Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1700/2025 05.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 440.64 (dörd yüz qırx manat altmış dörd qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən fərdi yaşayış evində xx.xx.2016-cı il tarixdə Cavabdeh tərəfindən “Elestr” tipli, G-4 markalı, 10260206 nömrəli qaz sayğacı quraşdırılmışdır. İddiaçı onkoloji xəstə olduğundan adətən sözügedən fərdi yaşayış evində deyil, Şəki rayonu, Köndələn kəndində yaşayan bacısının yanında yaşayır. 2024-cü ilin noyabr ayında qaz sayğacı nasaz olduğu üçün həmin sayğacın çıxarılaraq yenisi ilə əvəz edilməsi üçün iddiaçı Şəki QİS-nə müraciət etmiş və xx.xx.2024-cü il tarixdə Şəki QİS-nin əməkdaşları tərəfindən qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və həmin alt əsasında itirilmiş qaz sərfiyyatı kimi (3672 x 0,12 = 440,64) 440.64 (dörd yüz qırx manat altmış dörd qəpik) manat borc yazılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktı və həmin akt əsasında hesablanmış 440.64 (dörd yüz qırx manat altmış dörd qəpik) manat borc məbləğini qanunsuz və əsassız hesab etmişdir. Belə ki, İddiaçı qeyd etmişdir ki, qaz sayğacının nasaz vəziyyətdə olması barədə cavabdehə məlumat vermiş, məhz onun müraciəti əsasında qaz sayğacı işləmədiyi və istismar müddəti bitdiyi üçün çıxarılmışdır. Bundan başqa, iddiaçı onkoloji xəstə olduğundan, səhhətində problemlər olduğundan bacısıgildə qaldığını, ara-sıra vaxtlarda öz evinə baş çəkdiyini bildirmiş, təbii qazdan istifadə qaydalarını pozmadığını, sayğaca zərər vurmadığını diqqətə çatdırmışdır. Eyni zamanda, qaz sayğacı yoxlanılması üçün laboratoriyaya aparıldığı zaman iddiaçının iştirakı təmin edilməmiş, bununla bağlı müvafiq akt da tərtib edilməmişdir. Bundan əlavə, qaz sayğacı küçədə quraşdırılmış və həmin sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İddiaçı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə istinad edərək qeyd etmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmişdir. Lakin İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” 06 may 2016-cı il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həmin müqavilədə nəzərdə tutulan şərtlərlə razı olduğuna görə Cavabdeh İB ilə onun arasında təbii qazın alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 22 noyabr 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı ünvanında istismarda olmuş “Elestr” tipli, “G-4” markalı, 10260206 nömrəli sayğac çıxarılmış, əvəzində yeni “GCZ” tipli, “G-4” markalı, ******* saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 noyabr 2024-cü il tarixli, ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, sayğacın çıxış borusu deşici alətlə deşildiyi aşkar edilmiş və istehlakçıdan dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. 26 noyabr 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yaşadığı Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən evi daxilindəki qaz cihazlarından PQ-3 markalı qaz cihazının maksimal qaz sərfi 0.8 m³/saat,axınlı su qızdırıcısı (QSQ) 12L qaz cihazının maksimal qaz sərfi 1.2 m³/saat,dəmir soba qaz cihazının maksimal qaz sərfi 1.4 m³/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 3672 m3 müəyyən edilmişdir. Abonentin saldosundan görünür ki, İddiaçı **********00000 saylı qaz hesabında 2024cü il tarixdə ödənilməmiş 440.64 (dörd yüz qırx manat altmış dörd qəpik) manat borc vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə hesab edir ki, mülki iş üzrə sübutemə yükü publik münasibətlər üzrə hakimiyyət səlahiyyətlərini həyata keçirən Cavabdeh üzərindədir. Cavabdeh dövlət orqanı olaraq publik səlahiyyətlərindən istifadə etməklə sayğaca hər hansı müdaxilə, kənar xəttin çəkilməsi müəyyən edilmişdirsə, həmin xüsusatı aşkara çıxarmaq və təqsirkar şəxs(lər) barədə tədbir görülməsi müvafiq hərəkətləri etmək öhdəliyi ilə mükəlləfdir. Həmin fəaliyyətin (nəzarət mexanizmi) operativ və effektiv təşkil-təmin olunması Cavabdeh vəzifəsidir. İstehlakçının təqsirini müəyyən etmədən maliyyə sanksiyalarının tətbiq edilməsi isə əsassız olmaqla yolverilməzdir. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini, yəni sayğacın ekranının məhz abonent tərəfindən sındırılmasını qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə laborator yoxlama nəticələrinə dair məlumat təqdim edilməmişdir. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcının üzərinə düşdüyündən məhkəmə hesab edir ki, cavabdeh Azəriqaz İB tərəfindən 3672 m3 itirilmiş təbii qaz üçün 440,64 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 440.64 (dörd yüz qırx manat altmış dörd qəpik) manat məbləğində hesablanmış borc İddiaçı hesabından silinsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №e-2(075)-1700/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1700/2025
05.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver