Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-183/2023 25.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi; Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi; Cavabdeh iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh və X8 qarşı qanunsuz qoyulmuş darvazanın cavabdehlərin öz hesablarına sökülməsi və yolun açılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı Şəki rayonu Kiş kəndində yerləşən fərdi yaşayış evinin qonşuluğunda yerləşən Kiş bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində cavabdehlərin qanunsuz olaraq qoyduqları darvazanın onların öz vəsaiti hesabına sökülməsi və yolun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, öz ailəsi ilə birlikdə Şəki rayonu Kiş kəndində yaşayır. Rayonlararası Texniki İnvertarlaşdırma bürosu tərəfindən verilmiş 10269 nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki posportuna əsasən Şəki rayon Kiş kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi mərhum X2 mülkiyyətində olmuşdur. X1 22 aprel 1997-ci il tarixdə kəskin ürək çatışmazlığından dünyasını dəyişmiş və bu barədə ölüm haqqında şəhadətnamədə qeyd aparılmışdır. X4 03 avqust 1975-ci il tarixdə onu övladlığa götürmüş və tək övladı olmaqla hal-hazırda qeyd edilən fərdi yaşayış evinin qanuni vərəsəsi olmaqla mülkiyyətçisidir. İş üzrə cavabdehlər digər küçəyə çıxmaq üçün nəzərdə tutulmuş yolu bağlamış, mülkiyyətlərində olmayan torpaq sahəsində qanunsuz olaraq darvaza qoyaraq zəbt etmişlər. Cavabdehlər həmin torpaq sahəsini rəsmi qaydada almamışdan, həmin torpaq sahəsinə mülkiyyət, istifadə və ya hər hansı bir sərəncam hüququ tanınmamışdan həmin torpaq sahəsində qanunsuz darvaza qoyaraq küçəni (dalanı) qanunsuz zəbt etmişlər. Məhz cavabdehlərin yaratdıqları maneələrə görə evinə təbii qazın verilməsi gecikdirilir. Bundan başqa Kiş kəndi dağlıq ərazidə yerləşdiyindən ilin payız-qış aylarında hazırda yol kimi istifadə etdiyi 60 metr uzunluğunda, 3,6 metr enində torpaq sahəsinin mailli olması və 20 metrinə (1/3 hissəsinə) digər qonşunun evinin damından tökülən yağış suları və qar topaları səbəbindən küçəyə çıxmaq üçün həmin yoldan istifadə etməsi mümkünsüz olur. Ona görə də, alternativ yola ehtiyac yaranmışdır. Cavabdehlərin qanunsuz olaraq qoyduqları mübahisə predmeti olan darvazanın yerləşdiyi torpaq sahəsi kənd bələdiyyəsinin mülkiyyətində olmaqla, ümumi istifadədə olan torpaqlara aiddir. Qanunsuz qoyulmuş darvazanın götürülərək yolun açılması ilə bağlı dəfələrlə aralarında sifahi söhbətlər olsa da, müsbət nəticə əldə edə bilməmişdir. Mübahisə predmeti olan darvazanın qoyulmasına lazımi icazələr alınmamış və cavabdehlər həmin darvazanı ümumi istifadə olan bələdiyyənin mülkiyyətindəki torpaq sahəsində inşa etmişlər, Həmin darvazanın yerləşdiyi torpaq sahəsi cavabdehlərin mülkiyyətində, istifadəsində və ya icarəsində olmamaqla, onun yaşadığı evə gələn yola bitişikdir, yəni həmsərhəddir. Cavabdehlər həmin darvazanı heç bir hüquqi əsasları olmadan, qanunsuz olaraq inşa etməklə, bələdiyyənin mülkiyyətindəki ümumi istifadədə olan torpağı zəbt etmişlər. Əslində isə həmin torpaq sahəsi ümumi İstifadədə olan bələdiyyə torpaqlarına aid olduğundan həmin torpaq sahəsi xüsusi mülkiyyətə verilə də bilməzdi. Qonşuluğundakı yola qanunsuz olaraq qoyulmuş darvaza maneə yaratdığından bələdiyyə mülkiyyətindəki ümumi istifadədə olan torpaq sahəsindən qanunauyğun şəkildə istifadə edə bilmir. Həmin darvazanın qoyulması onun hüquqlarını və qanunla qorunan mənafelərini pozur. Buna görə də hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh X10 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, darvaza qoyulan hissədə özü yola çıxışının olamsını istəyir. İndiki darvazasından yola olan məsafədə qar yağanda maşını həyətinə salmaqda çətinlik çəkir. Maşını yoxdur, lakin gələcək üçün maşın almaq niyətindədir. Bundan başqa ona qaz xəttinin darvaza qoyulan yerdən çəkilməsini istəyir. Mübahisəli darvazanın təxminən 15 metr geriyə çəkilməsini xahiş edir. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, 35 ildir ki, onların həyətlərinin qapısı olmuşdur. 5-6 il qapını bir neçə metr önə çəkmişlər. Hazırda onların yaşadığı evin torpağı digər cavabdeh X7 mülkiyətindədir. Mübahisəli darvazanın onların torpağının sərhədlərində olub-olmamasını bilmir. Əgər darvaza onların mülkiyətində olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşirsə, darvazanı geri çəkə bilər yalnız torpaqlarının sərhəddinə qədər. O və yoldaşı Cəmil qonşu kimi iddiaçıya heç bir maneələr yaratmırlar. Qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Kiş kəndi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi X2 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 03 avqust 1975-ci il tarixli övladığıa götürmə haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı, X3 və X4 tərəfindən övladlığa götürülmüşdür. İş materiallarına əlavə edilmiş 17 fevral 2023-cü il tarixli, A954684 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin surətindən görünür ki, Şəki rayonu, Kiş kəndində yerləşən **********80 reyestr nömrəli, 0.0567 hektar torpaq sahəsi X7 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş 17 fevral 2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki rayonu, Kiş kəndində yerləşən **********80 reyestr nömrəli, 0.0567 hektar torpaq sahəsi X7 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Şəki rayonu Kiş Bələdiyyəsi tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, 195 nömrəli məktubdan görünür ki, Cavabdeh və X7 istifadəsində olan Kiş kəndində yerləşən torpaq sahəsi (darvazanın yerləşdiyi ərazi) X7 yaşadığı evə gedən yoldur və Kiş bələdiyyəsinin mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İB tərəfindən verilmiş 22 fevral 2023-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evinin və mənzilədək küçə qaz xətləri çəkilmişdir. Küçə qaz xətti İddiaçı mənzilinədək keçən ərazidə bir ədəd qapı üzərindən dayaqlar üzərində çəkilmiş, kəmərin bır hissəsi isə Cavabdeh məxsus hasarın üzəri ilə aparılmış və sonuncu, qonşu İddiaçı fərdi yaşayış evinin qazlaşdırılması zamanı çəkiləcək qaz xəttinin həyət hasarından keçməsinə razılığı barədə ərizə təqdim etmişdir. Sorğunun icrası ilə bağlı yerində təkrar baxış keçirilmiş ərazinin foto və video çəkilişi aparılmışdır. İddiaçı yaşadığı fərdi yaşayış evinin və mənzilə qədər küçə qaz xəttinin çəkilməsi zamanı qonşu vətəndaşlar tərəfindən hər hansı maneə və ya narazılıq qeydə alınmamışdır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 10269 nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki posportuna əsasən Şəki rayon Kiş kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi mərhum X2 mülkiyyətində olmuşdur. X4 03 avqust 1975-ci il tarixdə İddiaçı övladlığa götürmüşdür. 17 fevral 2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu, Kiş kəndində yerləşən **********80 reyestr nömrəli, 0.0567 hektar torpaq sahəsi X7 xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı onun evinin arxa hissəsində bələdiyyəyə məxsus olan yola cavabdehlər tərəfindən qanunsuz darvaza qoyulduğunu bildirərək həmin darvazanın götürülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. “Eyrenin İrlandiyaya qarşı” iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarınıı ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə qeyd edir ki, məhkəmənin araşdırmasından belə nəticə hasil olur ki, iddiaçının sökülməsini tələb etdiyi darvaza onun evinə gedən yolda deyil, onun evinin arxasında və ona aidiyyəti olmayan, cavabdehlərin evlərinə gedən yol olmaqla, Kiş bələdiyyəsinin mülkiyyətindədir. İddiaçı isə həmin darvazanın yerləşdiyi yerə münasibətdə ona olan maneçiliklərin nədən ibarət olmasını, gözlənilən mülkiyət hüququ ilə əmlakdan istifadə etməsinə maneələrin olmasını əsaslandıra bilməmişdir. Belə ki, İddiaçı iddia tələbində cavabdehlər tərəfindən qoyulmuş darvaza nəticəsində onun evinə qaz xəttinin çəkilməsinə maneələr yarandığını qeyd etmişdir ki, məhkəmə iddia tələbinə tənqidi yanaşır. Məhkəmənin soruğusu nəticəsində “Azəriqaz” İB tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin məhkəmənin sorğusuna verilmiş cavab məktubu ilə müəyyən olunur ki, İddiaçı yaşadığı fərdi yaşayış evinin və mənzilədək küçə qaz xətləri çəkilmişdir. Küçə qaz xətti İddiaçı mənzilinədək keçən ərazidə kəmərin bir hissəsi küçədə dayaqlar üzərində, bir hissəsi isə Cavabdeh məxsus hasarın üzəri ilə aparılmış və cavabdeh, iddiaçının fərdi yaşayış evinin qazlaşdırılması zamanı çəkiləcək qaz xəttinin həyət hasarından keçməsinə rəsmi qaydada razılıq vermişdir. Məktubda həmçinin qeyd edilmişdir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinin və mənzilə qədər küçə qaz xəttinin çəkilməsi zamanı qonşular tərəfindən hər hansı maneə və ya narazılıq qeydə alınmamışdır. Bundan başqa iddiaçının evinə digər tərəfdən yoldan giriş var və həmin hissədə yola olan darvazası da mövcuddur. Göründüyü kimi nəinki cavabdehlər tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə qaz çəkilməsinə maneələr törədilməmiş, əksinə həmin qaz xəttinin bir hissəsinin cavabdehlərin həyət hasarından keçməsinə onlar tərəfindən qonşu olaraq razılıq verilmişdir. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddiaçıya, onun öz mülkiyyətindən istifadə edilməsinə cavabdehlər tərəfindən hər hansı maneə yaradılması müəyyən olunmur. Həmçinin məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması məqsədi ilə zəruri olan mütəxəssis rəyinin verilməsi üçün ödənilməli olan məbləğin ödənilməsi dəfələrlə iddiaçıdan tələb edilmiş, lakin o, məhkəmə iclaslarında iştirak etməmiş, ödənilməli məbləği ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı ekspertizanın aparılması məqsədi ilə zəruri olan mütəxəssis rəyinin verilməsi üçün ödənilməli olan məbləği ödəmədiyindən qeyd olunan hallar onun əleyhinə şərh olunmalıdır. Belə ki, iş üzrə sübut təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşdüyü halda o, iddianın əsaslılığına dair məhkəməyə sübut təqdim etməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh və X8 qarşı Şəki rayonu Kiş kəndində yerləşən fərdi yaşayış evinin qonşuluğunda yerləşən Kiş bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində cavabdehlərin qanunsuz olaraq qoyduqları darvazanın onların öz vəsaiti hesabına sökülməsi və yolun açılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh və X8 qarşı Şəki rayonu Kiş kəndində yerləşən fərdi yaşayış evinin qonşuluğunda yerləşən Kiş bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində cavabdehlərin qanunsuz olaraq qoyduqları darvazanın onların öz vəsaiti hesabına sökülməsi və yolun açılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-183/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-183/2023
25.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver