Məhkəmə qərarları › İş №e-2(075)-1957/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1957/2025

02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1957/2025 02.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddia tələbi, onunla bağlı izahat və etirazlar: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2362 manat pulun, 44,40 manat dövlət rüsumunun və xidmət haqqının alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, Şəki şəhəri, S.Mümtaz küçəsində tikinti materiallarının satışı ilə məşğuldur. Cavabdehi Şəki şəhər sakini kimi uzun müddətdir ki, tanımışdır. 13 noyabr 2023-cü il tarixdə cavabdeh ona məxsus tikinti materiallarının satışı bazasına gələrək tikinti materialları lazım olduğunu, lakin hazırda pulunu verə bilməyəcəyini, təxmini 1 həftəyə pulu gətirib verəcəyini bildirmişdir. O da cavabdehi uzun zamandır tanıdığından ona etibar edərək 1 həftə sonra pulunu ödəmək şərti ilə 2362 manat dəyərində tikinti materialını ona vermişdir. Lakin həmin vaxtdan bü günədək 2 ilə yaxın müddət keçməsinə baxmayaraq, cavabdeh həmin pulu ödəməmişdir. O da məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İştirak etdiyi məhkəmə hazırlıq iclasında cavabdeh ərizə təqdim edərək iddianı etiraf etdiyini, ona vaxt verildiyi təqdirdə borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. Cavabdeh əlavə etdi ki, o, ustadır. O, iddiaçıdan həqiqətən də tikinti materialları almış, başqa adamın evinin təmirində işlətmişdir. Sonuncu da pulunu verməmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakı sənədlərə istinad edir: İş materiallarında olan: - cavabdehin məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən aydın olur ki, onun iddiaçıya 2362 manat borcu vardır. - qəbzin surətindən məlum olur ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 45 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə iclasında müəyyən olunmşdur ki, tərəflər arasında nisyə alqı-satqı barədə hüquq münasibətləri mövcuddur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Belə ki, tərəflər arasında bağlanılmış şifahi razılaşma ilə cavabdeh iddiaçıdan nisyə tikinti materialları almışdır. Cavabdeh isə qeyd olunan razılaşma əsasında tikinti materiallarının dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan nisyə aldığı tikinti materiallarının dəyəri olan 2362 manat pulu qaytarmaq öhdəliyi daşıyır. Bu səbəbdən cavabdehdən 2362 manat pul, o cümlədən iddiaçı tərəfindən ödənilmiş 44,40 manat dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 77, 119, 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2362 (iki min üç yüz altmış iki) manat pul vəsaiti, 44,40 (dırx dörd manat, qırx qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar