Məhkəmə qərarları › İş №e-2(075)-1957/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1957/2023

18.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1957/2023 18.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi, İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində "xxxx" ASC-nin əməkdaşlarının tərəfindən tərtib edilmiş 25 iyul 2023-cü il tarixli, 032922 nömrəli akt əsasında hesablanmış 822.89 manat borcun, **********00545 saylı abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Şəki rayonu, Cumakənd kəndində yerləşən fərdi yaşayış evində hazırda ailəsi ilə birlikdə yaşayır. Yaşadığı fərdi yaşayış evinin enerji təchizatı üçün "xxxx" ASC-nin X5 müraciət etdikdən sonra nəzarət ölçü cihazı quraşdırılmış və aylıq istehlak etdiyim enerjinin həcmi həmin sayğac vasitəsilə həyata keçirilir. Hər ay da aidiyyatı sahə nəzarətçisinin təqdim etdiyi hesab bildiriş üzrə tərəfindən ödənişlər edilmişdir. 25 iyul 2023-cü il tarixdə o evdə olmayan vaxt "xxxx" ASC-nin X3 əməkdaşları mənzilinin elektrik enerjisini dayandıraraq getmişlər. Bununla əlaqədar olaraq yerli X2muş və ona guya mənzildə sayğacdan kənar xətlə uçotsuz X1 etdiyi bildirilmişdir. Lakin tərəfin bildirdiyi fikirlər tamamilə yalandır və belə bir hal mövcud olmamışdır. Dəfələrlə həmin müəssisəyə gedərək evinin elektrik enerjisini bərpa etdirilməsini xahiş etsə də buna heç bir məhəl qoyulmamışdır. Sonda ona hazırda məhkəməyə təqdim etdiyi aktın surətini vermişlər. Təqdim edilən və birtərəfli qaydada tərtib edilmiş 25 iyul 2023-cü il tarixli 032922 saylı akt göstərilmişdir ki, abonent giriş xəttini zədələyərək kənar xətdən istifadə edir, lakin heç bir halda həmin aktda onun iştirakı təmin edilməmişdir. "ASAN Xidmət" Mərkəzindən ona təqdim edilmiş abonent hesabından çıxarışdan məlum olmuşdur ki, cavabdeh təşkilat ona akt əsasında xx.xx.2023-cü il tarixdə 6653 kvt həcmində zərər müəyyən edərək hesabına işlənilmişdir. Həmin 6653 kvt enerjinin 600 kvt hissəsi 0.08 m (600 kvt x 0.08 m = 48 manat), 300 kvt hissəsi 0.09 m (300 kvt x 0.09 m = 27 manat), 5753 kvt hissəsi isə 0.13 m-dan (5753 kvt x 0.13 m = 747.89 manat) hesablanaraq ümumilikdə 822.89 manat (48 m + 27 m + 747.89 m = 822.89 manat) cərimə tətbiq edilmişdir. Təqdim edilən hesabdan çıxarışdan göründüyü kimi hər ay ödənişləri olmuşdur. Bununla belə qanunsuz olaraq ona 822.89 manat cərimə hesablandığı və ödəməli olduğu bildirilir. Belə bir vəziyyət o qənaətə gəlməyə əsas verir ki, ictimai yolda olan hər hansıza zədələnmə halı əgər mövcud olubsa onda həmin qanunsuz əməllərə elə həmin təşkilatın nümayəndələri yol vermişdir. Akt tərtib edilərkən onun və şahidlərin iştirakı təmin edilməmiş, sayğacda olan hər hansı nasazlıqdan məlumatı olmamışdır. Cavabdehin nümayəndələri tərəfindən onun yaşadığı ev üçün quraşdırılmış elektrik sayğacına ayda 2 dəfə baxış keçirilir, sərfiyyat barədə bildiriş ona təqdim edilir. Əgər cavabdehin iddia etdiyi kimi hər hansı bir qüsur olsaydı, bunun olmasını dərhal aşkar edərdi. İstifadə etdiyi enerjinin dəyərini göstəricilərə uyğun və tam şəkildə mütamadi olaraq tərəfidən ödənilmişdir. Qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən enerji təhcizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin, həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Göründüyü kimi cavabdehin təşkilatın nümayəndələri qarşılarına qoyulmuş planı doldurmaq üçün onun evdə olmamağından istifadə etmişlər. Bundan başqa həmin aktı məişət abonenti kimi o imzalamamışır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda ayrıca qeyd aparılmalıdır. Lakin, cavabdeh təşkilatın nümayəndəsi həmin aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşlar. İddia tələbinə qarşı yazılı etirazın dəlilləri Cavabdeh "xxxx" ASC 20 sentyabr 2023-cü il tarixdə məhkəməyə elektron etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şəki rayonu, Cumakənd kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********100545 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları V.Cəlilov və X.Abdullayev tərəfindən Şəki rayonu Cumakənd kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına "X1 Qaydaları"na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin elektrik sayğacının giriş xəttini zədələyərək sayğac sxemindən kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar "X1 Qaydaları"nin 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 25.07 2023-cu il tarixli, NDM 032922 saylı akt tərtib olunmuşdur. 25 07.2023-cü il tarixli, NDM032922 saylı akta əsasən "xxxx" ASC-nin akt komissiyası tərəfindən itiriimiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 90 gün üçün 0.08 manatla 600 kvt.s (dəyəri 48.00 manat), 0.09 manatla 300 kvt.s (dəyəri 27.00 manat) və 0.13 manatla 5753 kvt.s (dəyəri 747.89 manat) toplamda 822.89 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda muvafıq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Abonentin "abunə haqqında" məlumatına nəzər saldıqda iddiaçının özünə məxsus olan fərdi yaşayış evində daimi yaşamasına baxmayaraq qüsur aşkar edildikdən sonrakı dövr üzrədə avqust və sentyabr aylarında heç bir sərfiyyatın olmadığı müəyyən edilir. Bu da onu gostərir ki, iddiaçı sayğacdan kənar xəttdən bir başa qoşularaq X1 edir. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus Şəki rayonu Cumakənd kəndində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2023-cü il tarixli NDM032922 saylı akt "EEİQ"-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "25 iyul 2023- cü il tarixli 032922 saylı akt əsasında hesablanmış 822.89 manat borcun hesabından silinməsi" tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmişdir. Lakin İddiaçı 17 oktyabr 2023-cü il tarixdə məhkəməyə elektron ərizə göndərərək üzrlü səbəbdən məhkəmədə iştirak edə bilmədiyini, məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: 25 iyul 2023-cü il tarixli, NDM 032922 nömrəli aktın təsdqi edilmiş surətindən görünür ki, EEİQ-na uyğun quraşdırılmış enerji uçot dəstinə baxış keçirilmiş, abonentin giriş xəttini zədələyərək kənar xəttdən istifadə etdiyi aşkar edilmişdir aşkar edilmişdir. 25 iyul 2023-cü il tarixli, NDM 032922 nömrəli akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itiriimiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 90 gün üçün 0.08 manatla 600 kvt.s (dəyəri 48.00 manat), 0.09 manatla 300 kvt.s (dəyəri 27.00 manat) və 0.13 manatla 5753 kvt.s (dəyəri 747.89 manat) toplamda 822.89 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********00545 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”-nın; 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. “X1 qaydalarının” 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və sair qanunvericilikdə nəzərdə tutlmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.17-2. bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmənin mövqeyi; Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəki EŞ-nin enerji satış bazasında **********00545 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı sayğaca müdaxilə etməsi ilə bağlı cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin dedikləri əsaslı deyildir. Belə ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən 25 iyul 2023-cü il tarixdə iddiaçıya məxsus Şəki rayonu, Cumakənd kəndində yerləşən mənzildə X1 qaydalarına əməl edilməsinə riayət edilib-edilməməsini yoxlamaq üçün baxış keçirilmiş, abonentin giriş xəttini zədələyərək kənar xəttdən istifadə etməsi ilə əlaqədar “X1 qaydalarının” pozulması əsas götürülərək NDM 032922 nömrəli akt tərtib edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları aktda onun tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aşkar edilmiş pozuntunun məhz istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamış, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa 25 iyul 2023-cü il tarixli, NDM 032922 saylı aktın tərtibində nəinki istehlakçının və ya onun ailə üzvlərinin iştirakı təmin edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 25 iyul 2023-cü il tarixli, NDM 032922 nömrəli akt əsasında **********00545 saylı abonent kod hesabında qeydə alınmış 822.89 (səkkiz yüz iyirmi iki manat səksən doqquz qəpik) manat borc İddiaçı hesabından silinməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Odur ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 25 iyul 2023cü il tarixli, NDM 032922 nömrəli akt əsasında **********00545 saylı abonent kod hesabında qeydə alınmış 822.89 (səkkiz yüz iyirmi iki manat səksən doqquz qəpik) manat borc İddiaçı hesabından silinsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar