Məhkəmə qərarları › İş №e-2(075)-1937/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1937/2023

26.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1937/2023 26.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin Hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində (Abonent kodu: **********02640) xx.xx.2023-cü il tarixdə tərtib edilmiş ******* nömrəli akt əsasında əsassız hesablanmış 1296 (bir min iki yüz doxsan altı) manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən 18 sentyabr 2023-cü il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (artırılması) barədə elektron ərizə ünvanlayaraq onun barəsində (Abonent kodu: **********02640) tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında əsassız hesablanmış 1555,2 (bir min büş yüz əlli beş manat 20 qəpik) manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin artırılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində ******* nömrəli akt tərtib edərək Şəki rayonu Cumakənd kəndində olan fərdi yaşayış evimə quraşdırılmış qaz sayğacı dəyişdirilmişdir. Həmin qaz sayğacı dəyişdirilərkən o və ya ailə üzvüləri iştirak etməyib. Yeni qaz sayğacı quraşdırıldıqdan sonra ona məlum olmuşdur ki, əsassız olaraq 1296 manat borc hesablanıb. Buna görə də müraciət edərək həmin idarədən əsassız hesablanmış borca görə olan bütün sənədləri əldə etmişdir. Sənədlərə baxarkən məlum olmuşdur ki, həmin idarə əməkdaşları akt tərtib etmiş və qaz sayğacının qabağında əziklik olduğu üçün yenisi ilə əvəz edilmişdir. Aktı həmin idarənin əməkdaşları imza atmışdır. Guya həmin akta o, imza atmaqdan imtina etmişdir. Lakin bu belə olmamışdır. Sayğac onlar evdə olmadıqları zaman dəyişdirilmişdir. Onun sayğacın dəyişdirilməsindən sonra məlumatı olmuşdur. Qanunvericiliyin tələblərinə əsasən akt tərtib edilərkən qaz təchizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Məhz buna görə də məcburiyyət qarşısında qalaraq aktın ləğv sayılması və akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh tərəindən barəsində 29 aprel 2023-cü il tarixli, ******* nömrəli akt tərtib olunmuş, həmin akta əsasən ona əsassızz olaraq 1555,2 manat məbləğdə cərimə hesablanmışdır. Bildirmişdir ki, sayğac dəyişilən zaman onlar evdə olmamışlar. Bu barədə xəbərləri olmamışdır. Onun evində istismarda olmuş qaz sayğacı evlərindən kənarda, yəni küçədə yerləşir. Sayğac dəyişilən zaman evdə qayınanası Dilbər olmuşdur. Cavabdeh əməkdaşları aktı qayınanasına imza etdirmişlər. Onlar tərəfindən sayğaca hər hansı müdaxilə olunmamışdır. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi X10 24 oktyabr 2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsi, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin Cavabdeh nümayəndəsi 15 sentyabr 2023-cü il tarixdə məhkəməyə elektron qaydada etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçı X3 Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1296 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirmişdir ki, X2 Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Göstərmişdir ki, iddiaçı X2 adına rəsmiləşdirilmiş **********02640 saylı qaz hesabında xx.xx.2023-cü il tarixə 1560.42 manat borc vardır. Həmin borcun 5.22 manat hissəsi sayğac üzrə, 1555.20 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən X2 istifadəsində olan G4 markalı 10336172 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq istismarda olan G4 markalı 10336172 nömrəli sayğacı, qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə 10016123 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-4533/Q005 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin plasmas qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, sayğac istismara yararsızdır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023- cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 6 m3, sutkalıq iç rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 12960 m3 (və ya 1555.20 manat) Bildirmişdir ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. Nəzərinizə çatdırıram ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Göstərilənlərə əsasən, təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsi, X2 Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış borcun silinməsi tələbi barədə” iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, o, İddiaçı qayınanasıdır. O, iddiaçıgilin uşağına baxmaq üçün onların evinə getmişdir. Həmin vaxtda onun qızı və yeznəsi işdə, məktəbdə olmuşlar. Evdə olduğu müddətdə qapı döyülmüş, o, qapını açdıqda iki nəfər şəxsn olduğunü görmüşdür. Həmin şəxslər Cavabdeh əməkdaşları olmuş, ona evə gələn qazı bağladıqlarını, sayğacı dəyişdiklərini bildirərək akta qol çəkməsini bildirdilər. O, sayğacın dəyişildiyini görməmiş, həmin şəxslərin yanına getdikdə artıq sayğac dəyişilmişdir. Həmin şəxslərə ev sakini olmadığını bildirmiş, lakin ona narahatçılıq olmadığını bildirərək akt qol çəkməsini tələb etmişlər. O da akta qol çəkmişdir. Bundan iki gün sonra yenidən Cavabdeh əməkdaşları qızıgilin evlərinə gəlmiş, sayğacı çıxarıb yenisini quraşdıqlarını bildirmiş, yenidən akta qol çəkməsini tələb etmişlər. O, yenə də sayğacın dəyişildiyini görməmişdir. Sadəcə ona akta imza çəkməsini bildirmişlər. Onun aktda yazılandan heç bir məlumatı olmamışdır. Həmin anda qızı müəllimə olduğu üçün işdə olmuşdur. O, Cavabdeh əməkdaşlarına evin sakinləri gəldikdən sonra imza etmələrini bildirsə də, həmin şəxslər ona vaxtlarının olmadığını bildirərək aktı imzalamasını tələb etmişlər. Buna görə də o, aktı imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, o, İddiaçı atasıdır. Evlərində qaz axıntısı olmuşdur. O, dəfələrlə Cavabdehnə məlumat vermişdi ki, gəlib baxsınlar. Lakin 2 ay Cavabdeh əməkdaşları gəlib baxmadılar. Bundan sonra o, qaynar xəttə zəng edərək məlumat vermişdir. Sonradan gəlib axıntı olan yeri, adi yapışqanlı lentlə sarıdılar. Bundan bir müddət keçəndən sonra onlar məlum olmuşdur ki, Cavabdeh tərəfindən cərimə hesablanmışdır. Onlar tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Əsassız olaraq oğluna cərimə hesablanmışdır. Məhkəmə iddiaçının iddia ərizəsini, cavabdehin etiraz ərizəsini təhlil edərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı və buna görə də iddia təmin edilməlidir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan İddiaçı ilə istehlakçı arasında bağlanmış 31 oktyabr 2022-ci il tarixli müqavilədən məlum olur ki, Cavabdeh ilə İddiaçı arasında müqavilə bağlanaraq İddiaçı məxsus fərdi yaşayış evi qaz sayğacı ilə təmin edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 20 aprel 2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı ünvanında istismarda olmuş “Elester” tipli G-4 markalı 10336172 nömrəli sayğacı işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni “Elester” G-4 markalı 10016123 saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 aprel 2023-cü il tarixli, ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, ARDNŞ Cavabdeh İB-nin MSK 14-2-2/3-5-4533/Q005 saylı aktına əsasən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması müəyyən olunmuş, mövcud sayğacın saatlıq qaz sərfinə uyğun quraşdırılması və istehlakçıdan dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin 29 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yaşadığı Şəki rayonu Cumakənd kəndində yerləşən evində qaz işlədicilərindən G4 markalı 10336172 nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 6m3 günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 12960 m3 müəyyən edilərək onun dəyəri olan 1555,2 manat məbləğdə ziyan (12960 m3 x 0.12 man = 1555,2 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. Göründüyü kimi, 20 aprel 2023-cü il tarixli ******* nömrəli akta əsasən iddiaçıya məxsus Şəki rayonu Cumakənd kəndində yaşadığı evdə quraşdırılmış “Elestr” tipli G-4 markalı 10336172 nömrəli sayğac işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni “Elester” G-4 markalı 10016123 saylı sayğac quraşdırılmışdır. Bundan başqa sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzikcızıq izlərinin olması müəyyən olunan sayğac iddiaçının yaşadığı mənzilin həyətində deyil, həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Bundan başqa, sayğaclar çıxarılan zaman X8 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Cavabdeh İB-nin Zaqatala X9 İdarəsinin rəisinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların; 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, “sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması” özü özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçının və onun ailə üzvlərinin tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən aktlar və qərarlarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Beləliklə, saygac çıxarılan zaman müdaxilə X8 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə Cavabdeh İB-nin Zaqatala X9 İdarəsinin rəisinin aktı “sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzikcızıq izlərinin olması” sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab edir ki, iddia 29 aprel 2023-cü il tarixli, ******* nömrəli akt əsasında G-4 markalı, 10336172 nömrəli sayğac üzrə hesablanmış borcun silinməsi hissəsində əsaslıdır. Odur ki, iddia təmin edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X9 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 29 aprel 2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 1555,2 manat məbləğində hesablanmış cərimə məbləği İddiaçı hesabından silinməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X9 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 29 aprel 2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 1555,2 manat İddiaçı hesabından silinsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar