Məhkəmə qərarları › İş №e-2(075)-196/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-196/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-196/2024 13.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin Hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.400 manat əsas borc, 6050 manat hesablanmış peniya borcu, ödənilmiş 200 manat mediasiya xərci, cəmi 18.595 manat pulun tutularaq İddiaçı MMC-nə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında mövcud alqı-satqı müqavilələrinə və sonrakı razılaşmalarına əsasən alıcı olaraq cavabdeh alınmış “Mal”a görə ödənişlə bağlı müqavilənin şərtlərinə riayət etmir və bu pozuntu davam etməkdədir. Belə ki, cavabdeh “alıcı” Cavabdeh sahibkarlıq fəaliyyəti üçün, satıcı İddiaçı MMC-dən xx.xx.2022-ci il tarixində bağlanmış 02-S saylı alqı-satqı müqaviləsinə və həmin müqaviləyə eyni tarixli 01 saylı qiymət razılaşmasına əsasən 4125 manat, xx.xx.2022-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsinə və həmin müqaviləyə eyni tarixli 01 saylı qiymət razılaşmasına və təhvil təslim aktına əsasən 6200 manat və xx.xx.2022-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsinə və həmin müqaviləyə eyni tarixli 01 saylı qiymət razılaşmasına və təhvil təslim aktına əsasən 12.400 manat ümumi 22.725 manat məbləğində mal təhvil almışdır. Cavabdeh tərəfindən cəmi 10.325 manat ödənilmiş, yerdə qalan 12.400 manat borcu isə ödəməmişdir. Cavabdeh alıcı olaraq, satıcı İddiaçı MMC arasında alqı-satqı müqaviləsinə əsasən alıcı tərəfindən malın alınması üçün verilən sifarişlər, satıcı tərəfindən tam şəkildə və vaxtında yerinə yetirilmişdir. Sifarişə əsasən malların verilməsi ilə bağlı yerinə yetirilmiş işlər və verilmiş malların keyfiyyət və kəmiyyətinə görə iradlar olunmamışdır. Lakin cavabdeh tərəfindən son müqavilə əsasında almış olduğu malın dəyərinin hər hansı hissəsi ödənilməmişdir. Halbu ki, tərəflər arasında mövcud xx/xx/2022 - 01 saylı alqı-satqı müqavilənin 3.2-ci bəndinə əsasən “Alıcı” malı təhvil aldıqdan sonra dəyərini elektron qaiməyə, hesab fakturaya və ya qaimə fakturaya əsasən 15 gün müddətində nağd qaydada və ya köçürmə yolu ilə tam ödəniş edir. Lakin malın təhvil alandan sonra uzun müddət ötməsinə baxmayaraq, ödənişlə bağlı öhdəliyi təmin etməmişdir. Bununla bağlı cavabdehə bir neçə dəfə xəbərdarlıq edilmiş, prentenziya verilmiş, daha sonra da əlavə olaraq mediasya prosessinə də dəvət edilmiş, lakin məsələ müsbət həllini tapmamışdır. Bu baxımdan da mübahisənin məhkəmə yolu ilə həll etmək məcburiyyəti yaranmışdır. Ona görədə iddiaçı hesab edir ki, müqavilə öhdəliyinə əsasən 12.400 manat əsas borc cavabdehdən tam şəkildə iddiaçının xeyrinə tələb olunmalıdır. İddiaçı MMC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin, İddiaçı MMC-nin nümayədnəsi məhkəməyə göndərdiyi 12 fevral 2024-cü il tarixli ərizəsində məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 yanvar 2022-ci il tarixli, 02-S nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 4125 (dörd min bir yüz iyirmi beş) manat dəyərində gübrə satılmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 6200 (altı min iki yüz) manat dəyərində mayə gübrə satılmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27 aprel 2022-ci il tarixli, AZ-xx/xx/2022 saylı alqısatqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 12400 (on iki min dörd yüz) manat dəyərində mayə gübrə satılmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə 20 iyul 2023-cü il tarixli MŞŞ/MT018/2023-01503 nömrəli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci İddiaçı MMC tərəfindən ödənilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 yanvar 2022-ci il tarixli, 02-S nömrəli alqı-satqı müqaviləsinə əsasən 4125 (dörd min bir yüz iyirmi beş) manat dəyərində, 27 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 6200 (altı min iki yüz) manat dəyərində və 27 aprel 2022-ci il tarixli, AZ-xx/xx/2022 saylı alqı-satqı müqaviləsinə əsasən 12400 (on iki min dörd yüz) manat dəyərində gübrə satılmışdır. İddiaçı MMC alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri icra edərək təhvil-təslim aktına əsasən gübrə Cavabdeh təhvil verilmişdir. Lakin Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək aldığı “Mal”a görə yaranmış 12.400 manat borcunu İddiaçı MMC-nə qaytarmamışdır. Göründüyü kimi cavabdeh müqavilələrin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış və hazırda İddiaçı MMC-yə 19 yanvar 2022-ci il tarixli, 02-S nömrəli, 27 aprel 2022-ci il tarixli və 27 aprel 2022-ci il tarixli, AZ-xx/xx/2022 saylı alqı-satqı müqavilələri üzrə yaranmış borcunu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi, İddiaçı MMC tərəfindən Cavabdeh müqavilələrə əsasən gübrəni verilərək üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh nisyə alqısatqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı MMC qalıq qalmış borc məbləğinin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Bundan başqa cərimənin ödənilməsi tələbinin hüquqi əsаslаrını müəyyən edən Аzərbаycаn Respublikаsı Mülki Məcəllənin 460.1-ci mаddəsində göstərilmişdir ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci mаddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci mаddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci mаddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 467-ci mаddəsinə əsasən məhkəmə işin hаllаrını nəzərə аlаrаq tənаsübsüz surətdə yüksək dəbbə pulunu аzаldа bilər. Tənаsüb müəyyənləşdirilərkən kreditorun həm əmlаk mənаfeləri, həm də bütün əsаslı mənаfeləri nəzərə аlınır. İş mаteriаllаrındаn göründüyü kimi, iddiaçının bоrcluyа hesаblаdığı cərimə yüksəkdir. Ona görə də məhkəmə, cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alaraq hesab edir ki, 6050 manat cərimə borcu azaldılaraq 600 manat məbləğində müəyyən edilməli və bununla da cavabdehin mülkiyyət maraqları qorunmuş və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmış olacaqdır. Bundan başqa İddiaçı MMC-nin iddia ərizəsində ödənilmiş 200 manat mediasiya xərcini tələb etmişdir. Belə ki, “Mediasiya haqqında Azərbaycan Respublikasının qanununun” 3-cü maddəsinə əsasən Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Yuxarıda göstərilən qanunvericilik normasından da göründüyü kimi hazırki iddia tələbi üzrə mediasiya prosesinin tətbiqi nəzərdə tutulmadığından iddia tələbi əsassız olduğundan həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 12400 (on iki min dörd yüz) manat əsas, 600 (altı yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 13000 (on üç min) manat borc İddiaçı MMC-nə ödənilməli, əsaslı olmadığından iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 12.400 (on iki min dörd yüz) manat əsas, 600 (altı yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 13.000 (on üç min) manat borc tutularaq İddiaçı MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddianının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar