan məbləği ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - PXA 135143 nömrəli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 08:50 radələrində Bakı şəhəri, Z.Bünyadov prospektində "xxxx" ASC tərəfindən sığortalanmış “Mercedes Benz E270” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz E320 minik” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı və “Ford Fusion” markalı **- RY-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə toqquşması nəticəsində “Mercedes Benz E270 minik” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə dəymiş ziyanla bağlı 4818.73 manat sığorta ödənişi edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(125)-219/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh3 İXM-nin 334.1 və 334.3-cü maddələrində nəzərdə tutulmuş ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinərək 800 manat məbləğdə inzibati cərimə edilmişdir. - xx.xx.2025-ci il tarixli kart hesabından ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 4818.73 manat sığorta ödənişi həyata keçirilmişdir. - "xxxx" ASC tərəfindən Cavabdeh3 ünvanlanmış 11 mart 2025-ci il tarixli, 05/02-366 saylı bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 08:50 radələrində Bakı şəhəri, Z.Bünyadov prospektində "xxxx" ASC tərəfindən sığortalanmış “Mercedes Benz E270” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz E320 minik” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı və “Ford Fusion” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə toqquşması nəticəsində “Mercedes Benz E270 minik” markalı, **- DE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə maddi zərər dəymişdir. Cavabdeh3 zərəçəkənə ödəniləcək məbləğin daha sonra subroqasiya qaydasında geri tələb ediləcəyindən 3 (üç) iş günü ərzində "xxxx" ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 19A ünvanında yerləşən ofisə yaxınlaşaraq qiymətləndirmənin nəticələri ilə tanış olması tövsiyə olunmuşdur. - xx.xx.2025-ci il tarixi **********42 saylı qəbzdən görünür ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün 68 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” qanunun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, Cavabdeh1 mülkiyyətində, digər cavabdeh, Cavabdeh2 qanuni istifadəsində olan “Mercedes Benz E270” markalı, **- DE-*** dövlət qeydiyyat nişanlı avtomobil, Cavabdeh3 tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə idarə olunması nəticəsində “Mercedes Benz E320 minik” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı və “Ford Fusion” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə toqquşmuş və nəticədə baş vermiş sığorta hadisəsi nəticəsində 4818.73 manat sığorta ödənişi həyata keçirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(125)-219/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh3 İXM-nin 334.1 və 334.3-cü maddələrində nəzərdə tutulmuş ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinərək 800 manat məbləğdə inzibati cərimə edilmişdir. Hazırda iddiaçı "xxxx" ASC ödədiyi məbləğin geri qaytarılmasını xahiş edir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh3 iddia tələbini qəbul edir, lakin hissə-hissə ödəniş etmək imkanının olduğunu bildirir. Subroqasiya hüququna Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində leqal anlayış verilmişdir. Belə ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh3 tərəfindən törədilmiş mülki hüquq pozuntusu sürücülük hüququ olmadan sərxoş vəziyyətdə törədildiyindən, nəticədə zərərçəkmişə vurulmuş zərərin əvəzi 4818,73 manat həcmində pul vəsaiti "xxxx" ASC tərəfindən sığortalının avtomaşının təmiri üçün ödənildiyindən, iddiaçı təşkilatın Cavabdeh3 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia Cavabdeh3 qarşı olan hissədə əsaslıdır və təmin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh3 4818,73 manat məbləğində vurulmuş zərər tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, iddia tələbinin digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 pulun tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, yüksək təhlükə mənbəyi olan avtomobil qeyd edilən cavabdehlərin sahibliyindən qanuni zidd olaraq çıxmış və həmin şəxslərin hər hansı təqsirliliyi müəyyən edilməmişdir. Belə olan halda iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 68 manat dövlət rüsumunun əvəzi Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 4818,73 (dörd min səkkiz yüz on səkkiz manat yetmiş üç qəpik) manat məbləğində vurulmuş zərər və 68 (altmış səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1606/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1606/2025
23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver