Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1684/2023 14.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində 04 fevral 2023cü il tarixdə tərtib edilmiş 285722 nömrəli akt əsasında əsassız hesablanmış 907,69 (doqquz yüz yeddi manat, 69 qəpik) manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, uzun illərdir ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Şəki rayonu Baş Göynük kənd ərazisində fərdi yaşayış evi var. Həmin evdə yaşamadığı üçün işıq sayğacı uzun illərdi dəyişdirilməyib. Əvvəllər işıq sayğacları həyətin içində yerləşirdi. Sonradan bütün sayğaclar həyətlərdən kənara çıxarılmağa başladı. O, uzun illərdir kənddə yaşamadığı üçün işıq sayğacı həyətdən çıxarılmamışdır. 04 fevral 2023-cü ildə cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin əməkdaşları tərəfindən onun Şəki rayonu Baş Göynük kənd ərazisində yerləşən evimə baxış keçirilərək sayğacı həyətdən çölə çıxararaq 285722 nömrəli akt tərtib etmişlər. Bir müddət sonra məlum olmuşdur ki, ona 907,69 manat əsassız işıq borcu hesablanıb. Həmin məbləğin 300 manatını ailə üzvüləri ondan xəbərsiz ödəyib. Lakin buna baxmayaraq o, bu borc məbləği ilə razı deyil. Ümumiyyətlə o, yaşamadığı və istifadə etmədiyi elektrik enerjisinə görə nə üçün bu qədər pul ödəməlidir. Bu borcu hansı qaydada hesablanmasıda məlum deyil. Həmin akta cavabdeh tərəfin əməkdaşlarından başqa heç kim imza atmamışdır. Bundan başqa özü ağır ürək əməliyatı olmuşdur. Xətəliyi tam sağalmayıb. İstifadə etdiyi dərmanlara pul çatdıra bilmir. Qanunvericiliyin tələblərinə əsasən akt tərtib edilərkən elektrik təchizatı idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Məhz buna görə də məcburiyyət qarşısında qalaraq aktın ləğv sayılması və akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı yazılı etirazın dəlilləri; Cavabdeh "xxxx" ASC 24 iyul 2023-cü il tarixdə məhkəməyə elektron etiraz ərizəsi göndərərək göstərmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında hesablanmış 907.69 manat borcun hesabından silinməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şəki rayonu Baş Göynük kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********02017 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları E.Məsimov, B.Babayev və C.Bağırlı tərəfindən Şəki rayonu Baş Göynük kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X1 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı iddiaçının fərdi yaşayış evinə ona məxsus həyətyanı sahənin arxa hissəsində olan fındıq bağından yer altı su borusunun içərisindən keçirilmiş 150-200 metr məsafədə 16 mm-lık naqil vasitəsi ilə sayğacdan kənar xətt daxıl olduğu aşkar edilmişdir. Eyni zamanda abonentə məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacının hesabat bazasında öz əksini tapmadığı müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları”nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2023-cü il tarixli, R285722 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən xx.xx.2023-cü il tarixində Şəki EŞ-nin əməkdaşları tərəfindən iddiaçının ünvanına quraşdırılmış elektrik sayğacı yeni PAUD-MP106 smart tipli elektrik sayğacı ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı 341731 saylı protokol tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, R285722 saylı akta əsasən "xxxx" ASC-nin Şimal- Qərb RETSl-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 30 gün üçün 0.08 manatla 200 kvt.s (dəyəri 16.00 manat), 0.09 manatla 100 kvt.s (dəyəri 9.00 manat) və 0.13 manatla 6352 kvt.s (dəyəri 825.76 manat) toplamda 850.76 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. iddiaçı iddia tələbində silinəcək məbləği 907.69 manat göstərmişdir. Bildiririk kı, iddiaçıya qeyd olunan akt əsasında 850.76 manat hesabat aparılmış, yerdə qalan 56.93 manat borc aylıq sərfiyyat əsasında yaranmış və tərtib olunmuş aktla heç bir əlaqəsi yoxdur. Abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda qüsur aşkar olunan tarixədək sərfiyyatın olmadığı, lakin sayğac dəyişildikdən sonrakı dövr üzrə hər ay sərfiyyatın olduğu görünür. Abonentin “abunə haqqında” məlumatından açıq aşkar görünür ki, pozuntu bərpa olunduqdan sonrakı dövr üzrə 746 kvts sərfiyyat olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları; Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, onlar ailəlikcə Bakı şəhərində yaşayırlar. Özü yaşlıdır, xəstədir. Cavabdeh "xxxx" ASC tərəfindən əsassız olaraq hesablanmış borc məbləğini ödəməyə maddi imkanları yoxdur. Cavabdeh təşkilatın qeyd edlədiyi xət işləməyən işıq xətti olub. Qoşulu olmayıb. Bildirmişdir ki, 2005-ci ildə işıq sayğacı quraşdırılana kimi icazə alaraq işıq xəttinə qoşulmuşdur. Sonradan 2007 - 2008-ci illərdə işıq sayğacı qoyulandan sonra həmin xət ayrılmışdır. Göstərmişdir ki, onlar hal-hazırda Bakı şəhərində yaşayırlar. Həmin ev yaşamaq üçün yararsız vəziyyətdədir. Torpaqdan tikilən evdir. Cavabdeh "xxxx" ASC tərəfindən akt tərtib edilən zaman o, Bakı şəhərində olmuşdur. Fevral ayında akt yazılaraq işıq sayğacı küçəyə çıxarılmışdır. Bundan başqa onların evində işıq xətti olmamışdır. Yeraltı çürümüş kabel ola bilər. Lakin həmin xət qoşulu vəziyyətdə olmayıb. Həmin evdə telfon, soyuducu və digər elektrik avadanlıqları olmamışdır. Həmin evdə ümumiyyətlə yaşamırlar. İstifadəsiz evdir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələbinə uyğun olaraq cavabdeh "xxxx" ASC nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları Elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş; Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 341731 nömrəli protokoldan görünür ki, 64286656 nömrəli, “ME-162A10 (100)” tipli sayğac çıxarılmış, əvəzində yeni “MP-106A5 (70)” tipli, **********75 nömrəli sayğacla əvəz olunmuşdur. 04 fevral 2023-cü il tarixli, 285722 nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, EEİQ-na uyğun olaraq sayğac uçot dəstinə baxış keçirən zaman, abonentə məxsusü həyətyanı sahənin arxa hissəsində olan fındıq bağından yer altı su borusunun içərisindən keçirilmiş 150 - 200 metr məsafədə 16 mm-lik naqil vasitəsi ilə sayğacdan kənar xəttin şəbəkəyə qoşulması, eyni zamanda abonentə məxsus mənzilə quraşdırılmış elektrik sayğacının hesabat bazasında öz əksini tapmaması aşkar edilmişdir. Abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********02017 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. "xxxx" ASC-nin 17 fevral 2023-cü il taixli Əhali istehlakçı qrupuna aid olan abonentlərin uçot komponentlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərə dair icra vərəqəsindən görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********02017 saylı kod altında 850,76 manat borc hesablanmışdır. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları” 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.17-2. bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə «X1 qaydaları»nın 7.11-ci bəndini və yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Şəki EŞ-nin enerji satış bazasında **********02017 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı təqsiri ucbatından əlavə borcun yaranması ilə bağlı cavabdeh "xxxx" ASC-nin “Şimal-Qərb” X2 və Satışı İdarəsinin nümayəndəsinin etiraz ərizəsində göstərdikləri əsaslı deyil. Belə ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən 04 fevral 2023-cü il tarixdə iddiaçıya məxsus Şəki rayonu Baş Göynük kəndində yerləşən fərdi yaşayış evində X1 qaydalarına əməl edilməsinə riayət edilib-edilməməsini yoxlamaq üçün baxış keçirilmiş, abonentə məxsusü həyətyanı sahənin arxa hissəsində olan fındıq bağından yer altı su borusunun içərisindən keçirilmiş 150 - 200 metr məsafədə 16 mm-lik naqil vasitəsi ilə sayğacdan kənar xəttin şəbəkəyə qoşulması, eyni zamanda abonentə məxsus mənzilə quraşdırılmış elektrik sayğacının hesabat bazasında öz əksini tapmaması aşkar olunmuş bununla əlaqədar “X1 qaydalarının” pozulması əsas götürülərək 285722 nömrəli akt tərtib edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları aktda onun tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aşkar edilmiş pozuntunun məhz istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamış, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, İddiaçı əlavə olaraq yazılmış elektrik enerjisi borcu onun təqsiri ucbatından yaranmamışdır. Belə ki, qeyd edilən sayğacın yenisi ilə əvəzlənməsi günündə **********02017 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı 200 kvts x 0,08 manat, 100kvts x 0,09 manat, 6352kvts x 0,13 manat, enerji istehlak etmiş və onun cəmi 850,76 manat borc hesablanmışdır. Lakin iddiaçı belə bir kənar xət mövcud olsa belə işlək vəziyyətdə olmadığını, qoşulu olmadığını bildirir. Cavabdeh isə bu xəttin işlək vəziyyətdə olduğunu iddia etsədə, məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, kənar xətti aşkar etdikdə ən azından mobil telefon vasitəsi ilə qeyd olunan pozuntunun çəkilməsi və məhkəməyə təqdim edilməsi mümkün olmayan hal deyil. Məhkəmə baxışı zamanı İddiaçı 04 fevral 2023-cü il tarixli, 285722 nömrəli akt əsasında hesablanmış 850,76 manat borcun deyil 907,69 manat borcun hesabından silinməsini xahiş edir. Məhkəmə İddiaçı digər iddianın dəymiş ziyandan əlavə olaraq digər məbləğində silinməsinə dair qalıq borc üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hansı qaydada hesablanmasını ümumiyyətlə həmin borc məbləğinin mövcud olmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə iddianı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 04 fevral 2023-cü il tarixli, 285722 nömrəli aktı əsasında hesablanmış 850,76 manat hissəsində əsaslı hesab edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair 04 fevral 2023-cü il tarixli, 285722 nömrəli akt əsasında **********02017 saylı abonent kod hesabında qeydə alınmış 850,76 (səkkiz yüz əlli manat yetmiş altı qəpik) manat borc İddiaçı hesabından silinməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Odur ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair 04 fevral 2023-cü il tarixli, 285722 nömrəli akt əsasında **********02017 saylı abonent kod hesabında qeydə alınmış 850,76 (səkkiz yüz əlli manat yetmiş altı qəpik) manat borc İddiaçı hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1684/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1684/2023
14.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver